Əliyev sülh sazişinin şərtlərini diqtə edir: Paşinyanın müqavimət imkanları tükənir

31.03.2022 - 19:22

Belə düşünmək olar ki, hazırda rəsmi İrəvan Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasından daha çox, uzun müddət davam edəcəyinə ümid bəslədiyi danışıqlar prosesinin dərhal başlanmasında maraqlıdır; Ancaq rəsmi Bakının Ermənistana Minsk Qrupu həmsədrləri üzərindən növbəti dəfə 30 illik danışıqlar dövrü başlatmaq şansını tanıyacağı qətiyyən inandırıcı görünmür…

Ermənistan son günlər müxtəlif hərbi-siyasi manevrlər etməyə başlayıb. Rəsmi İrəvan indi bir tərəfdən regionda hərbi qarşıdurma mühiti yaratmaqla, geopolitik situasiyanı daha da gərginləşdirməyə çalışır. Digər tərəfdənsə, Paşinyan hakimiyyəti Cənubi Qafqazda sülh prosesinin sürətlənidirlməsinə yönəlik çağırışlar etməklə, hətta Ermənistanın Azərbaycanla yekun sülh sazişi imzalanması məqsədilə danışıqlara başlamağa hazır olması barədə bəyanatlarla diqqəti çəkir. Və rəsmi İrəvanın bu davaranışları əslində, olduqca ciddi ziddiyyət təşkil edir.

Onu da qeyd etmək lazımdır ki, Cənubi Qafqazda son vaxtlar yaranan hərbi-siyasi gərginliyin bu regiondakı geopolitik proseslərə də təsir göstərə biləcəyi qətiyyən istisna deyil. Hətta hazırda situasiyanın Ermənistanın əleyhinə olduğu da açıq-aşkar nəzərə çarpır. Belə ki, Ermənistanın müttəfiqi və əsas himayədarı olan Rusiya Ukrayna savaşında məğlub duruma düşərək, hərbi-siyasi təsir gücü baxımından, sürətlə zəifləyir. Digər tərəfdənsə, Rusiyaya qarşı tətbiq olunan beynəlxalq sanksiyalar da bu nəhəng dövləti maliyyə-iqtisadi böhrana doğru sürükləyir. Və bütün bunlar Kremlin MDB məkanında, o cümlədən də, Cənubi Qafqazda cərəyan edən geopolitik proseslərə təsir imkanlarını məhdudlaşdırır.

Eyni zamanda, Ukrayna savaşı və Rusiyaya tətbiq olunan sanksiyaların ilkin nəticələri Azərbaycanın geoploitik əhəmiyyəti ilə yanaşı, Avropa dövlətləri üçün önəmini də artırır. Çünki, hazırda Avropa dövlətlərinin enerji resurslarına olan ehtiyacları böhranlı həddə çatmaqdadır. Rusiyanın enerji resurslarından ciddi şəkildə asılı olan Avropa dövlətləri üçün Azərbaycan indi bu istiqamət üzrə ən önəmli alternativ qaynaqlardan hesab olunur.

Belə anlaşılır ki, Rusiyanın çox tezliklə Cənubi Qafqaz üzərində təsir gücünü böyük ölçüdə itirməsinə paralel olaraq, həm də Azərbaycan Avropa dövlətləri üçün enerji resursları sahəsində strateji tərəfdaşa çevrilə bilər. Bu halda, Avropa Birliyi məkanında “erməni faktoru”nun Azərbaycanın enerji resurslarının strateji əhəmiyyətinin kölgəsində qalacağı qətiyyən şübhə doğurmur.

Təbii ki, hadisələrin belə inkişafı Ermənistanı sürətli qərarlar qəbul etmək məcburiyyətində buraxır. İndi rəsmi İrəvan Ermənistanı xilas etmək istəyirsə, vaxt itirmədən Azərbaycanla yekun sülh sazişini imzalamağa çalışmalıdır. Əks halda, Ermənistan həm Türkiyənin, həm də Azərbaycanın artan geopolitik gücü qarşısında uzun müddət davam gətirə bilməyəcək.

Əslində, bu reallığı Ermənistanın siyasi dairələrində də anlamağa başladıqları müşahidə edilir. İndi rəsmi İrəvan Azərbaycanla dərhal sülh danışıqlarına başlamaqda maraqlı olduğunu hər imkanda təkrarlayır. Paşinyan hakimiyyəti anlayır ki, əgər, bu məsələdə uzunmüddətli gecikmə olarsa, rəsmi Bakının yaxın gələcəkdə yarana biləcək yeni situasiyaya uyğun olaraq, şərtləri də ağırlaşa bilər. Rəsmi İrəvanın son vaxtlar Azərbaycanın yekun sülh sazişi imzalanması məqsədilə təklif etdiyi beş şərtin Ermənistan üçün məqbul olduğunu tez-tez vurğulaması da məhz bununla birbaşa bağlıdır.

