Paşinyan Brüsselə “Su 30M”-lə gedir: Bayden “paraşütün ipləri”ni kəsəcəkmi

02.04.2022 - 19:38

ABŞ və Qərbin Rusiyanı dəstəkləyən Belarus kimi, Ermənistanı da sanksiyalara məruz qoyub-qoymayacağı yaxın günlərdə yəqin ki, aydınlaşacaq; Əgər, Ermənistan “istisna hal” kimi qəbul edilərsə, Rusiyaya qarşı sanksiyaların digər ölkələr tərəfindən pozulmasına da yol açılmış olacaq…

Rusiya müttəfiq problemi yaşayır. Kreml indiyə qədər KTMT-dan real dəstək ala bilməyib. İndi Rusiyanın yeganə ümidi Türkiyənin Ukrayna savaşını dayandırmaq üçün göstərdiyi vasitəçilik missiyasına qalıb.

Düzdür, Belarus Rusiyanı açıq şəkildə dəstəkləyir. Ancaq bu dəstək Rusiya-Belarus İttifaq dövləti çərçivəsində baş verir. Yəni, rəsmi Kiyevin mövqeyi KTMT üzrə öhdəlikləri ifadə etmir. Çünki, bunun baş verməsi üçün ilk növbədə KTMT ümumi qərar qəbul etməli və Rusiyanı dəstəkləyərək, Ukrayna savaşına qatıldığını bəyanlamalıdır. Və hələlik Kremlin belə dəstəyə ümid bəsləməsi üçün elə bir ciddi əsas yoxdur.

Məsələ ondadır ki, KTMT-ya daxil olan dövlətlər daha çox özlərini qorumaq barədə düşünürlər. Bu qurumun üzvləri Rusiya ucbatından ABŞ və Qərbin beynəlxalq sanksiyalarına məruz qalmağa həvəsli deyillər. Və ona görə də, hazırda Rusiyaya dəstəkdən daha çox, Kremlin Ukraynaya qarşı hərbi aqressiyasını dolayısı ilə qınayan mövqe tuturlar.

Məsələn, Qırğızıstan Ukrayna savaşının ilk günlərindən Rusiyanın hərbi aqressiyasını dəstəkləmədiyini qətiyyən gizlətməyib. Tacikistan indi daha çox öz daxili problemləri və Əfqanıstandan gözlənilən silahlı müdaxilə təhlükəsi ilə məşğuldur. Qazaxıstan isə rəsmi şəkildə Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini bəyan edib. Eyni zamanda, Krım yarımadasını və Donbası Ukrayna ərazisi olaraq, tanıdığını birmənalı şəkildə vurğulayıb. Üstəlik, rəsmi Astana Qazaxıstanın ABŞ və Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalardan yan keçilməsi üçün alətə çevrilməyəcəyini də bildirib.

Göründüyü kimi, Kreml KTMT-nı Rusiyanın tərəfində Ukrayna savaşına bulaşdırmaq şansını demək olar ki, itirmiş durumdadır. Halbuki, Kremlin dünyanın müxtəlif bölgələrində olan hərbi kontingentlərini ixtisar edərək, Ukrayna savaşına göndərdiyi barədə məlumatlar yayılıb. Hətta prezident Vladimir Putinin fərmanına əsasən, Rusiyanın Suriyadan belə, muzdlu döyüşçülər gətirdiyi də bildirilir.

Təbii ki, belə vəziyyətdə KTMT üzvü olan Ermənistanın mövqeyi və davranışları böyük maraq doğurur. Rəsmi İrəvan bu dəfə də “sürüşkən mövqe” vərdişlərinə sadiq qalmağa çalışır. Bir tərəfdən, Cənubi Qafqazda cərəyan edən geopolitik proseslərlə bağlı ABŞ və Qərbdən dəstək almağa can atır. Digər tərəfdən isə ABŞ və Qərbin Rusiyaya qarşı sanksiyalarını gizli şəkildə pozmaqda davam edir.

Məsələ ondadır ki, bir neçə gün öncə Türkiyənin “Haber Global” telekanalı Ermənistanın 4 ədəd “Su 30M” döyüş təyyarələrini Ukrayna savaşında istifadə edilməsi üçün pilotları ilə birlikdə Rusiyaya verdiyi barədə məlumat yaymışdı. Telekanal bu xəbəri yayarkən Türkiyə kəşfiyyatında olan mənbələrinə istinad etmişdi. Və bu məlumat Qərb mətbuatında böyük rezonansa səbəb olmuşdu.

Təbii ki, rəsmi İrəvan bu “siyasi sürüşkənliyin” Ermənistana baha başa gələ biləcəyini dərhal anladı. Ona görə də, Paşinyan hakimiyyəti bütün dünyanı bir daha aldatmaq üçün növbəti fırıldağa əl atdı. Yəni, Ermənistanda fəaliyyət göstərən xarici ölkə səfirliklərinin hərbi attaşelərinə “Rusiyaya göndərilən “Su 30M” döyüş təyyarələri” nümayiş etdirildi. Beləliklə də rəsmi İrəvan ABŞ və Qərbə gəldiyi hərbi-siyasi kələyi növbəti fırıldaqla ört-basdır etməyə çalışdı.

