Putin “Batka”nın da “ipini” kəsdi: Kreml Belarusu Rusiyanın düşdüyü “bataqlığa” çəkdi

01.03.2022 - 20:00

Prezident Aleksandr Lukaşenko Putinə olan köhnə borcunu qaytarmağa, Kremlin bütün təlimatlarını qeyd-şərtsiz yerinə yetirməyə məcburdur; Belarusun sanksiyalar ucbatından çıxılmaz duruma düşəcəyi təqdirdə, “Batka”nın növbəti dəfə Rusiyaya arxa çevirə biləcəyi də qətiyyən istisna deyil…
Belarus Rusiyanın ən yaxın strateji müttəfiqidir. Rəsmi Minsk hətta Rusiya-Belarus İttifaqı adı altında yaradılmış hələlik formal xarakter daşıyan dövlət quruluşunun da əsas ideya müəllifi sayılır. Və bu baxımdan, Belarusun Ukrayna savaşına münasibətdə Rusiyanı dəstəkləməsi əslində, qətiyyən təəccüblü deyil.

Ancaq rəsmi Minskin Rusiyaya dəstəyinin siyasi bəyanatlar çərçivəsini aşması ilk növbədə Belarusun maraqları üçün ciddi təhlükələr vəd edir. Hər halda, rəsmi Minsk son davranışları ilə Belarusu Qərbin sanksiyaları üçün açıq hədəfə çevirməyə başlayıb. Belə düşünmək olar ki, prezident Aleksandr Lukaşenko artıq Kremlin təzyiqləri qarşısında duruş gətirməkdə çətinlik çəkir.

Məsələ ondadır ki, Ukrayna savaşına münasibətdə “Batka” iki taleyüklü səhvə yol vermişdi. Ukrayna ilə həmsərhəd olan Belarus ərazilərində Rusiya qoşunlarının cəmləşdirilməsinə icazə verilməsi birinci səhv idi. Daha sonra isə Rusiya qoşunlarının Belarus ərazisindən Ukraynaya girərək, paytaxt Kiyevə hücum etməsinə “göz yumulması”nı da ikinci ciddi səhv kimi “Batka”nın ayağına yazmaq olar. Halbuki, Kremlin bununla bağlı “Batka”dan icazə aldığı da qətiyyən inandırıcı görünmür.

Nəhayət, “Batka” Belarusun gələcək taleyi baxımından, növbəti qəbuledilməz səhvi də artıq buraxıb. Belə ki, Belarus qoşunlarının Ukraynanın Çerniqovşina əyalətinə daxil olduğu bildirilir. Bu barədə Ukrayna Xüsusi Rabitə və İnformasiya Mühafizəsi Dövlət Xidməti rəsmi məlumat yayıb. Rəsmi Kiyev “Belarus Ukraynaya qarşı işğalçı müharibəyə qoşulub” açıqlaması ilə diqqətləri rəsmi Minskin üzərinə çəkib. Və əgər, bu, doğrudursa, deməli, yaxın vaxtlarda Belarusun da sərt sanksiyalara məruz qala biləcəyi qətiyyən istisna deyil.

Böyük ehtimalla “Batka” prezident Vladimir Putinin Rusiya nüvə qüvvələrini ən yüksək döyüş hazırlığı vəziyyətinə gətirməsindən sonra bir qədər cəsarətlənib. Hər halda, “Batka”nın vaxtilə Rusiyanı ABŞ və Qərbə qarşı nüvə zərbəsi endirməyə çağırması hələ unudulmayıb. Və bu baxımdan, prezident A.Lukaşenkonun Rusiyanın nüvə silahına həddindən artıq böyük önəm verdiyi, güvəndiyi qətiyyən şübhə doğurmir.

Beləliklə, Ukrayna savaşının postsovet məkanında bir çox önəmli geopolitik dəyişikliklərə yol açdığı artıq inkaredilməz reallıqdır. Bir tərəfdən, onsuz da münasibətləri yaxşı olmayan Rusiya ilə Ukrayna bir-birinə düşmən dövlətlərə çevrildilər. Digər tərəfdənsə, Kreml buna əlavə olaraq, Belarus-Ukrayna münasibətlərini də düşmənçilik mərhələsinə keçirtməyə nail ola bildi.

Ancaq prezident Aleksandr Lukaşenko Ukrayna-Rusiya hərbi qarşıdurmasında nə qədər ciddi səhvlərə yol versə də, bunların həm də məcburi xarakter daşıdığını da qeyd etmək lazımdır. Halbuki, “Batka”nın son addımlarının Kremlin təzyiqləri qarşısında duruş gətirə bilmədiyi üçün atıldığını Qərb siyasi dairələrində qətiyyən nəzərə almaq niyyətində deyillər. Ona görə də, hazırda ABŞ və Qərb Belarusu Rusiyadan ayırmır. Belarusa qarşı da müəyyən sanksiyaların tətbiqinə artıq başlanıb.

Əslində, “Bakta”nın Belarus qoşunlarını Ukrayna ərazisinə yeritməsi böyük səhv olsa da, o qədər də gözlənilməz deyil. Çünki Belarus prezidenti ölkəsinin Ukrayna savaşına qatılmayacağını bəyan etsə də, bu, qətiyyən rəsmi Minskdən asılı məsələ deyil. Çünki, Belarus prezidenti A.Lukaşenko tamamilə Kreml sahibi Vladimir Putinin təsiri altında olan və onun tərəfindən idarə edilən dövlət başçısıdır.

