Rusiya “Ukrayna bataqlığı”na duruş gətirmir: Putin “xilas dəhlizi” axtarmağa başlayıb

04.03.2022 - 19:47

ABŞ və Qərbin sanksiyaları Rusiya iqtisadiyyatında xaos öncəsi durum yaradıb, ölkədə kasıb və orta təbəqənin birləşməsi, oliqarxiyanın isə onlara dəstək verməsi kütləvi iğtişaşlara yol aça bilər; Kreml həm Ukrayna savaşının dayandırılması, həm də ABŞ və Qərbin sanksiyalarının yumşaldılması istiqamətində Rusiyanın rəqibləri ilə diplomatik anlaşma imkanları axtardığını sezdirir…
Ukrayna savaşı dünyada hər şeyi alt-üst edib. Dünya iqtisadiyyatı dərin deqradasiya prosesinə doğru gedir. Halbuki, Rusiyaya qarşı beynəlxalq sanksiyalar daha çox Kremlin savaş planlarını pozmaq, prezident Vladimir Putini və onun yaxın ətrafını geri çəkilməyə məcbur etmək məqsdilə tətbiq olunmuşdu.

Təbii ki, Rusiyaya qarşı tətbiq olunan sanksiyalar öz təsirini göstərir. Rusiyanın maliyyə-iqtisadiyyatı sistemi ciddi şəkildə pozulmağa başlayıb. Ancaq bu sanksiyaların yalnız Rusiyaya təsir göstərdiyini düşünmək də, sadəlövhlük olardı. Və böyük ehtimalla beynəlxalq sanksiyalar hər iki tərəfi – həm Rusiyanı, həm də Qərbi əldən salmaqda davam edəcək.

Böyük ehtimalla belə vəziyyətdə daha uzun müddət duruş gətirmək üçün yetərli maliyyə-iqtisadi resurslara sahib olan tərəf bu qarşıdurmadan qalib çıxa bilər. Şübhəsiz ki, indiki situasiyada ABŞ və Qərb daha şanslı görünür. Çünki Rusiyada artıq sanksiyalar ölkə iqtisadiyyatında xaos öncəsi durum yaradıb. Və Kremlin bütün bunların qarşısında hələ nə qədər müqavimək göstərə biləcəyi də maraq doğurur.

 

Onu da qeyd etmək lazımdır ki, Kremldə son günlər daha çox narahatlıq keçirtməyə başladıqları müşahidə olunur. Rusiyanın siyasi dairələri Ukrayna savaşı ilə bağlı mümkün qədər yumşaq açıqlamalar verməyə çalışırlar. Hətta belə anlaşılır ki, Rusiya Ukrayna savaşının dayandırılması ilə bağlı hansısa ortaq nöqtənin tapılmasında əsas maraqlı tərəfə çevrilmək üzrədir.

Hər halda, Kremldə artıq anlayırlar ki, həm savaşın, həm də sanksiyaların müddəti uzanarsa, gərginlik Rusiyanın daxilinə ötürülməyə başlayacaq. Xüsusilə də, Kreml üçün Rusiyada iki önəmli sosial təbəqənin etiraz dalğasında birləşməsi olduqca təhlükəli nəticələr verə bilər. Və Rusiyanın hakim dairələrinin bu təhlükəyə hazırlaşmaq məcburiyyətində qaldığı da açıq-aşkar müşahidə edilir.

Məsələ ondadır ki, savaş uzandıqca və sanksiyalar təsirini artırdıqca, Rusiyada geniş xalq kütlələri, əsasən də, kasıb təbəqə savaşa etiraz şüarlarına daha həssas yanaşır. Son günlər Rusiyanın müxtəlif şəhərlərində Kremldən savaşı dayandıqmaq tələbləri ilə kütləvi etiraz aksiyalarının keçirilməsi də belə düşünməyə tamamilə əsas verir.

Düzdür, Rusiyanın hakim dairələri hələlik bu etiraz dalğasını nəzarətdə saxlamağı bacarırlar. Ancaq sanksiyalar davam edərsə, bundan sonrakı mərhələdə orta təbələr də etiraz dalğasına qatıla bilər. Bu haldasa, sanksiyalardan ciddi şəkildə ziyan çəkən zəngin təbəqənin – oliqarxiyanın da etiraz aksiyalarına dəstək vermə ehtimalının artacağı gözlənilir. Və belə olarsa, Kremlin Rusiyanı daxili xaosa sürükləyəcək etiraz dalğasının kütləvi iğtişaşlara çevrilməsinin qarşısını almaqda çətinlik çəkəcəyi də qətiyyən şübhə doğurmur.

 

Rusiya siyasi dairələrindən gələn bəzi açıqlamalar proseslərin məhz Kremli məmnun etməyəcək istiqamətdə cərəyan edə biləcəyini göstərir. Belə ki, Rusiyanın xarici işlər naziri bildirib ki, Ukrayna savaşı hələ uzun müddət davam edəcək. Onun fikrincə, savaşın uzanmasında maraqlı olan xarici qüvvələr var. Və bu, yaxın gələcəkdə bütün dünya üçün olduqca fəlakətli nəticələr də verə bilər.

Məsələ ondadır ki, Ukrayna hələlik ABŞ və Qərbin intensiv dəstəyi ilə Rusiya ilə savaşda duruş gətirməyi bacarır. Hətta rəsmi Kiyev bəyan edib ki, Ukrayna artıq Qərb ölkələrinin göndərdiyi silah-sursatı vaxtında ala bilir. Və tezliklə Qərb ölkələrinin göndərdiyi müasir silahlarla yanaşı, Ukraynaya Avropa ölkələrindən könüllü keçmiş hərbçilər də gələcək.

