Bəşər Əsəd ərəb qardaşları ilə barışır – İsrail işin içində ola bilər

20.03.2022 - 03:26

Dünyanın başı Ukraynaya qarışdığı bir vaxtda Yaxın Şərqdə diqqət çəkən hadisə baş verib. 11 ildən sonra Suriya prezidenti Bəşər Əsəd bir ərəb ölkəsinə – Birləşmiş Ərəb Əmirliklərinə gedib.

Əsəd ötən 11 ildə yalnız İran və Rusiyaya səfər edib. Bu mənada onun bu səfəri ərəb ölkələrinə ilk səfər kimi diqqətə layiqdir. Amma səfərin məhz BƏƏ-yə olması da çox maraqlı məqamlardan xəbər verir. Bu barədə bir qədər sonra.

Yeri gəlmişkən, bu həftə, daha doğrusu martın 15-də Suriyada vətəndaş müharibəsinin, ya da başqa sözlə, “ərəb baharı”nın başlamasının 11 ili tamam oldu. 2011-ci il martın 15-də Suriyanın cənubunda İordaniya sərhədlərinə yaxın Dəra şəhərində ehtimala görə, məktəbli uşaqların divara “sənə də növbə çatacaq, doktor”, (Bəşər Əsəd göz həkimidir, Londonda təhsil alıb – K.R.) yazısı əvvəlcə şəhər çaplı kiçik iğtişaşlara, daha sonra isə ölkə boyunca etirazlara və silahlı üsyana çevrilib.

Rəsmi məlumatlara əsasən, 11 il ərzində 360 min nəfərdən çox suriyalı dinc sakin ölüb. Bir o qədər də hərbçi və ya əcnəbi döyüşçü Suriyada can qoyub. 11 milyona yaxın, yəni təxminən əhalinin 45 faizi qaçqın və məcburi köçkün düşüb. Onlardan yarısı ölkəni tərk edib Türkiyə, Livan, İordaniya, İraq və Almaniya kimi ölkələrə sığınıb. Ancaq Bəşər Əsəd çox güclü silahlı müxalifətə rəğmən hakimiyyətini qoruyub saxladı. Əlbəttə, bu işdə İran və Rusiyanın həlledici dəstəyi oldu.

BMT Əsəd iqtidarını tanısa da, İslam Əməkdaşlıq Təşkilatı, Ərəb Dövlətləri Liqası Suriya hökumətinin üzvlüyünü dayandırdı. Lakin Əsədə qarşı vahid birləşmiş müxalifətin formalaşmaması, müxalif qüvvələrin bir qisminin sonradan radikal islamçı qrupların içərində əriməsi, İŞİD, Əl-Qaidə kimi qrupların hökumətə qarşı cəbhədə əsas üstünlüyü ələ alması Bəşər Əsədin mövqelərini gücləndirdi. 2014-cü ildə İŞİD meydana çıxıb Yaxın Şərqdə ciddi təhlükəyə çevrildikdən sonra Qərb dövlətləri diqqəti Əsəd hakimiyyətindən daha çox İŞİD-ə yönəltdi, anti-İŞİD koalisiyası yaradıldı və belə demək olarsa, Suriyada hakimiyyət dəyişikliyi arxa plana keçdi. 2015-ci ilin sentyabrında Rusiyanın Suriyada hərbi əməliyyatlara qoşulması vəziyyəti bir qədər də dəyişdi.

İndi isə artıq bir çox ərəb dövləti Suriya ilə əlaqələri bərpa etməyə başlayıb. İordaniya, Misir, eləcə də digər bir neçə ölkə ilə əlaqələr yumşalıb. İordaniya kralı ötən ilin payızında, 10 ildən sonra Əsədlə telefonla danışaraq əlaqələrin bərpasını müzakirə edib. Buna paralel olaraq Suriya-İordaniya sərhəd-keçid məntəqəsi açılıb, Əmman-Dəməşq aviareysləri bərpa olunub.

Yeri gəlmişkən, ötən il noyabrın 9-da BƏƏ Xarici işlər naziri Abdullah bin Zayed Dəməşqə rəsmi səfər etdi. Bu, “baharın” başlamasından keçən 10 ildə BƏƏ-dən ilk rəsmi səfər idi.

İlk səfər uğurlu oldu, BƏƏ Dəməşq ətrafında 300 meqavat gücündə elektrik stansiyası qurulması üçün maliyyə ayıracağını bəyan etdi. Əlbəttə, digər maliyyə layihələri də müzakirə olunub. İndi isə Bəşər Əsəd özü BƏƏ-yə səfər edərək ölkənin rəhbərləri ilə görüşüb. Əsədlə görüşənlər arasında BƏƏ vəliəhd-şahzadəsi Məhəmməd bin Zayed ən-Nahyan, Dubay əmiri və BƏƏ baş naziri Şeyx Məhəmməd Rəşid əl-Məktum, “Manchester City” klubunun sahibi, BƏƏ hakim ailəsinin üzvü Şeyx Mansur bin Zayed ən-Nahyan kimi nüfuzlu şəxslər də var.

