İsrail İranın nüvə planlarına qarşı beynəlxalq cəbhə quracağını bildirir
İsrail bütün vasitələrlə İranın nüvə silahı əldə etməsinin qarşısını almağa çalışacaq və bunun üçün Tehrana qarşı geniş beynəlxalq cəbhə yaradacaq.
Cumhuriyyet.az xəbər verir ki, bunu İsrailin yeni xarici işlər naziri Eli Koen çıxışı zamanı bildirib.
“İsrail dövləti Birləşmiş Millətlər Təşkilatının üzvləri arasında açıq şəkildə başqa dövlət tərəfindən məhv edilməyə çağırılan yeganə ölkədir. İsrail istənilən yolla İranın hərbi nüvə potensialına yiyələnməsinin qarşısını almağa çalışır”, – İsrail XİN başçısı vurğulayıb.
Koen bəyan edib ki, İsrailin son aylarda israrla etiraz etdiyi İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının bərpası aktuallığını itirib:
“İranla nüvə sazişinin artıq əhəmiyyət kəsb etmədiyi ilə bağlı yaranan beynəlxalq konsensus fonunda biz (hər mümkün ssenari üçün öz müstəqil təhlükəsizlik qüvvələrinin potensialını gücləndirməklə yanaşı) İranın nüvə planlarının qarşısını almaq üçün beynəlxalq cəbhənin formalaşdırılması səylərinə diqqət yetirəcəyik”.
Nazir əlavə edib ki, İsrail İranın silahlanma sahəsindəki digər fəaliyyətlərindən də narahatdır:
“İranın hərəkətləri təkcə nüvə silahı əldə etmək istəyində deyil, həm də uzaqmənzilli raketlər layihəsində, pilotsuz uçuş aparatlarının hazırlanmasında və beynəlxalq terrorçuluğun maliyyələşdirilməsində özünü göstərir. Dünya ölkələri başlarını qumda gizlətməyi dayandırmalıdırlar”.
Short URL: http://www.cumhuriyyet.net/?p=186831