NATO-nun yeni hədəfi Çindir

24.09.2021 - 12:18

ABŞ-ın məşhur “The New Yorker” dərgisində yayımlanan məqalədə Vaşinqtonun növbəti hədəfinin Çin olacağı bildirilib.

Məqaləni şərh edən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirib ki, Amerika İraqı və Əfqanıstanı tərk etdi, Pentaqon bu iki ölkədə fəaliyyətini başa çatdırdı.

“Pentaqon indi yeni hədəf haqqında düşünməlidir. Əlbəttə, İran Vaşinqtonu əvvəlkitək narahat edir, ancaq ABŞ paytaxtında daha çox Çin və bu ölkənin siyasəti haqqında danışırlar. ABŞ-ın Böyük Britaniya və Avstraliya ilə birgə formalaşdırdığı yeni ittifaq da Çinə qarşıdır. Bu ittifaqı yeni NATO da adlandırmaq olar”.

Politoloq deyib ki, bir qrup amerikalı ekspertin fikrincə, Vaşinqton Yaxın Şərqin problemlərindən uzaqlaşmalı və yeni hədəflər haqqında planlar tərtib etməlidir. Çünki Yaxın Şərqlə məşğul olmaq böyük insan və maliyyə resursları tələb edir.

“Misal üçün Amerika Əfqanıstanda trilyonlarla dollar xərclədi və 3 minə yaxın hərbçisini itirdi, nəticə göz qabağındadır…
Taliban yenidən Əfqanıstanın tamamına nəzarəti ələ keçirdi”.

Ekspert xatırladıb ki, Çin hərbi qüdrətini və hədəflərini artırır. Pekin Tayvan adasında iddia edir. Bu amillər Vaşinqtonu ciddi narahat edir.

“Çin Tayvan adasına nəzarəti ələ keçirmək uğrunda əməliyyata başlayarsa, ABŞ seyrçi qalmayacaq. Ona görə də amerikalı ekspertlər növbəti toqquşmanın Tayvan adası uğrunda başlanacağını ehtimal edirlər. Bu müharibədə isə Amerikaya müttəfiqlər lazımdır.

Çin hərbi dəniz qüvvələrinin gücünü artırır, okeanlara yeni hərbi gəmilərini çıxarır. Çinin uzaq mənzilli raketlərinin sayı da getdikcə artır. Bu raketlər Amerikanın bölgədəki hərbi bazalarına çatmaq imkanındadır. Vaşinqtonda hesab edirlər ki, Çin Tayvanı ələ keçirmək üçün bütün imkanlarını səfərbər edib.

Amerikalı ekspertlər Çinlə ABŞ arasında Tayvan adası uğrunda müharibənin yalnız bu iki ölkəni əhatə etməyəcəyini də anlayırlar. Rusiya kənarda qalmayacaq, Kreml Çinə dəstəyini artıracaq və Amerika ilə üz-üzə gələcək. Yaponiya da kənarda qalmayaraq ABŞ-la birgə hərəkət edəcək.

Amerikalı ekspertlərin heç də hamısı optimist deyil. Əfqanıstanda məğlub olan Amerikanın Tayvanda uğur qazanacağına inanmayanlar var. Amerikanın Əfqanıstanı tələsik tərk etməsi və Talibana məğlubiyyətini etiraf etməsi Çinin iştahasını artırıb. Çində düşünürlər ki, Talibanla bacara bilməyən Amerika Tayvan uğrunda mübarizədə də məğlub olacaq. Ancaq Pekinin hesabları özünü doğrultmaya da bilər.

Pentaqon növbəti müharibədə məğlubiyyətə deyil, qələbəyə köklənir. Əks halda ABŞ “superdövlət” statusundan məhrum olacaq. Bunu Ağ Evdə və Pentaqonda anlayırlar. Ona görə də Amerika Tayvan adası uğrunda mübarizəyə indidən hazırlaşır. Amerikada Çini içəridən zəiflətmək haqqında da planlar qurur, insan haqları və texnologiyalar istiqamətində bu ölkəni zəif nöqtələrdən vururlar”.

Short URL: http://www.cumhuriyyet.net/?p=167026

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31