ABŞ MÜHARİBƏNİN BÜTÜN YAXIN ŞƏRQƏ YAYILMASINA HAZIRLAŞIR

10.01.2024 - 12:23

Son aylar Fələstin, Suriya, Livan və İraqda cərəyan edən qanlı hadisələrin bütün Yaxın Şərqə yayılacağı ehtimalı xeyli artıb. Bu bölgədə vəziyyət kəskinləşdikcə ABŞ-nin birbaşa müdaxiləsi qaçılmaz görünür. Beynəlxalq siyasi icmalçıların fikrinə görə, Amerikada seçki ili olduğu üçün rəsmi Vaşinqton hələlik təmkinli davranmağa çalışır, ancaq kritik vəziyyət üçün hazırlıq işlərinə də başlanılıb.

“AzPolitika.info” xəbər veririr ki, ABŞ-nin “Politico” qəzeti “Bayden administrasiyası Qəzza müharibəsinin bütün Yaxın Şərqə yayılmasına hazırlaşır” başlıqlı məqaləsində sözügedən məsələyə toxunur. Həmin məqaləni qısa ixtisarla təqdim edirik: “ABŞ administrasiyasının rəsmiləri Qəzza sektorundakı müharibənin daha iri miqyaslı və uzun sürən regional münaqişəyə dönüşəcəyi halında buna necə reaksiya veriləcəyi planı üzərində işəyirlər.

Ağ Ev administrasiyasındakı yüksək vəzifəli məmur da daxil dörd mənbə ABŞ-nin Yaxın Şərqdə yeni müharibəyə cəlb olunacağı ehtimalını nəzərə almaqla mümkün ssenarilər üzərində gedən müzakirələrin məğzi barəsində məlumat veriblər. Sözügedən mənbələr adlarının açıqlanmasını istəməyiblər. Müzakirələrin gedişi ilə bilavasitə tanış olan üç amerikalı rəsminin sözlərinə görə, hərbçilər Qırmızı dənizdəki kommersiya gəmilərinə hücum edən və İran tərəfindən dəstəklənən husilərə cavab zərbəsi vurmağı planlayırlar.

Həmçinin kəşfiyyat nümayəndələri ABŞ-nin İraq və Suriyadakı bazalarına hücum edə biləcək İranpərəst qüvvələrin qarşısının alınmasını düşünürlər. Onlar husi döyüşçülərinin növbəti zərbələrinin haradan gələcəyini müəyyənləşdirməyə çalışrlar.

Bir neçə ay ərzində ABŞ-dakı pərdə arxası diskusiyalarda Tehranın dəstəklədiyi güclərin hücumlarının intensivliyini aşağı salmağa çağırırdılar, lakin rəsmilərin sözlərinə görə, silahlı qruplaşmaların öz hücumlarını azaltmalarının heç bir əlaməti görünmür, əksinə yaxın keçmişdə və hazırda bu hücumlar yalnız artıb.

 

 

İndiki gərginlik ona gətirib çıxarar ki, Prezident Bayden Yaxın Şərq işlərinə daha dərindən girişər, amma ABŞ-dəki seçki öncəsi ehtirasların qızışdığı bir vaxtda bütün fikirləri daxili problemlərin həllinə yönəltmək lazımdır.

Mənblərin sözlərinə görə, münaqişənin sərhədinin genişlənməsi ehtimalı böyüyür, bunu həm də son günlər İraqda, Livanda və İranda baş verən hadisələr göstərir. Hadisələrin inkişafının bu cür vektoru nəinki regional təhlükəsizliyi, eyni zamanda Baydenin yenidən seçilməsi şansını da riskə atır. Prezident olandan sonra Bayden bütün müharibələrə son qoyacağına and içmişdi, lakin Amerika ordusunun Əfqanıstandan çıxarılması zamanı baş verən məyusedici hadisələr onun vədinin uğursuzluğa düçar olması ilə nəticələndi. Bayden öz prezidentlik müddətini Ukraynanı dəstəkləyən, HƏMAS-la mübarizədə İsrailə yardım göstərən Qərb lideri kimi başa vurur.

