Fransanın məkrli Cənubi Qafqaz planı
“Avropa İttifaqı (Aİ) son dövrlərdə öz qlobal geosiyasi aktivliyini xeyli artırıb. Bir tərəfdən, bu aktivliyi Ukraynada baş verənlər fonunda “köhnə dünya”nın təhlükəsizliyinə yaranan ciddi təhdidlər şərtləndirir. Digər tərəfdən, Tramp zamanında ABŞ-ın Avropa məsələlərinə daha az diqqət ayırması və onun yenidən hakimiyyətə qayıtma ehtimalı, getdikcə daha çox daxili siyasi çəkişmələrə başı qarışan Vaşinqtonun öz tərəfdaşlarına dəstəyini zəiflətməsi Aİ ölkələrini həm birlikdə, həm də ayrı-ayrılıqda beynəlxalq arenada daha fəal addımlar atmağa vadar edir”.
“AzPolitika.info” xəbər verir ki, bu barədə Cənubi Qafqaz Tədiqatlar Mərkəzinin hazırladığı analtik məqalədə bildirilir.
Qeyd olunur ki, Aİ-nin geosiyasi aktivliyində Fransa xarici siyasətinin xüsusi çəkisi olsa da, Parisin iddiaları bəzən ümumavropa maraqları ilə uzlaşmır: “Bu ölkənin hazırki Cənubi Qafqaz siyasətinin hədəflərindən biri, heç şübhəsiz ki, bölgədə Azərbaycan-Türkiyə fəaliyyətlərinin məhdudlaşdırılmasıdır. Sırf geosiyasi maraqlara əsaslanaraq Gürcüstana Aİ üzvlüyünə namizəd statusunun verilməsi, ardından bu ölkə vasitəsilə Ermənistana Fransa istehsalı silahların daşınması və bu kimi addımlar belə deməyə əsas verir ki, Paris Cənubi Qafqazda Türkiyə və Azərbaycanın artan nüfuzuna əngəl yaratmaq üçün Gürcüstan-Ermənistan tandemini formalaşdırmağa çalışır. Xəritəyə nəzər saldıqda, aydın şəkildə görünür ki, Tbilisi-İrəvan işbirliyi Ankara-Bakı cütlüyü üçün Şərq-Qərb oxu üzrə təbii coğrafi-siyasi məhdudlaşdırıcı rolunu oynaya bilər. Əlbəttə ki, Fransa tərəfi heç də Gürcüstan və Ermənistanın Türkiyə və Azərbaycanla birbaşa toqquşmaya gedəcəyini gözləmir. Lakin perspektivdə bu mümkün tandemin müxtəlif sahələrdə, o cümlədən regional nəqliyyat və enerji layihələrində daha fəal iştirakına ümid edir. Məsələn, Orta Dəhliz layihəsində Aİ üzvlüyünə namizəd olan Gürcüstan və Aİ ilə imtiyazlı münasibətlərə malik Ermənistanın iştirakı Paris üçün arzuolunan ssenarilərdən biridir.
İrəvanın Fransanın bu planlarına ortaq olması, əlbəttə ki, mümkündür. Lakin Gürcüstan Yelisey sarayının onun üçün müəyyən etdiyi rola razılaşcaqmı? Bəs Brüssel Parisə bu istiqamətdə dəstək olacaqmı?
Gürcüstan və Aİ-nin maraqları Bu baxımdan Fransanın sözügedən planının reallaşması heç də inandırıcı deyil. Belə ki, Gürcüstan Ermənistanla tərəfdaşlıq və mehriban qonşuluq, Türkiyə və Azərbaycanla isə strateji tərəfdaşlıq münasibətlərinə malikdir. Ankara və Bakı ilə münasibətlərə xələl gətirəcək addımların atılması, yaxud da bu münasibətlərin xarakterinə yenidən baxılması Tbilisinin regional mövqelərinin zəifləməsilə nəticələnəcək. Zərəri faydasından daha çox olacaq qərarların qəbulu isə Gürcüstanın milli maraqlarına uyğun deyil.
Bununla yanaşı Gürcüstan Türkiyə və Azərbaycan qarşısında strateji tərəfdaş olaraq müəyyən öhdəliklərə malikdir. Həmçinin, Avropa İttifaqının da Azərbaycanda xüsusilə enerji və nəqliyyat sahələrində öz maraqları var və həmin maraqların həyata keçirilməsi məhz Bakı-Tbilisi əməkdaşlığı olmadan mümkün deyil. Odur ki, Türkiyə-Azərbaycan müttəfiqliyinə qarşı Gürcüstan-Ermənistan tandeminin formalaşdırılması istər siyasi-diplomatik cəbhədə, istərsə iqtisadi sahədə, istərsə də bilavasitə yerdə mövcud olan hazırki reallıqlarla bir araya sığmır”.
Məqalənin nəticə hissəsində qeyd olunur ki, Fransa indiyədək Azərbaycana təzyiq göstərmək və mövqelərini zəiflətmək məqsədilə bir çox planlar qurub, bütün diplomatik resurslardan, mümkün beynəlxalq təşkilatlardan (BMT Təhlükəsizlik Şurası, ATƏT, Aİ və onun bütün institutları, Frankofoniya təşkilatı və s.) istifadə edib.
“Lakin buna baxmayaraq, Bakı öz mövqelərindən bir addım belə geri çəkilməyib və yeni reallıqlar yaradıb. Odur ki, Parisin sözügedən Cənubi Qafqaz planı da eynilə uğursuzluğa məhkumdur. Hərçənd, Gürcüstanla Azərbaycan-Türkiyə strateji tərəfdaşlığını zəiflətmək cəhdləri bundan sonra da olacaq, hətta bu cəhdlərin daha intensiv xarakter alması mümkündür. Ancaq tərəflər arasında uzun illər boyu formalaşmış qarşılıqlı faydalı asılılıq baş verə biləcək təxribatların, yarana biləcək prolemlərin müsbət həllini təmin etmək üçün kifayət qədər ciddi əsasdır”, – müəlliflər bildirirlər.
Rasim Əliyev
“AzPolitika.info”
Short URL: http://www.cumhuriyyet.net/?p=197478