Ermənilər patriarx Kirillə müraciət etdi: “Əgər üzr istəməsə Aleksandr Atanın…”

10.02.2021 - 16:29

Dünya əhalisinin 33 faizini (2.5 milyard nəfər) xristianlar təşkil edir. Ortodoks xristianların sayı isə 300 milyon civarındadır. Pravoslavlar da ortodoks xristianları sırasında yer alırlar.

Azərbaycanda 100 min nəfərə yaxın ortodoks xristian yaşayır. Rus Pravaslav Kilsəsinin tabeliyində olan Bakı və Xəzəryanı yeparxiya XX əsrin əvvəlindən fəaliyyətdədir. Bakının mərkəzində yerləşən, gözəl memarlıq üslubu ilə seçilən Jen Mironosets Baş Kafedral kilsəsi Bakı və Xəzəryanı yeparxiyanın baş məbədi sayılır. Hazırkı arxiyerey Aleksandr İşeindir.

Ötən ay Aleksandr Ata dünya ortodoks kilsəsinin mətbuat orqanı olan “Christianity Today” nəşrinin jurnalisti Jayson Casperə müsahibə verib. “Yeni Müsavat” olaraq həmin müsahibəni (Arxiyepiskop Aleksandr: “Pravoslavlar müsəlmanlarla ümumi yaşamağın yolunu tapdı, ancaq erməniləri bunu bacarmadı” (07.01.2021)) oxucularımıza təqdim etmişdik. Ortodoks din xadimi öz müsahibəsində Ermənistan-Azərbaycan münaqişəsinə toxunmuş, ermənilərlə azərbaycanlılar arasında mövcud olan münasibətlərin tarixinə nəzər salmışdı.

Jurnalistin “bir çox erməni yenidən genosidlə üzləşməkdən qorxur” fikrinə etiraz edən Arxiyepiskop Aleksandr demişdi ki, genosid sözünü istifadə edərkən ehtiyatlı olmaq lazımdır: “Biz erməni hərbi birləşmələrinin Azərbaycandakı hərəkətləri ilə bağlı məyusluq doğuran faktlara sahibik. Minlərlə azərbaycanlı ermənilər tərəfindən öldürülüb. İndi biz genosid sözünü kimə ünvanlamalıyıq?”

Aleksandr,- “Azərbaycanda yüksək səviyyəli multikultural yanaşma mövcuddur, dini abidələr dövlət səviyyəsində qorunur. O cümlədən, Bakıdakı erməni kilsələri və kitabxanaları təhlükədən kənarda saxlanılır. Sülh razılaşması əldə olunduqdan sonra ermənilər yenidən bu mərkəzlərdən istifadə edə bilərlər. Bu, həm də mənəvi və dini uzlaşmaya kömək edərdi”,- kimi fikirlər səsləndirmişdi.

Bildirmişdi ki, Bakıda böyümüş ermənilərin azərbaycanlılarla dost kimi ünsiyyət qurduğuna dəfələrə şahid olub: “Bakı erməniləri buradan ayrılmaq məcburiyyətində qaldıqlarına görə, çox böyük təəssüf hissi yaşadılar. Müasir xristian dünyasında təəssüf ki, birlik yoxdur. Bu, müasir xristianlığın böyük bir kədəri və ağrısıdır. Ermənilərlə görüşəndə çox şeyi müzakirə edirik, amma birlikdə dua edə bilmirik”.

Həmin müsahibədə belə bir yer də vardı:

– Siz II Qareginə zəng edə bilərsizmi?

– Mən onu tanıyıram, onunla dəfələrlə müzakirələrimiz olub, ancaq məndə onun telefon nömrəsi yoxdur (gülür).

Maraqlıdır ki, bir aydan çox çəkən sükutu ermənilər indi pozub və Aleksandr Atanın fikirlərinə kəskin etiraz ediblər. Bu məsələ ilə bağlı “asbarez.com” saytında “Azerbaijan’s Russian Archbishop Makes Anti-Armenian Remarks to Please Aliyev” (Azərbaycanın Rusiya yepiskopu Əliyevin xoşuna gəlmək üçün antierməni açıqlamaları verir) başlıqlı məqalə gedib.