Ancaq Paşinyan hakimiyyətinin hərbi-siyasi fırıldağı bu dəfə də baş tutmadı, boşa çıxdı. Erməni baş nazir nə qədər hiyləgər olsa da, müasir texnologiyaların imkanlarını nəzərə almağı deyəsən, unutmuşdu. Və indi rəsmi İrəvan özünün növbəti fırıldağına da inandırıcı arqumentlər tapmaq məcburiyyətində qalıb.

Məsələ ondadır ki, baş nazir Nikol Paşinyan Ermənistandakı 4 ədəd “Su-30M” qırıcısının Rusiya tərəfindən Ukrayna savaşına göndərilməsi barədə məlumatı təkzib etməyə çalışsa da, Türkiyənin “Haber Global” telekanalı erməni fırıldağını boşa çıxaran yeni faktları yaydı. Bununla da Ermənistanın baş nazirinin yalanı növbəti dəfə ifşa olundu.

Belə görünür ki, döyüş təyyarələrinin Ukraynaya göndərilməsinin üzə çıxması Ermənistanın hərbi-siyasi rəhbərliyini ciddi şəkildə təşvişə salıb. Yəqin ki, Ermənistan rəhbərliyinin xəbərin yayılmasından sonra bir müddət çaşqınlıq içində olması və susması da bununla bağlıdır. Və yalnız bir neçə gündən sonra rəsmi İrəvan növbəti hərbi-siyasi fırıldağın uğursuz ssenarisini hazırlamağa başlayıb.

Beləliklə, martın 30-da “Haber Global TV” kəşfiyyat orqanlarına istinadən daha bir xəbər yaydı. Məlum oldu ki, rəsmi İrəvanın xahişi ilə bu məsələni ört-basdır etmək üçün Suriyadan Rusiyaya məxsus dörd “Su 30M” qırıcıları təcili olaraq, Ermənistana göndərilib. Məhz bundan dərhal sonra rəsmi İrəvan baş nazir səviyyəsində Ermənistanın Ukraynaya döyüş təyyarələri göndərməsi barədə məlumatı təkzib etdi. Və hətta tez-tələsik Suriyadan göndərilmiş qırıcıları Qərb ölkələrinin Ermənistandakı səfirliklırinin hərbi attaşelərinə həmin döyüş təyyarələri nümayiş etdirildi.

Ancaq rəsmi İrəvan radarların qeydə aldığı görüntülərin də ortaya çıxa biləcəyini nəzərə almadı. “Haber Global TV” isə həmin radar görüntülərini bütün dünyaya yaymaqla, rəsmi İrəvanı növbəti dəfə çıxılmaz vəziyyətə saldı. Radar görüntülərindən məlum olur ki, Ermənistandan dörd döyüş təyyarəsi havaya qalxır və Rusiyanın cənub bölgəsində yerə enir. Bundan sonra həmin təyyarələrin geri dönüşü barədə isə heç bir radar qeydi mövcud deyil.

Ancaq bunun əvəzində bir neçə gün sonraya aid radar qeydində Rusiyanın Suriyadakı hərbi bazasından havaya qalxan döyüş təyyarələrinin məhz Ermənistanda yerə endiyi görünür. Və rəsmi İrəvanın Qərb ölkələrinin hərbi attaşelərinə göstərdiyi “tamaşa” da məhz bundan sonraya təsadüf edir.

Göründüyü kimi, rəsmi İrəvan ABŞ və Qərbin Rusiyaya qarşı sanksiyalarını kobud şəkildə pozub. Üstəlik, Ermənistan özünə məxsus döyüş təyyarələrinin pilotları ilə birlikdə Rusiyanın ixtiyarına verməklə, Ukrayna savaşında iştirakçı durumuna düşüb. Bütün bunları nəzərə aldıqda, ABŞ və Qərbin Ermənistanın hərbi-siyasi fırıldağına necə reaksiya verəcəyi böyük maraq doğurur.

Məsələ ondadır ki, ABŞ və Qərb Rusiyaya qarşı sanksiyaları pozan, Kremlə Ukrayna savaşında hər hansı formada dəstək verən ölkələri cəzalandıracağı ilə hədələyir. Ermənistan artıq bunu edib. ABŞ və Qərbin Rusiyanı dəstəkləyən Belarusa etdiyi kimi, Ermənistanı da sanksiyalara məruz qoyub-qoymayacağı yaxın günlərdə yəqin ki, aydınlaşacaq.

Əgər, ABŞ və Qərb Ermənistanı istisna hal kimi qəbul edərsə, Rusiyaya qarşı sanksiyaların digər ölkələr tərəfindən pozulmasına da yol açılmış olacaq. Bu halda, Ermənistan ucbatından Rusiyaya qarşı sanksiyaların ömrü o qədər də uzun sürməz.

Hələliksə, Ermənistan baş naziri Nikol Paşinyan aprelin 6-da Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan lideri İlham Əliyevlə Brüsseldə görüşməyə hazırlaşır. Belə anlaşılır ki, erməni baş nazir həmin görüşə müəyyən mənada, Rusiyaya göndərdiyi dörd “Su 30M” döyüş təyyarəsi ilə gedəcək.

Ermənistan baş naziri Nikol Paşinyanın “paraşütlərinin iplərini kəsəcək qayçı” isə ABŞ prezidenti Co Baydenin əlindədir. Və Ağ Ev sahibinin öz əlindəki “qayçı”nın nə qədər iti olduğunu hər kəsə sübut etmək şansı var. ABŞ prezidenti Co Bayden bu şansı qaçırtsa, Ağ Ev sahibinin “qayçı”sı bir daha kəsməz.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=172747

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930