ABŞ İKİÜZLÜ SİYASƏTİ İLƏ UKRAYNANI YARI YOLDA QOYUR? – “Ukraynaya pul göndərmək üçün haradansa borc almalıyıq…”

09.01.2024 - 11:01

Sirr deyil ki, məhz ABŞ-nin qətiyyətsizliyi və ikibaşlı siyasəti Rusiyanın Ukraynaya qarşı işğalçılıq müharibəsinə başlamasının və bu savaşın artıq iki ildir davam etməsinin ən başlıca səbəblərindən biridir. Nəticədə indi vəziyyət elə bir həddə çatıb ki, Ukrayna dövlətinin varlığı ABŞ Konqresindəki daxili çəkişmələrdən, respublikaçılar və demokratların hakimiyyət mübarizəsinin gedişindən asılı vəziyyətə düşüb.

“AzPolitika.info” xəbər verir ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının respublikaçı və “trampçı” spikeri Mayk Conson CBS telekanalına müsahibəsində bu ilin fevralına qədər Ukraynaya yardımın təsdiqlənməsi məsələsinə dair sualları cavablandırıb. Conson növbəti dəfə ikibaşlı fikirlər səsləndirərək, respublikaçıların yardımla bağlı əvvəlki tezislərini və tələblərini təkrarlayıb. O, son səsvermədə şəxsən özünün də Ukraynaya yeni hərbi yardımın ayrılmasının əleyhinə səs verdiyini təsdiqləyərək, bununla da “Ağ Evə siqnal göndərmək” istədiyini bildirib.

 

 

Konqres sədri Co Bayden administrasiyasını Ukrayna ilə bağlı strategiyasını və son məqsədini səsləndirməyə çağırıb. Conson deyib ki, Bayden administrasiyası onlara “Ukrayna ilə bağlı strategiyanı izah edən kimi” respublikaçılar yardıma səs verməyə hazır olacaqlar. Conson deyib ki, ABŞ seçiciləri Baydenin Rusiyanın Ukraynaya müdaxiləsi ilə bağlı siyasətinin tam olaraq nədən ibarət olduğunu başa düşmürlər: “Son maliyyə tranşının əleyhinə səs verən respublikaçılar Ağ Evə mesaj göndərmək və onların strategiyasının Amerika xalqına aydın olmadığını bildirmək istədilər. Biz Ukraynada nəyə nail olmaq istəyirik? Strategiyamız nədir? Məqsəd nədir?”

Conson həmçinin bildirib ki, respublikaçılar ABŞ-nin hərbi yardımının necə xərclənməsinə tam nəzarət ediləcəyinə dair təminat istəyirlər. Konqres sədri Ukraynaya yardımın cəmi 60 milyard dollar təşkil etdiyi halda, ABŞ-nin 34 trilyon dollarlıq federal borcunu xatırlatmağı lazım bilib və iddia edib ki, Ukraynaya yardımın məbləği kifayət qədər ciddidir: “Bu, çox ciddi məsələdir. Biz Ukraynaya onların münaqişəsində onlara kömək etmək məqsədilə pul göndərmək üçün haradansa borc almalıyıq. Ona görə də deyirik ki, biz bunu rasional şəkildə edirik. Təbii ki, ABŞ-yə gəlincə, biz azadlığın tərəfdarıyıq. Lakin biz bunu(Ukraynanı-red.) maliyyələşdirən insanlardan cavabdehlik tələb etməliyik”.

Conson eyni zamanda, Nümayəndələr Palatasındakı respublikaçıların Ukraynaya yardım ayrılmasına qarşı olmadıqlarını vurğulayıb və xatırladıb ki, özünün Prezident Volodimir Zelenski ilə görüşü zamanı “Ukrayna xalqının azadlıq uğrunda Vladimir Putin kimi amansız diktatora qarşı mübarizəsini dəstəkləməyə sadiq olduqlarını” deyib. Lakin bununla yanaşı, Conson fevral ayına qədər Ukraynaya yardımın təsdiqlənib-təsdiqlənməyəcəyinə dair suala birbaşa cavab verməkdən yayınıb və “başqasının təhlükəsizliyini təmin etməzdən əvvəl ABŞ sərhədlərinin təhlükəsizliyini təmin etməliyik” cavabını verib.

Consonun sözlərinə görə, yalnız ABŞ sərhədlərinin mühafizəsi və Ukrayna üçün strategiya məsələləri həll olunarsa, işğala məruz qalan Ukraynaya maliyyə ayrılacaq.

Qeyd edək ki, bundan əvvəl ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib ki, Amerikanın Ukraynaya hərbi yardımı 2022-2023-cü illər səviyyəsində saxlanmayacaq. Çünki ABŞ Ukraynanı silah istehsalı və alınması məsələlərində müstəqil etmək məqsədi güdür.

 

 

Xatırladaq ki, daha əvvəl Ağ Ev ABŞ Konqresində məlum sənədin qəbuluna qədər Ukraynaya yardım üçün pul qalmadığını bəyan etmişdi. Bütün bunlar ABŞ-nin Rusiya işğalına məruz qalmış Ukraynanı yarı yolda qoymaq üzrə olduğuna dair təsəvvür yaradır ki, bu da ABŞ-yə və bütünlükdə Qərbə olan etimadı çox ciddi şəkildə zədələyir. Çünki məsələ ayrılacaq vəsaitin miqdarından daha çox ABŞ-nin hazırda davam edən qlobal qarşıdurmadakı gerçək mövqeyində və məqsədlərindədir.

Hər halda, yaxın zamanda ABŞ Konqresində veriləcək qərardan olduqca çox şey asılıdır və bu qərar təkcə Ukraynanın deyil, bütünlükdə Avropanın, hətta dünyanın gələcəyində mühüm rol oynaya bilər.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=197316

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2024
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031