Məhəmməd Zayed ən-Nahyan Əsədlə görüşdə “Suriyanın ərəblərin təhlükəsizliyi üçün açar rol oynadığını” və buna görə də BƏƏ-nin Suriya ilə əlaqələri yaxşılaşdırmaqda maraqlı olduğunu deyib.

Maraqlıdır ki, BƏƏ-nin yaxın müttəfiqi ABŞ bu səfəri qınayıb. Rəsmi Vaşinqton Suriya münaqişəsinin siyasi həlli baş vermədən bu cür səfərlərin olmasına qarşıdır. Ancaq belə görünür ki, BƏƏ Vaşinqtonun bu məsələdəki narahatlığını diqqətə almır. Yeri gəlmişkən, ötən il media İordaniya kralının Suriya ilə münasibətləri yaxşılaşdırmaq üçün ABŞ-la danışıb razılaşdığını yazırdı. Əlbəttə, bu variant BƏƏ üçün də mümkündür. Yəni Əbu Dabi Əsədin səfərini Vaşinqtonla razılaşdıra bilərdi. Amma əlbəttə, bunun üçün daha ciddi və əsaslandırılmış arqumentlər olmalıdır.

BƏƏ vəliəhdinin “Suriyanın ərəblərin təhlükəsizliyi üçün açar ölkə” olması ilə bağlı dediyi sözün arxasında bir sadə reallıq dayanır. Məsələ ondadır ki, Bəşər Əsədlə barışan ölkələr “ixvan”la münasibətləri soyuq olan ərəb ölkələridir. Məsələn, Misir 2013-cü ildə hərbi çevrilişdən az sonra Suriya ilə münasibətləri qaydaya salmağa çalışdı. Daha sonra yenə “ixvan” riski altında olan Mərakeş, Tunis, indi isə İordaniya və BƏƏ Əsədlə barışmağa çalışır. Bu ölkələrin ortaq cəhəti daxildə güclü “ixvan” müxalifətinin olması və Liviyadan sonra Suriyada “ixvan”ın iqtidar olması riskindən qorxmaları idi.

Ərəb dünyasının lider ölkəsi Səudiyyə Ərəbistanı hələlik Suriya ilə barışıq məsələsində təmkinli görünsə də, ötən il mayda krallığın kəşfiyyat xidmətinin rəisi Həmid Humeydanın Dəməşqə səfər edərək Bəşər Əsəd və vitse-prezident, kəşfiyyatın kuratoru Əli Məmlüklə görüşməsi Krallığın Suriyaya baxışının dəyişməsi kimi yozuldu.

Keçən il sentyabrda BMT Baş Assambleyasında iştirak etmək məqsədilə Nyu-Yorka gedən Suriya XİN rəhbəri Faysal Miqdada ərəb diplomatların münasibəti və eləcə də noyabrın 9-da Qahirədə keçirilən ərəb ölkələri kəşfiyyat rəisləri toplantısında Suriya kəşfiyyat rəisi Hüsam Lukoya olan yanaşması əvvəlki illərlə müqayisədə xeyli isti oldu.

Əsədlə barışığın BƏƏ-dən başlamasının daha bir maraqlı cəhəti bu ölkənin həm də İsraillə barışıq prosesinin önündə olmasıdır. BƏƏ 2020-ci ilin sentyabrında İsraillə barışıq sazişi imzalayıb və iki ölkə arasında əlaqələr görünməmiş sürətlə inkişaf edib.

Bu ilin yanvarında İsrail prezidenti tarixdə ilk dəfə BƏƏ-yə səfər edib. Ay yarım sonra isə Suriyanın prezidenti 11 illik fasilədən sonra BƏƏ-yə gedir. Əcəba bu, ərəb-İsrail barışığının yeni bri səhifəsidirmi?

Əlbəttə, indi bu barədə nəsə demək tezdir. Ortada olan fakt Əsədin artıq “ərəb qardaşları”nın sırasına geri dönməsidir. Yeri gəlmişkən, Əlcəzairin yeni hakimiyyəti Bəşər Əsəd hökumətinin Ərəb Liqasına geri dönməsi üçün məsələ qaldırıb. Təbii ki, bu dəyişiklik Cenevrədə davam edən sülh prosesinə də təsir edəcək.

Mənbə: Musavat.com

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=171896

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930