Harut Sassounianın qələmə aldığı geniş məqalədə deyilir ki, Aleksandr Ata Allahın nümayəndəsi kimi çıxış etmək əvəzinə, İlham Əliyevin mətbuat katibi kimi danışır. Müəllif Aleksandr Atanın yuxarıda təqdim etdiyimiz bütün fikirlərinə kəskin şəkildə etiraz edir və sübut etməyə çalışır ki, Arxiyepiskop Aleksandr yalan danışır. “Azərbaycanda yüksək səviyyəli multikultural yanaşma mövcuddur, dini abidələr dövlət səviyyəsində qorunur” kimi fikirləri cəfəngiyat adlandıran Harus Sassounian təkidlə vurğulayır ki, Türkiyə və Azərbaycanda erməni düşmənçiliyi formalaşıb. Azərbaycanı tərk edən ermənilərin buna görə çox məyus olduqlarını deyən Arxiyepiskopu az qala lənətləyən müəllif, tam əksini sübut etməyə çalışır.

Ermənilər nədən Aleksandr Atanın bu kimi fikirlərinə belə kəskin şəkildə etiraz edirlər? Çünki xristianlar və yəhudilər Azərbaycanda mövcud olan multikulturalizmdən danışanda və bunu bütün dünya üçün bir nümunə olaraq təqdim edəndə ermənilərin Azərbaycana yönəlik ittihamları öz gücünü itirir və ciddi qarşılanmır. Əlbəttə, Qərb Ermənistan ilə Azərbaycan arasında baş verənləri bütün incəliyinə kimi bilir. Azərbaycanın Gürcüstan və Ukrayna kimi xristian ölkələri ilə strateji müttəfiqlik səviyyəsində olan ikitərəfli münasibətlərindən də yaxşı xəbərdardılar. Onu da bilirlər ki, həqiqətən də Azərbaycanda dini və etnik baxımdan tolerantlıq yüksək səviyyədədir. Bu barədə ABŞ-ın da, Avropanın da media orqanları dəfələrlə yazıb. Ermənilərin tam əksini sübut etmək üçün ortaya qoyduqları arqumentlər artıq gülüş doğurur.

Müəllif Aleksandr Atanı İlham Əliyevi Vətən Müharibəsində qələbə çalması münasibəti ilə təbrikini isə az qala xristian dəyərlərinə xəyanət kimi təqdim edir.

Sayt yazır ki, antierməni açıqlamalarına cavab olaraq Şimali Amerika Erməni Kilsəsinin Qərbi Yeparxiyasının Baş yepiskopu Hovnan Derderian, Rus Pravoslav Kilsəsinin Baş yepiskopuna sərt tənqidlə dolu bir məktub göndərib.

O, həm də təklif edib ki, Erməni Qriqoryan Kilsəsinin rəhbəri II Qaregin Azərbaycandakı Rus Pravoslav Kilsəsi üzərində müstəsna yurisdiksiyaya sahib olan Rus Pravoslav Kilsəsinin patriarxı Kirillə məktub yazsın və Aleksandr Atanın “xəcalət doğuran açıqlamalarından dolayı” öz etirazını bildirsin.

Sayt bildirir ki, o da məlumdur ki, 2017-ci ildə Aleksandr Ata Dinlərarası Dialoqun təşviqi və gücləndirilməsindəki əhəmiyyətli töhfəsinə görə, Moskvadakı Rus Pravoslav Kilsəsi Patriarxlığının fəxri medalı ilə təltif edilib. Patriarx Kirill təbrik mesajında Baş yepiskop Aleksandra deyib ki, fərqli dinlərin və millətlərin nümayəndələrinin yan-yana yaşadığı Azərbaycanda siz öz missiyanızı xüsusi nəzakət və diplomatik bacarıqla yerinə yetirirsiz, biz bunu yüksək qiymətləndiririk.

Amerikalı erməni din xadimi yazır ki, aydındır ki, ermənilər haqqında bu cür yalan açıqlamalar verdikdən sonra Baş yepiskop Aleksandr “dinlərarası” vəzifəsini yerinə yetirərkən uğursuzluğa düçar olub. Patriarx Kirillə demək lazımdır ki, ona verdiyi medalı geri alsın.

Əgər Aleksandr Ata ermənilər haqqında dediyi yalanlara görə üzr istəməsə, onun dini rütbəsi də əlindən alınmalıdır.

Elbəyi Həsənli, Sürix

Azerbaijan’s Russian Archbishop Makes Anti-Armenian Remarks to Please Aliyev |

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=161119

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930