Yəmən: ABŞ və Britaniya husiləri niyə hədəfə alıb? – TƏHLİL

15.01.2024 - 15:27

ABŞ və Britaniyanın hərbi hava qüvvələri cümə axşamı gecə saatlarında Yəməndəki Husi silahlı qruplaşmasına qarşı hava hücumlarına başlayıb.

ABŞ Prezidenti Joe Biden bəyan edib ki, hava zərbələri husi döyüşçülərin noyabrdan bəri Qırmızı dənizdəki gəmilərə etdiyi hücumlara cavabdır.

Hücum nəticəsində altı Husi üzvü ölüb, qruplaşma rəsmiləri bildirib.

Yəmənin paytaxtı Səna və Qırmızı dəniz sahilində yerləşən Hudeyda şəhəri də daxil olmaqla husilərin 12-dən çox hərbi obyektinə hava zərbələri endirildiyi bildirilir.

Yəmənin böyük bir hissəsinə nəzarət edən, İranın dəstəklədiyi siyasi və hərbi qruplaşma olan Husi hərəkatının xarici işlər nazirinin müavini ABŞ və Britaniyanı xəbərdar edərək, bu ölkələrin etdikləri “açıq aqressiyaya görə ağır cəza çəkəcəklərini” deyib.

Ağ Ev rəhbəri Biden missiya çərçivəsində Niderland, Avstraliya, Kanada və Bəhreynin də dəstək verdiyini açıqlayıb.

Səudiyyə Ərəbistanı ABŞ-ı və onun müttəfiqlərini təmkin nümayiş etdirməyə və “eskalasiyadan çəkinməyə” çağırıb. Rəsmi Ər-Riyad bölgədə baş verənləri “böyük narahatlıqla” izlədiyini bildirib.

Rusiya BMT-nin Təhlükəsizlik Şurasının iclasını çağırıb.

ABŞ və Britaniya husiləri niyə hədəfə alıb? Husilər kimdir? Bu vəziyyət dünya iqtisadiyyatına və xüsusilə neftin qiymətinə necə təsir edəcək? BBC Azərbaycanca bu və digər suallara cavab tapmağa çalışıb.

ABŞ, Britaniya, Husi, Yəmən, müharibə, münaqişə, hərb
1. Hücum dünya bazarında neftin qiymətinə necə təsir edib?

ABŞ-ın rəhbərlik etdiyi alyans husilərin hərbi obyektlərinə qarşı hava hücumlarına başlamasından sonra neft qiymətləri 4 faizə qədər artıb.

Münaqişənin daha geniş regiona yayılacağı ehtimalı ilə bağlı narahatlıq dünya neftinin üçdə ikisi üçün əsas göstərici hesab edilən Brent markalı qara qızılın qiymətində 2.5 faizə yaxın artıma səbəb olub. Nəticədə Brent neftinin bir bareli dünya bazarında 80 dollara yüksəlib.

oilprice.com-un cümə günü səhər saat 8-ə olan məlumatına görə, Azərbaycan nefti 1.83 faiz bahalaşıb və nəticədə bir bareli 87 dolları keçib.

Koalisiyanın hava zərbələri cümə axşamı Oman sahillərindən Türkiyəyə doğru irəliləyən tankerin İran tərəfindən ələ keçirilməsindən bir neçə saat sonra başlanıb.

Tankerin ələ keçirildiyi Oman körfəzi neft təchizatında ən mühüm rol oynayan yollardan biri Hörmüz boğazına çox yaxındır.

Hər gün bu dar keçiddən 20 milyon bareldən çox neft daşınır ki, bu da gündəlik qlobal istehlakın 5-də birinə bərabərdir.

İranın dəstəklədiyi husilərin Qırmızı dənizdə yükdaşıma gəmilərinə hücum etməsi son həftələrdə yanacaq ticarətinə və daşınmasına dağıdıcı təsir göstərib.

Neft qiymətləri üçün hazırda ən böyük risk İranın birbaşa münaqişəyə cəlb edilməsi ola bilər. Bu isə dünyadakı xam neft istehsalının üçdə birinin təhlükə altına düşməsi deməkdir.

2. Husilər niyə Qırmızı dənizdəki gəmilərə hücum edir?

husi Yəmən Qırmızı dəniz
Husilər noyabrın 21-də Qırmızı dənizdə döyüşçülərinin gəmini qaçırdığını əks etdirən görüntülər yayıblar.

Husilər Həmasa dəstəklərini ifadə ediblər və bildiriblər ki, Qırmızı dəniz vasitəsilə İsrailə yük daşıyan istənilən gəmini hədəf alacaqlar. Lakin hücuma məruz qalan gəmilərin hamısının, həqiqətən də İsrailə gedib-getmədiyi bəlli deyil.

Noyabrda onlar İsrailə məxsus olduğunu iddia etdikləri bir yükdaşıma gəmisini ələ keçiriblər.