Ancaq rəsmi Kiyev intensiv dəstəyə baxmayaraq, ABŞ və Qərbdən yenə də tam şəkildə məmnun deyil. Prezident Volodimir Zelenski ABŞ və Qərbdən Ukrayna səmasının uçuşa qapadılmış məkan edilməsi istiqamətində konkret addımlar atmağı tələb edib. Onun fikrincə, Rusiya döyüş təyyarələrinin hərəkəti bloklanarsa, Ukrayna bu savaşda sona qədər duruş gətirə bilər.

Maraqlıdır ki, bu məsələ ətrafında Qərb dövlətləri arasında kəskin ziddiyyətlər mövcuddur. Bəzi Qərb ölkələri, o cümlədən də ABŞ əmindir ki, Ukrayna hava məkanının uçuşa qapadılmış bölgə elan etmək indiki şərtlər daxilində mümkün deyil. Çünki bunu təmin etmək istiqamətində atılacaq istənilən addım NATO ilə Rusiya ordusu arasında hərbi münaqişə və ardınca da üçüncü dünya savaşı təhlükəsi vəd edir.

 

ABŞ və Qərb isə Rusiya ilə müharibə etmək niyyətindən uzaq olduğunu açıq şəkildə bəyanlamaqdadır. Yəni, Qərb siyasi dairələri Ukraynaya dəstək prosesində Rusiya ilə savaş təhlükəsini də hesablamağa üstünlük verir. Belə bir təhlükəyə yol aça biləcək addımlardan mümkün qədər yayınmağa çalışır.

Digər tərəfdən, Qərb ölkələri arasında Ukrayna hava məkanının qapadılmasının tərəfdarları da olmamış deyil. Son məlumatlara görə, həmin ölkələr bu məsələnin NATO-nun toplantısında müzakirəyə çıxarılmasına da nail olublar. Bu baxımdan, NATO toplantısından hansı qərarın çıxacağı həm Ukrayna savaşının, həm də ümumiyyətlə, dünyanın gələcək taleyinə ciddi şəkildə təsir göstərə bilərdi. Və son məlumatlara görə, NATO Ukraynanın hava məkanının qapadılması ilə bağlı tələbini geri çevirib.

Onu da qeyd edək ki, Kremlin bu mövzuya xüsusi həssaslıqla yanaşdığı qətiyyən şübhə doğurmur. Hətta Rusiya qoşunlarının məhz Ukraynadakı AES ərtafında hərbi gərginliyi artırması da bu məsələ ilə bağlı Kremlin ABŞ və Qərbə yönəlik təhdid mesajı sayılır. Çünki həmin AES-də olan olan altı reaktordan cəmisi birisinin zədələnməsi Avropa qitəsi üçün nüvə zərbəsi effekti verə bilər. Bu baxımdan, Kreml Rusiya üçün çıxılmaz vəziyyətdə nüvə faktorunun ön plana keçirilməsindən qətiyyən çəkinməyəcəyini sezdirməyə çalışır.

Nəhayət, daha bir önəmli məqam ondan ibarətdir ki, Kremldə Ukrayna savaşının Rusiya üçün uğurlu nəticə verməyəcəyi qənaətinə də gəlməyə başlayıblar. Ona görə də, Kremlin Rusiyanı bu savaşdan ən minimal itkilərlə çıxartmağı yollarını axtardığı da nəzərə çarpır. Belə ki, Kreml sanksiyaların ləğv ediləcəyi təqdirdə, savaşın dayandırılması mövzusunda anlaşmağa hazır olduğuna da eyham vurur.

Digər tərəfdən, Kreml həm Ukrayna, həm də ABŞ və Qərblə anlaşma mühitini sadələşdirməyə də can atır. Hər halda, Rusiyanın Ukrayna ilə danışıqlarda öz tələb siyahısını ciddi şəkildə ixtisar etməsi də bunu təsdiqləyir. Yəni, Kreml mövcud situasiyanın daha böyük fəlakətlərə yol aça biləcəyini anladığından indiki şərtlərlə hesablaşmaq məcburiyyətində qalıb.

Maraqlıdır ki, prezident Vladimir Putin son günlər daha yumşaq, hətta “sülhpərvər məzmunlu” açıqlamalara üstünlük verir. O, bildirib ki, Rusiya heç bir qonşusuna qarşı aqressiv niyyətlər güdmür. Eyni zamanda, Kreml sahibi Rusiyanın qonşularını da adekvat davranmağa çağırıb: “Mən də onlara vəziyyəti daha da gərginləşdirməməyi, heç bir məhdudiyyət qoymamağı məsləhət görürəm. Biz bütün öhdəliklərimizi yerinə yetiririk. Bundan sonra da yerinə yetirəcəyik. Vəziyyəti gərginləşdirməyə, münasibətlərimizi korlamağa ehtiyac görmürük”.

Bütün bunlar onu göstərir ki, Rusiya savaşdan və sanksiyalardan xilas yolları axtarmağa başlayıb. Prezident V.Putinin son açıqlamalarının məzmunu Kremlin Rusiya üçün “xilas dəhlizi” açmağa ehtiyac duyduğunu göstərir. Və Rusiyaya belə bir “xilas dəhlizi” verilib-verilməyəcəyi isə hələlik məlum deyil.

Mənbə: Yeni Müsavat (Elçin Xalidbəyli)

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=171483

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031