Lavrov və Çavuşoğlu yenə “taxıl böhranı”nı müzakirə etdilər
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrovla İndoneziyada aparılan danışıqlarda BMT-nin taxıl probleminin həlli üçün mexanizmlər hazırladığını bildirib.
Cumhuriyyet.az xəbər verir ki, bundan əvvəl Türkiyə müdafiə naziri Hulusi Akar bildirib ki, Qara dəniz limanlarından taxıl ixracı məsələsində müəyyən irəliləyiş var, lakin Rusiya, Ukrayna və BMT ilə müzakirələrin aparılmasını tələb edən texniki məsələlər var.
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, Moskva və Kiyev “taxıl problemi”ndə razılığa gəlsələr, Ukrayna sularından kənarda “təhlükəsizlik zonası” yaradılacaq.
“Biz BMT-nin təklif etdiyi mexanizm çərçivəsində nə edə biləcəyimizi müzakirə etdik. Bu məsələ ilə bağlı BMT-nin baş katibi və Ukrayna tərəfi ilə daimi əlaqə saxlayırıq. Dünən ukraynalı həmkarımla telefon danışığım olub”, – Çavuşoğlu jurnalistlərə deyib.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov daha əvvəl bəyan etmişdi ki, Rusiya Ukrayna taxılının ixracı ilə bağlı danışıqlara hazırdır.
BMT dəfələrlə taxıl qıtlığı səbəbindən ərzaq böhranı təhlükəsini bəyan edib, Qərb isə Rusiyanı dünya bazarlarına Ukrayna taxılının tədarükünə qarşı çıxmaqda ittiham edib, Moskva bu cür ittihamları qəti şəkildə rədd edib.
Rusiya prezidenti Vladimir Putin bildirib ki, Moskva Ukraynadan taxıl ixracına mane olmur, Kiyev limanlarını minalardan təmizləsə, taxıl daşıyan gəmilər problemsiz yola düşə biləcək.
Short URL: http://www.cumhuriyyet.net/?p=178173