Nəzərə almaq lazımdır ki, prezident A.Lukaşenko Rusiya lideri V.Putindən birmənalı şəkildə asılı vəziyyətdədir. Əsas səbəb isə ondan ibarətdir ki, A.Lukaşenko öz hakimiyyətinə görə prezident V.Putinə borcludur. Ona görə də, A.Lukaşenko V.Putinə olan borcunu ödəməyə – yəni, Kreml sahibinin tələbi ilə Belarus qoşunlarını Ukraynaya göndərməyə məcburdur.

“Batka”nın Kreml sahibi V.Putin qarşısındakı borcu isə Belarusda keçirilmiş sonuncu prezident seçkiləri ərəfəsində yaranıb. Həmin dövrdə prezident A.Lukaşenko əslində, Rusiyadan üz çevirmişdi. Üstəlik, Ukraynanın birbaşa vasitəçiliyi ilə ABŞ və Qərb siyasi dairələriylə gizli şəkildə anlaşmağa da imkan tapmışdı.

Ancaq Rusiya kəşfiyyatı bu barədə məlumatları əldə edib, Kremlə ötürdü. Nəticədə Kreml Belarusda daxili vəziyyəti gərginləşdirib, prezident A.Lukaşenkonu hakimiyyətdən uzaqlaşdırmaq qərarı verdi. ABŞ və Qərb həmin dövrdə Rusiyaya müqavimət göstərmək üçün “Batka”ya birbaşa dəstək vermədi. Ona görə də, prezident A.Lukaşenko Kremlin “çevriliş planı” qarşısında müdafiəsiz qaldı.

Nəticədə “Batka” hakimiyyətini qorumaq üçün yenidən Kremlə minnətçi düşmək məcburiyyətində qaldı. Prezident V.Putini Belarusun Rusiyanın yanında sadiq müttəfiq olacağına yenidən inandırmağa da nail oldu. Yalnız bundan sonra Kreml prezident A.Lukaşenkonun hakimiyyətdə qalmasını təmin etdi.

Təbii ki, indi “Batka” borcunu qaytarmağa, Kremlin bütün təlimatlarını qeyd-şərtsiz yerinə yetirməyə məcburdur. Ona görə də, Kremlin ilk tələbiylə Belarus Ukraynaya qoşun yeritdi, savaşda Rusiya ilə ortaq olduğunu rəsmən təsdiqlədi. İndi Rusiyanın məruz qaldığı beynəlxalq sanksiyaların tədricən Belarusa qarşı da yönəldiləcəyi qətiyyən şübhə doğurmur.

Böyük ehtimalla Belarus da tezliklə, dünyadan təcrid olunma prosesini tam gücü ilə öz üzərində hiss etməyə başlayacaq. Ancaq Belarusun beynəlxalq sanksiyalar qarşısında hətta ən qısa müddət üçün belə, davam gətirmək şansları böyük şübhələr doğurur. Bu baxımdan, Belarusun çətin duruma düşəcəyi təqdirdə, “Batka”nın növbəti dəfə Rusiyaya arxa çevirə biləcəyi də qətiyyən istisna deyil.

Təbii ki, təcrübəli dövlət başçısı olan Rusiya prezidenti V.Putin “Batka”nın bu vərdişini bilməmiş deyil. Ona görə də, Kreml sahibi Belarusu Ukrayna savaşına birbaşa bulaşdırmaqla, “Batka”nı “quyunun dibi”nə çəkməyə çalışır. Elə vəziyyət yaratmağı hədəfləyir ki, Belarusun “savaş bataqlığı”ndan çıxması mümkün olmasın. Bu baxımdan, prezident V.Putinin Belarusu Ukrayna ilə savaşa bulaşdırmaqla, “quyu”ya salladığı “Batka”nın “ip”ini artıq kəsdiyini düşünmək olar.

Məsələ ondadır ki, hazırda “Batka”nın geri çəkiləcək yolu demək olar, qalmayıb. Bundan sonra Belarusun sanksiyalarla üzləşəcəyi qətiyyən istisna deyil. Çünki sanksiyalardan xilas olmaq üçün “Batka”nın dərhal Rusiyaya qarşı çıxması, Kremlin təsir dairəsindən uzaqlaşması lazım gələcək. Halbuki bu, o qədər də mümkün və inandırıcı görünmür.

Əgər, “Batka” ABŞ və Qərbin belə bir tələbi ilə razılaşarsa, onda, Rusiya qoşunlarını da Belarus ərazisindən çıxartmalı olacaq. Kremlin Belarus ərazisindən Ukraynaya qarşı hərbi addımlarının bloklanması ilə başlaya biləcək belə prosesin isə Rusiyanın qəzəbinə yol açacağı şübhə doğurmur. Ona görə də, Belarusun kifayət qədər qəliz situasiyaya düşmək üzrə olduğu açıq-aşkar nəzərə çarpır. Və bu, rəsmi Minski Rusiya ilə sanksiyalar qarşısında da ortağa çevirə bilər.

Mənbə: Yeni Müsavat (Elçin Xalidbəyli)

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=171345

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031