NATO-nun mənzil qərargahında bayraqlar endirildi
İyirmidən çox NATO müttəfiqi və tərəfdaşından, o cümlədən Finlandiya və İsveçdən 1400-dən çox fövqəladə hallar üzrə yardım personal Türkiyəyə səfər edərək, fevralın 6-da ölkədə baş vermiş dağıdıcı zəlzələnin nəticələrinin aradan qaldırılmasına kömək edir. Türkiyənin isə 53000-dən çox şəxsi heyəti fövqəladə hadisə yerlərindədir.
Bu barədə NATO-nun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, NATO müttəfiqləri və tərəfdaşları Türkiyəyə xilasedici itləri olan axtarış və xilasetmə qrupları, yanğınsöndürənlər və struktur mühəndislik qrupları, tibb işçiləri, lazımi təchizatlar və seysmik ekspertlər də daxil olmaqla müxtəlif yardım qrupları göndərib.
“Bu dəhşətli zamanda biz müttəfiqimiz Türkiyə ilə və zərər çəkmiş bütün insanlarla həmrəyik və NATO müttəfiqləri ehtiyacı olanlara əlavə yardım göstərməyə hazırdır”, NATO sözçüsü Oana Lungesku deyib.
Dəstək NATO-nun Avro-Atlantik məkanında Alyansın mülki fövqəladə hallara reaksiya mexanizmi olan Avro-Atlantik Fəlakətlərə Cavab Koordinasiya Mərkəzi (EADRCC) vasitəsilə həyata keçirilir.
Mətbuat xidmətindən o da bildirilib ki, bu gündən etibarən NATO-nun mənzil qərargahında hərbi alyansın bütün 30 müttəfiqinin bayraqları, eləcə də NATO bayrağı sabah gün batana qədər təbii fəlakət qurbanların xatirəsi və Türkiyə ilə həmrəylik üçün yarıya endirilib.
Short URL: http://www.cumhuriyyet.net/?p=187686