İdmanın siyasi üzü: Pekin olimpiadasının ƏSAS MESAJLARI

Hazırda Pekində Qış Olimpiya Oyunları keçirilir. Oyunların şüarı “Birgə ortaq gələcək”dir.
Bununla Çin pandemiya, dayanıqlı iqtisadiyyat və dünyadakı yeri ilə bağlı hansı mesajları verir?
2022-ci il Qış Olimpiya Oyunları Pekinin mərkəzində yerləşən, xalq arasında “Quş yuvası” kimi tanınan 80 min tamaşaçı tutumlu Milli Stadionda keçirilir. Fevralın 20-dək 91 ölkədən 3 minə yaxın idmançı 7 əsas idman sahəsi üzrə 15 növ medal uğrunda mübarizə aparacaq.
Pandemiya şəraitində keçirilən ikinci Olimpiada tarixə necə düşəcək?
Oyunlar üçün “dünyanın ümumi gələcəyi”nin vurğulanması Çin administrasiyası və Sədr Si Cinpinin son vaxtlar daha çox diqqətə çatdırdıqları çoxtərəflilik, ölkələr arasında əməkdaşlıq və qlobal problemlərə qlobal həll yolları gətirmək ritorikasına uyğundur. Bununla belə, qlobal problemlərin gücləndiyi, dünyanın pandemiya ilə mübarizə apardığı, iqtisadi problemlərin artdığı bir vaxtda müzakirələrin praktiki cavab tapması və konkret həll yollarına çevrilməsi həyati əhəmiyyət kəsb edir.
Şübhəsiz ki, idman təşkilatları təkbaşına və cəmi iki həftə ərzində dünya problemlərini həll edə bilməz, amma milyardlarla insanın ekranlarda izlədiyi Olimpiya oyunları vasitəsilə qlobal mövzularda nələr edildiyi və edilə biləcəyi barədə güclü mesajlar verə bilərlər. Buna görə də Pekinin dörd əsas mövzuda mesajlar verəcəyi gözlənilir. Bunlar COVID-19 ilə mübarizə, iqtisadi davamlılıq, ətraf mühit və qlobal geosiyasi nizamla bağlı ola bilər.
Müasir dövrdə Olimpiya oyunları 1896-cı ildən bəri öz dövrünün geosiyasi tarazlığından və dinamikasından asılı olaraq dəyişir. Bu dəfəki oyunlar isə ABŞ və Çin arasında güclənən böyük güc rəqabəti fonunda keçirilir. ABŞ administrasiyası Çinin öz azlıqlarına, xüsusən də uyğurlara və bəzi Qərb ölkələrinə (İngiltərə, Avstraliya, Kanada və Niderland, İsveç, Danimarka kimi bəzi Avropa ölkələri) qarşı insan haqlarını pozduğunu əsas gətirərək Pekin 2022 oyunlarına qarşı “diplomatik boykot” elan edib.
Diplomatik boykot əslində simvolik cəhddir və bu deməkdir ki, müvafiq ölkələrin liderləri Pekinə açılış və bağlanış mərasimlərini izləmək üçün gəlməyəcəklər.
Bununla belə, Pekin 2022-yə qarşı diplomatik boykotun yaratdığı imic əslində bugünkü qlobal geosiyasi şəraiti tam olaraq əks etdirir. Çin böyük dövlət kimi yüksəlişini və mövqeyini uğurlu təşkilatla (və idmançılarının qazanacağı medallarla) taclandırmaq istəyir. ABŞ və müttəfiqləri Pekində yoxdur. Qərb düşərgəsi isə meydandadır.
Məsələn, Fransa boykotda iştirak etmədiyini açıq şəkildə bildirib. Məsələ ilə bağlı Avropa İttifaqının da ümumi mövqeyi yoxdur. Pekin 2022-də bir çox ölkələr, xüsusən Rusiya ən yüksək səviyyədə təmsil olunur.
Bu mənada 2022-ci il Pekin Qış Olimpiya Oyunlarını əldən verilmiş fürsət və ya ən azından istifadə olunmayan bir fürsət kimi qiymətləndirmək olar. İdmanın, bəşəriyyətin dəyərlərinin və ümumi gələcəyin bütün siyasi və geosiyasi münaqişələrin fövqündə olması mesajı Pekində dünya liderləri tərəfindən verilə bilərdi.
“Birgə ortaq gələcək” yaşadığımız dövr üçün məna kəsb edən mühüm şüardır. 2022-ci il Pekin Qış Olimpiya Oyunlarının gələcəyə qoyacağı miras, nəticələrdən və medalların paylanmasından asılı olmayaraq, ortaq bir dəyər vasitəsilə ortaq gələcəyimiz haqqında tarixə nələr deyəcəyi ilə üzə çıxacaq.
Short URL: http://www.cumhuriyyet.net/?p=170238