Ərdoğan barışdırır, Bayden isə dalaşdırır: Türkiyənin ABŞ və Qərblə rəqabəti kəskinləşir

30.03.2022 - 17:32

Ukrayna savaşının uzadılmasında maraqlı olan ABŞ və Qərb öz mənafeyini təmin etmək üçün Türkiyənin vasitəçiliyi ilə aparılan sülh danışıqlarını pozmaq məqsədilə hərəkətə keçdiyi müşahidə edilir; Ona görə də, həm Rusiyanın, həm də Ukraynanın gələcək taleyi bu iki dövləti barışdırmağa çalışan Türkiyə ilə savaş variantına üstünlük verən ABŞ və Qərb arasındakı amansız mübarizədən asılı vəziyyətə düşmüş kimi görünür…

Ukrayna savaşında yeni mərhələ başlaya bilər. Belə ki, hərbi-siyasi münaqişənin episentri savaş meydanından artıq danışıqlar masası arxasına keçirilmək üzrədir. Halbuki, danışıqlar masasında da hərbi-siyasi münaqişə tərəfləri demək olar ki, dəyişməz qalmaqdadır. Yəni, yenə də ABŞ və Qərblə Rusiya arasında kəskin mübarizə eyni intensivliklə davam etməkdədir.

Maraqlıdır ki, danışıqlar masası arxasında rollar tam dəqiqliyi ilə bölüşdürülüb. Əlbəttə ki, sülh prosesinin bir tərəfində məhz Rusiya dayanır. Ancaq digər tərəfində savaş meydanında olduğu kimi, ABŞ və Qərbi Rusiyaya qarşı “proxy war” modelində təmsil edən Ukrayna yer alır. Yəni, Ukrayna sülh danışıqlarında da əslində, məhz ABŞ və Qərbi təmsil edir. Türkiyə isə vasitəçilik missiyasını öz üzərinə götürüb.

Onu da qeyd etmək lazımdır ki, hazırda sülh danışıqlarında hələlik yekun nəticələrdən danışmaq çox tezdir. Düzdür, Rusiya və Ukraynanın savaşı dayandırmaq məsələsində müəyyən mövqe yaxınlaşmaları müşahidə olunmaqdadır. Halbuki, indiki mərhələdə bu yaxınlaşma sülh danışıqlarında iştirak edən münaqişə tərəflərini deyil, məhz Türkiyəni diplomatik qalib statusunda göstərir.

Məsələ ondadır ki, Rusiya və Ukraynanın savaş meydanından sülh danışıqları masası arxasına çəkilməsi məhz rəsmi Ankaranın diplomatik fəaliyyəti nəticəsində mümkün olub. Üstəlik, rəsmi Ankara öz vasitəçilik missiyasının məhz neytrallıq prinsiplərinə indeksləndiyini həm Rusiyaya, həm də Ukraynaya, eləcə də, bu savaşda dolayısı ilə səhnəarxasından iştirak edən bütün maraqlı tərəflərə qəbul etdirə bilib. Nəticədə, sülh danışıqlarının məkanı Rusiyanın savaş müttəfiqi olan Belarusdan Türkiyə ərazisinə keçirilib.

Ancaq rəsmi Ankaranın diplomatik uğurları yalnız bunlarla məhdudlaşmır. Belə ki, Türkiyənin vasitəçiliyi sayəsində Rusiya və Ukrayna arasında gündəmə gətirilən şərtlərin sırası azaldılıb. Xüsusilə də, Kreml öz şərtlərindən bəzilərindən imtina etməli olub. Üstəlik, bəzi məlumatlara görə, bağlı qapılar arxasında keçirilmiş danışıqlarda Rusiya və Ukrayna müzakirə edilən altı əsas şərtdən dördü ətrafında ilkin anlaşma əldə edə biliblər. Geriyə qalan iki əsas şərt isə daha çox Ukraynanın ərazi bütövlüyü – Krım yarımadası və Donbasın gələcək taleyi ilə bağlıdır.

Maraqlıdır ki, rəsmi Kiyev NATO-ya üzv olmaqdan imtina edib, neytral dövlət statusu ilə razılaşıb. Rusiya isə bəzi mübahisəli şərtlərindən – Ukraynanın silahsızlaşdırılması, bu ölkədə neonazim meyllərinin ləğvi kimi qeyri-adekvat tələblərindən geri çəkilməklə yanaşı, rəsmi Kiyevin Avropa Birliyinə üzv olmaq hədəfləri ilə də barışıb. Eyni zamanda, hər iki tərəf Ukraynaya təhlükəsizlik təminatçısı rolunda çıxış edəcək dövlətlər arasında Türkiyənin də yer almasında israrlı mövqe tuturlar.

