Bu, ABŞ üçün arzuolunan deyil – Vüqar Bayramov

Türkiyənin ABŞ ilə münasibətlərinin gərginləşməsi qardaş ölkənin milli valyutasının məzənnəsinə də təsirsiz ötüşmədi. Lirə həftəyə enişlə başlayıb.
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov qeyd edib.
Millət vəkili bildirib ki, hələlik lirənin kursunda ciddi azalmalar olmasa da, ötən həftəni dollara nisbətən 8,33 məzənnəsi ilə başa vuran Türkiyə milli valyutası bu həftəyə 8,44 tarazlığı ilə başlayıb: “Lirə sonuncu iş günü ilə müqayisədə dollara nisbətən 1 faizdən çox dəyərsizləşib. Göründüyü kimi, Amerika Birləşmiş Ştatları Prezidenti Cozef Baydenin qondarma “erməni soyqırımı” ilə əlaqədar verdiyi bəyanat region iqtisadiyyatına da təsirsiz ötüşmür. Amma təbii ki, belə gərgin münasibətlər yalnız qardaş Türkiyə və ya region ölkələri üçün deyil, eyni zamanda Birləşmiş Ştatların biznes dairəsi üçün də arzuolunan deyil”.
V.Bayramov qeyd edib ki, ABŞ qlobal iqtisadi güc statusunu qoruyub saxlayır. Ancaq Türkiyə ilə 26,8 milyard dollarlıq xarici ticarəti olan Birləşmiş Ştatlarda biznesin müəyyən seqmenti bu gəlirlərdən faydalanır: “14,2 milyard dollarlıq Birləşmiş Ştatlar ixracatı onun ümumi eksportu ilə müqayisədə böyük görsənməsə də, biznes gəlirləri baxımdan heç də kiçik göstərici deyil”.
Short URL: http://www.cumhuriyyet.net/?p=162733