Amerikan hərbçiləri bu iki müharibədə iştirak etməslər də, seçicilər həmin münaqişələrə müdaxilə imkanlarını gözdən keçirməklə xarici siyasətlə bağlı öz fikirlərini ifadə edə bilərlər.

Bayden Ukraynaya “lazım gəldiyi qədər” kömək edəcəyi vədini verib və İsraili hərtərəfli dəstəkləyib. Amma Baydenin ehtimal edilən əsas rəqibi Donald Tramp deyir ki, o, bir neçə saat ərzində Rusiya-Ukrayna münaqişəsinə son qoyacaq, bundan əlavə Tramp bildirib ki, ABŞ İsrail və HƏMAS arasındakı mübarizəyə müdaxilə etməməlidir. “Katon İnstitutu”nun (Cato Insitute) müdafiə və xarici siyasət araşdırması üzrə direktoru Castin Loqan (Justin Logan) vəziyyəti belə şərh edib: ”Tramp, əgər o, hakimiyyətdə olsaydı, Rusiya Ukraynaya girməzdi, İsrailə hücum olmazdı və ÇinTayvana təcavüz etməzdi iddiası ilə “Şanlı günləri xatırla” şüarı ilə seçikiqabağı kampaniya aparacaq. Bayden isə deyəcək ki, bunlar onsuz da baş verəcəkdi, burada mənim günahım yoxdur. Əlbəttə, bu Bayden üçün xoşagəlməz mövzudur. Əgər vəziyyət əhəmiyyətli dərəcədə pisləşməyəcəksə, yəni bu münaqişələrdə amerikalı hərbçilər ölməyəcəksə, onda xarici siyasət çətin ki, seçkilərin nəticələrinə güclü təsir etsin. Belə bir şey heç zaman baş vermir”.

“Quinnipiac University”-nin rəy sorğusunun noyabr nəticələrinə görə amerikalıların 84 %-i ABŞ-nin Yaxın Şərq münaqişəsinə qoşula biləcəyindən narahatdırlar. Aylar keçdikcə daha çox amerikalı Bayden administrasiyasının Ukraynaya hədsiz çox maddi dəstək göstərməsindən narazı qalır.

Baydenin seçki qərargahına yaxın olan anonim mənbələrdən biri deyib ki, indiki Prezident həmişə xarici siyasətlə bağlı hadisələrə hər hansı bir şəkildə reaksiya verməli olacaq. Onun sözlərinə görə, Bayden bütün diqqətlərini seçicilər üçün daha böyük əhəmiyyət kəsb edən iqtisadiyyat və demokratiyanın gələcəyi kimi məsələlərə cəmləyəcək. Seçkiqabağı yarış qızışdıqca mövcud administrasiya Yaxın Şərqdəki qaynar nöqtələrlə əlaqədar olan hadisələrə diqqət ayırmağa və qərarlar verməyə məcburdur.

Bu yaxınlarda husi yaraqlıları kommersiya yük gəmisinə hücum ediblər və ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus helikopterlər əks zərbə ilə onların üç qayığını batırıb. HƏMAS isə Beyrutdakı yüksək rütbəli komandirin öldürülməsində İsraili günahlandırıb. Bunlardan başqa, 2019-cu ildə ABŞ PUA-sının zərbəsi nəticəsində öldürülmüş İslam Keşikçiləri Korpusunun komandiri Qasım Süleymaninin məzarına toplaşan onlarla insan partlayış nəticəsində həlak olub. Bu terror aktının məsuliyyətini İŞİD öz üzərinə götürüb.

4 yanvarda regiondakı gərginlik daha da artıb, Bayden administrasiyası Bağdada PUA zərbəsi vurub və ABŞ Müdafiə Nazirliyinin iki rəsmisi deyib ki, həmin hücum zamanı “Əbu Takva” adı ilə tanınan və İrana yaxı şiə hərəkatının lideri Muştaq Taleb əl Səidi öldürülüb.