Göründüyü kimi, rəsmi Ankara dünyanın əsas probleminin – Ukrayna savaşının sülh danışıqları masası arxasında yekunlaşdırılması ilə bağlı vasitəçilik missiyasında kifayət qədər ciddi diplomatik uğurlar qazanmış kimi görünür. Bu uğurda prezident Rəcəb Tayyib Ərdoğanın Kreml sahibi Vladimir Putinə “qürürlü sülh müqaviləsi” ilə bağlı açıq mesajlarının da rolu olmamış deyil. Və bəzi məlumatlara görə, Kreml rəsmi Ankaranın vasirəçiliyi ilə sülh sazişi imzalanacağı təqdirdə, Rusiya və Ukrayna prezidentlərinin Türkiyədə görüşmələrinə də razılaşdığını gizlətmir.

Belə anlaşılır ki, rəsmi Ankara tarixi dilomatik zəfərə çox yaxındır. Əgər, hər hansı gözlənilməz hadisə baş verməzsə, savaşda hər ötən gün daha da ağır vəziyyətə düşməkdə olan Rusiya və Ukrayna yaxın vaxtlarda Türkiyənin vasitəçiliyi ilə sülh sazişi imzalamağa yaxındır. Hətta Kremlin sülh sazişinin imzalanması üçün müəyyən mənada, tələsdiyi də qətiyyən diqqətdən yayınmır.

Ancaq bu prosesin necə nəticələnə biləcəyi ilə bağlı ehtimallar irəli sürərkən, mümkün qədər ehtiyatlı davranmaq məcburiyyəti mövcuddur. Hər halda, rəsmi Kiyev Rusiya ilə sülh danışıqlarında yalnız Ukraynanın maraqlarını təmsil etmir. Yəni, səhnənin arxasından danışıqlar prosesində Ukrayna üzərindən təmsil olunan ABŞ və Qərb də boylanır. Ona görə də, bu prosesin yalnız Rusiya və Ukraynanın maraqları çərçivəsində yekunlaşmasının mümkünlüyü bir qədər çətin görünür. Sülh sazişini hər iki tərəfin imzalamasının mümkün olması üçün ABŞ və Qərbin ya tamamilə neytrallaşdırılması, ya da maraqlarını təmin etmək lazım gələcək.

Bu baxımdan, prosesin kifayət qədər qəliz variantlar üzrə cərəyan etməkdə olduğu qətiyyən şübhə doğurmur. Hətta Ukrayna savaşının mümkün qədər uzadılmasında maraqlı olduğu qətiyyən şübhə doğurmayan ABŞ və Qərbin sülh danışıqları prosesini pozmaq üçün hərəkətə keçdiyi də artıq müşahidə edilir. Qərbdən gələn əsas açıqlamalarda maksimalist şərtlər irəli sürülür, Ukraynanın bütün tələblərinin Kreml tərəfindən qeyd-şərtsiz qəbul edilməsi istənilir. Kremlin Krım və Donbası sülh sazişindən əvvəl geri qaytarmalı olduğunu qabardır, bununla da danışıqlar masasında gərginliyi artırmağa çalışır.

Digər tərəfdən, ABŞ və Qərb Ukrayna ordusunun döyüş qabiliyyətinin gücləndirilməsi istiqamətində yeni hərbi və maliyyə dəstəyi paketləri hazırlandığını qətiyyən gizlətmir. Yaxın vaxtlarda həmin dəstək paketlərinin Ukraynanın ixtiyarında olacağı vurğulanır. Rusiya əleyhinə beynəlxalq koalisiyanın ABŞ-la birlikdə əsas avanqard ölkəsi olan Böyük Britaniya Ukraynaya artıq daha “dağıdıcı hücum silahları”nın verilməsinin vaxtı çatdığını vurğulayıb. Və tezliklə Ukrayna ordusunun belə silahlarla tam təmin ediləcəyini bəyan edib.

Belə anlaşılır ki, Qərb siyasi dairələri sülh danışıqları aparan Ukraynanın savaş meydanında müdafiə mövqeyini hücum pozisiyası ilə əvəzləməsinə üstünlük verir. Əsas məqsədsə, Rusiyanın savaş meydanında daha ağır vəziyyətə salınması ilə Kremlin çarəsiz duruma düşməsidir. Yəni, ABŞ və Qərb Ukraynaya sülh danışıqlarından daha çox savaş meydanında hərbi zəfər qazanılmasını təklif edir.

Belə anlaşılır ki, ABŞ və Qərbə barış deyil, savaş daha çox sərfəlidir. Ona görə də belə görünür ki, Rusiya və Ukraynanı Türkiyə barışdırmağa, ABŞ və Qərb isə dalaşdırmağa çalışır. Bu iki istiqamət üzrə hansı tərəfin rəqabətdən üstün çıxması Ukrayna savaşının gələcək taleyini də böyük ölçüdə həll edə bilər.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=172390

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930