Qarabağ müharibəsinə töhfə verən Bayraktarın DOĞUM GÜNÜDÜR

07.10.2021 - 14:49

Bu gün türk Pilotsuz Uçuş Aparatı (PUA) “Bayraktar TB2”nin yaradıcısı, türkiyəli iş adamı və mühəndisi, “Baykar Makina” şirkətinin texniki direktoru Selçuk Bayraktarın doğum günüdür.

Əslən Türkiyənin Trabzon bölgəsindən olan Selçuk Bayraktar 1979-cu il oktyabrın 7-də İstanbulun Sarıyer mahalında Özemir – Canan cütlüyünün ikinci övladı olaraq anadan olub. Atası Özdemir Bayraktar aerokosmik sənaye, robot idarəetmə sistemləri, pilotsuz uçuş aparatı istehsalı üzrə ixsisaslaşan “Baykar Makina” şirkətinin qurucusu və sahibidir.

S.Bayraktar təhsil həyatına Sarıyer İbtidai məktəbində başlayıb, buranı bitirdikdən sonra Robert Kollecinə daxil olub, 1997-ci ildə Robert Kollecini bitirib. Elə həmin il, İstanbul Texniki Universiteti Elektron və Rabitə Mühəndisliyi Bölməsində ali təhsilə başlayıb. Ali təhsil müddətində Pensilvaniya Universiteti GRASP laboratoriyasına təcrübə keçmək müraciəti müsbət həll edilib. 2002–2004-cü illər arasında Pensilvaniya Universitetində pilotsuz təyyarələr ixtisası üzrə magistr dərəcəsinə yiyələnib.

Daha sonra Massaçusets Texnologiya İnstitutunu pilotsuz hava vasitələrinin aqressiv manevr nəzarəti üzrə təqaüdlə bitirib və ikinci magistr dərəcəsi alıb. Bu dövrdə o, professor Corc Pappas və professor Erik Feronun köməkçisi kimi çalışıb. Dünyada ilk dəfə həyata keçirilmiş PUA forması uçuş təcrübələri, quru və hava koordinasiyalı robot qrupları, uçuşa nəzarət və rəhbər sistemlər haqqında elmi araşdırmalar aparıb.

2007-ci ildə Türkiyəyə dönüb. Ailəsinə məxsus “Baykar Makina” şirkətinin texniki meneceri kimi fəaliyyətə başlayıb. Türkiyə tərəfindən inkişaf etdirilən pilotsuz uçuş aparatları, idarəetmə, avionik sistem arxitekturası, naviqasiya alqoritmləri, kinematik və sistemin dinamikləri, yerləşmiş proqram inkişaf etdirmə və elektron avadanlıq kimi sahələr ilə məşğul olmağa başlayıb.

Səlcuq Bayraktar Türkiyə Silahlı Qüvvələrinin arsenalına daxil olan ilk pilotsuz uçuş aparatı “Bayraktar”ın yaradıcısı olub.
Türkiyənin ilk hücum pilotsuz uçuş aparatı “Bayraktar Akıncı”nın yaradılmasında xüsusi əməyi olub.
S.Bayraktarın öz komandası ilə yaratdığı “Bayraktar TB2” pilotsuz uçuş aparatlarını Türkiyə Ordusu PKK-ya qarşı hərbi əməliyyatlarda, Suriyadakı müharibədə geniş şəkildə istifadə edib.

O, Türkiyə Texnoloji Komandası Vəqfinin yaradıcısı və rəhbəridir. Vəqfin təsisində məqsəd texnologiyaya həvəsli olan müəyyən yaş qruplarındakı insanları vəqfdə araşdırma aparmağa təşviq etməkdir.

S.Bayraktar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın kürəkənidir. O, 2016-cı ildə prezidentin qızı Sümayyə Ərdoğan Bayraktarla ailə həyatı qurub və bir övladı var.

Azərbaycanın 2020-ci il 27 sentyabr-10 noyabr aralığında apardığı Vətən müharibəsindəki qazandığı qələbədə “Bayraktar TB2” pilotsuz uçuş aparatlarının da mühüm rolu olub.

Selçuk Bayraktar 2021-ci ilin aprelin 1-də Bakıya gəlib.

Həmin gün Bayraktar Şəhidlər Xiyabanını ziyarət edib və 1918-ci ildə Bakının bolşeviklərdən azad edilməsi zamanı şəhid olan türk əsgərlərinin abidəsi önünə əklil qoyub.


Azərbaycan Prezidenti İlham Əliyev aprelin 1-də Selçuk Bayraktarı qəbul edərək, onu “Qarabağ” ordeni ilə təltif edib.

Selçuk Bayraktar bu yüksək mükafata Azərbaycanla Türkiyə arasında qardaşlıq əlaqələrinin gücləndirilməsinə, əməkdaşlığın inkişafına, Azərbaycan Respublikasının ərazi bütövlüyünün və suverenliyinin təmin olunması istiqamətindəki haqq işinə verdiyi töhfəyə görə layiq görülüb.

Selçuk Bayraktar “Qarabağ” ordeni ilə təltif edilməsinin onun üçün böyük qürur və şərəf olduğunu deyib.

A.Qorxmaz

Short URL: http://www.cumhuriyyet.net/?p=167411

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31