Məsələ ondadır ki, rəsmi Bakının beş şərti birmənalı şəkildə beynəlxalq hüquq normaları çərçivəsində hazırlanıb. Həmin şərtlər əsasən, Azərbaycan və Ermənistanın qarşılıqlı olaraq, ərazi bütövlüyünün tanınmasını, ərazi iddialarından imtina edilməsini, sərhədlərin delimitasiya və demarkasiya prosesində beynəlxalq hüquqa əsaslanmağın vacibliyini və s. nəzərdə tutur. Təbii ki, bütün bu şərtlər Ermənistanın da maraqlarına tamamilə uyğundur.

Ancaq nə qədər qəribə də olsa, rəsmi İrəvan bir tərəfdən Azərbaycanın beş şərtini qəbul etdiyini bəyan edir. Digər tərəfdən isə həmin şərtlərə bəzi əlavələr etdiyini, onları ATƏT-in Minsk Qrupu həmsədrlərinə göndərdiyini və indi Azərbaycanın cavabını gözlədiyini vurğulayır. Və bunun özü də müəyyən mənada, sülh danışıqları prosesini mümkün qədər qəlizləşdirmək cəhdidir.

Halbuki, Azərbaycanın təklif etdiyi beş şərtdə sülh danışıqlarını əngəlləyə biləcək heç bir məqam yer almır. Rəsmi İrəvanın həmin şərtlərə etdiyi əlavələrdə mübahisə doğuracaq və danışıqlar prosesini uzada biləcək iddiaların olduğu isə qətiyyən istisna deyil. Üstəlik, rəsmi İrəvanın öz cavabını və beş şərtə əlavələrini Minsk Qrupu həmsədrləri üzərindən Azərbaycana göndərməyə çalışması da kifayət qədər müəmmalı məqamdır. Çünki, Minsk Qrupu həmsədrlərinin Azərbaycan və Ermənistan arasında sülh danışıqları prosesinə vasitəçilik missiyasını öz üzərinə götürmək səlahiyyəti yoxdur. 44 günlük savaşın nəticələri bu qurumun hətta fəaliyyətinə etiyac qalmadığını da təsdiqləyib.

Bütün bunları nəzərə aldıqda, Paşinyan hakimiyyətinin sülh danışıqları prosesinə konstruktiv mövqedən yanaşdığını düşünmək hələ çox çətindir. Çünki rəsmi İrəvan bir tərəfdən Azərbaycanın şərtlərini qəbul etdiyini və sülh danışıqlarına hazır olduğunu bəyanlayır. Digər tərəfdən isə, bu prosesi qəlizləşdirə biləcək alternativ addımlar atmağa çalışır. Və Ermənistanın belə ziddiyyətli davaranışlarla sülh danışıqlarını mümkün qədər uzatmaq niyyətində olduğu istisna deyil.

Bu baxımdan, Paşinyan hakimiyyətinin Ermənistanın xarici himayədarlarından danışıqlar prosesində dəstək qarantiyası almadan sülh müqaviləsinin imzalanmasına həvəs göstərəcəyi o qədər də inandırıcı görünmür. Böyük ehtimalla rəsmi İrəvan son 30 il ərazində Minsk Qrupu həmsədrlərinin sayəsində vərdiş etdiyi danışıqlar modelinə can atır. Yəni, belə düşünmək olar ki, hazırda rəsmi İrəvan sülh sazişinin imzalanmasından daha çox, uzun müddət davam edəcəyinə ümid bəslədiyi danışıqlar prosesinin dərhal başlanmasında maraqlıdır.

Ancaq rəsmi Bakının Ermənistana növbəti dəfə 30 illik danışıqlar şansı tanıyacağı qətiyyən inandırıcı görünmür. Yəqin ki, dünyada sürətlə baş verməkdə olan geopolitik dəyişikliklər də tezliklə Ermənistanı danışıqlar masası arxasına oturmaq və məhz Azərbaycanın beynəlxalq hüquqa əsaslanan beş şərti çərçivəsində yekun sülh sazişi imzalamaq məcburiyyətində buraxacaq. Və Paşinyan hakimiyyətinin hiyləgər manevrlərinin də bu baxımdan, nəticəsiz qalma ehtimalı tamamilə real təsir bağışlayır.

Hazırda məhz Azərbaycan Prezidenti İlham Əliyev sülh sazişinin şərtlərini diqtə edir. Paşinyan hakimiyyəti sülh istəyirsə, rəsmi Bakının bütün tələblərini qəbul etmək məcburiyyətindədir. Və rəsmi İrəvan buna qarşı çıxmağa yönəlik manevrlərini davam etdirərsə, yaxın vaxtlarda daha ağır şərtlərlə üzləşə bilər.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=172558

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930