Administrasiyanın digər iki yüksək vəzifəli nümayəndəsinin verdiyi məlumatlara görə, yeni ilin ilk günü Prezident Bayden Qırmızı dəniz ətrafındakı vəziyyəti və sonrakı fəaliyyət variantlarını müzakirə etmək üçün özünün milli təhlükəsizlik məsələləri üzrə müşavirlərini toplayıb. Həmin görüşün nəticələrindən biri ABŞ və onun müttəfiqlərinin husilərlə bağlı yaydıqları bəyanatdır. Həmin bəyanatda deyilir ki, əgər husilər Qırmızı dənizdəki ticarət axınını pozmağa davam edərlərsə və “həyatlara təhlükə yaradarlarsa”, bunun ağır nəticələri ilə qarşılaşacaqlar.

İranda baş verən terror aktından sonra Ağ Evdə, Pentaqonda və xüsusi xidmət strukturlarında İranın özünün və Yaxın Şərqdəki marionetkalarının ABŞ-yə və ya onun regiondakı müttəfiqlərinə qarşı hücumlarını proqnozlaşdırmaq üçün vəziyyəti analiz etməyə başlayıblar.

Rəsmilərin sözlərinə görə, Yaxın Şərqdəki gərginlik şəraitində yaranacaq müəyyən vəziyyətlərə uyğun olaraq bu cür planların işlənib hazırlanması adi haldır. Ancaq ABŞ-nin mümkün sərt cavab tədbirləri üçün səylərini artırması regionda münaqişənin böyüyəcəyi qorxusundan irəli gəlir. Bu da son nəticədə Vaşinqtonu hərbi müdaxiləyə məcbur edə bilər. Ona görə də Qırmızı dənizdəkı gərginlik daha çox həyəcan yaradır. Husilərin ticarət gəmilərinə hücumları ABŞ-ni bu hücumları önləmək üçün yeni beynəlxalq dəniz koalisiyası yaratmağa vadar etdi. Amerikanın beşinci donanmasının komandanı vitse-admiral Bred Kuperin juranlistlərə verdiyi məlumata görə, 20-dən artıq ölkənin daxil olduğu koalisiyanın fəaliyyəti nəticəsində təxminən 1500 ticarət gəmisi bu sulardan təhlükəsiz keçə bilib. Qırmızı dənizin cənub hissəsindən və Ədən körfəzindən keçən kommersiya gəmilərinə 25 hücum olub.

Husilərin hücumları iri gəmiçilik şirkətlərini marşrutlarını dəyişməyə məcbur edib ki, bu da öz növbəsində əlavə xərclərə və gecikmələrə səbəb olub. Amerika rəsmilərindən biri söyləyib: ”Bizim nöqteyi-nəzərimizə görə, ən böyük həyəcan husilərin gəmini batıra bilməsidir. Bəs o zaman nə baş verəcək?”

Bundan əlavə, Qəzza sektorunda gedən döyüşlərin İordan çayının qərb sahilinə və Livana keçəcəyi ilə bağlı qorxular qalmaqdadır. Livandakı HƏMAS liderinin öldürülməsi ilə bu təhlükə daha da arta bilər. Amma hələlik Amerika rəsmiləri Hizbullahın müharibənin sərhədlərini genişləndirmək istədiyi ilə bağlı heç bir əlamət görmürlər.

Tramp administrasiyası zamanı Pentaqonda işləmiş keçmiş dəniz piyadası və Mərkəzi Kəşfiyyat İdarəsinin zabiti Mik Marloy deyib: “Birləşmiş Ştatlar Qəzza sektorundakı müharibənin regional müharibəyə dönüşməsinin qarşısını almağa çalışır, amma ümumi yekunda bu qərar təkcə bizdən asılı deyil. İndi münaqişənin regional müharibəyə çevrilə biləcəyinə dair daha çox həyəcanlı siqnallar gəlir.”

“AzPolitika.info”

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=197376

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2024
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031