Avropada min kubmetr qazın qiyməti 750 dollardan aşağı düşüb
Avropada yanvarın 4-də keçirilən hərracın gedişində min kubmetr qazın qiyməti 3 faiz ucuzlaşaraq 2022-ci il fevralın 18-dən bəri ilk dəfə 750 dollardan aşağı enib.
Cumhuriyyet.az xəbər verir ki, Londonun ICE birjasının məlumatına görə, hazırda Niderlanddakı TTF habında min kubmetr qazın fevral fyuçersinin qiyməti 733 dollar təşkil edir.
Qazın qiyməti Avropada isti hava fonunda ucuzlaşır. Son günlər Avropa ölkələrinin əksəriyyətində havanın temperaturu iqlim göstəricisindən yüksək olaraq qalır ki, bu da anbarlardan qaz götürülməsi tempini zəiflədib. Bundan başqa, elektrik enerjisi istehsalında külək generasiyasının payı stabil olaraq 20 faiz təşkil edir. Yanvarın 1-də isə bu göstərici müşahidələr tarixində rekord səviyyəyə – 34,7 faizə çatıb.
Hazırda Avropanın yeraltı qaz anbarları 83,33 faiz doludur. Anbarlarda 90,2 milyard kubmetr qaz var ki, bu da son beş ilin həmin tarix üçün orta göstəricisindən 13,46 faiz çoxdur.
Short URL: http://www.cumhuriyyet.net/?p=186982