Bugünədək husi döyüşçüləri müxtəlif komersiya tipli gəmilərə dron və ballistik raketlərlə hücum həyata keçiriblər.

Noyabr-dekabr aylarında husi silahlılarının Qırmızı dənizdəki hücumları 500 faiz artıb.

Daşımalarla bağlı təhdid böyüdüyü üçün əsas yükdaşıma şirkətləri regiondan keçidi dayandırıblar və həmin gəmilər üzrə sığorta xərcləri də dekabrdan bəri 10 dəfədən çox artıb.

Böyük daşıma şirkətləri olan Mediterranean Shipping Company, Maersk, Hapag-Lloyd və BP neft şirkəti yükdaşıma gəmilərinin istiqamətini artıq Qırmızı dənizdən fərqli istiqamətə dəyişdiklərini açıqlayıb.

İndi yanacaq qiymətlərinin artacağı və təchizat zəncirinin böyük zərər görəcəyi ilə bağlı qorxu var.

Qlobal dəniz ticarətinin, demək olar ki, 15 faizi Qırmızı dəniz vasitəsilə reallaşdırılır.

Suveyş kanalı vasitəsilə Aralıq dənizinə çıxışı olan bu dəniz Avropa və Asiya arasında ən qısa daşınma marşrutudur.

3. Dünya ticarəti üçün risk nədir?

Dünya dəniz ticarətinin Qırmızı dənizdən keçən hissəsi

BBC News-un Asiya Biznesi məsələləri üzrə müxbiri Suranjana Tewari yazır ki, Qəzzada müharibə başlayandan bəri husi silahlılarının 27 gəmiyə etdiyi hücum tədarük gərginliyinin və aşağı tələbin dünya qiymətlərinə təzyiq göstərdyi bir vaxtda ticarət intensivliyinə zərbə vurub.

“Çünki dünyanın neft və təbii qazının böyük hissəsi bu bölgədən gəlir, üstəlik, Qırmızı dəniz dünya ticarəti daşımalarının təxminən 15 faizini nəql etmək üçün istifadə olunur”, – Suranjana Tewari qeyd edib.

O bildirib ki, Bəzi iri gəmiçilik şirkətləri və o cümlədən neft nəhəngi BP gəmilərini Qırmızı dənizdə riskə atmaqdansa, əlavə xərc və vaxt sərf etməklə onları Cənubi Afrikaya yönləndirib.

“Böhran davam edərsə, neft və malların artan xərcləri özünü mağaza və yanacaq məntəqələrində göstərə bilər”, – Suranjana Tewari şərhində yazır.

4. Rusiya nə deyir?

ABŞ, Britaniya, Husi, Yəmən, müharibə, münaqişə, hərb, BMT
Kremlin sözçüsü Dmitri Peskov Böyük Britaniya və ABŞ-ın Yəməndə husilərə qarşı hücumlarının “qanuni olmadığını” bildirib.

Rusiya ABŞ və Britaniyanın Yəmənə etdikləri hücumlarla bağlı cümə günü BMT Təhlükəsizlik Şurasının təcili iclasının çağrılmasını təklif edib, ölkənin BMT-dəki daimi nümayəndəsi bildirib.

Qurumun iclasının bu gün Bakı vaxtı ilə 19:00-da New-Yorkda baş tutması gözlənilir, TASS xəbər agentliyi yazıb.

Təhlükəsizlik Şurası çərşənbə günü husilərdən Qırmızı dənizdəki gəmilərə yönəlik hücumları dərhal dayandırmağı tələb edən qətnamə irəli sürüb.

Rusiya və Çin, Əlcəzair və Mozambik səsvermədə bitərəf qalıblar, digər 11 üzv isə sənədin lehinə səs verib.

5. İran və Türkiyə nə deyir?

ABŞ, Britaniya, Husi, Yəmən, müharibə, münaqişə, hərb, İran

İran və Hizbullah ABŞ və Britaniyanın birgə hücumlarını “Yəmənin suverenliyinin və ərazi bütövlüyünün pozulması” kimi qiymətləndiriblər.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kanani nazirliyin Telegram kanalında bildirib ki, hücumların “regionda təhlükəsizliyi və sabitliyi pozmaqdan başqa bir nəticəsi olmayacaq”.

“Bu, qeyri-mütənasib güc tətbiqidir. Qırmızı dənizi qan gölünə çevirməyə çalışırlar”, – Türkiyə Prezidenti Recep Tayyip Erdoğan cümə günü jurnalistlərə deyib.

ABŞ, Britaniya, Husi, Yəmən, müharibə, münaqişə, hərb

6. Husilər kimdir?

husi Yəmən

Husilər Yəmənin şiə müsəlman azlığı olan Zaidilərdən təşkil olunmuş silahlı və siyasi qruplaşmadır. Silahlı birlik adını hərəkatın banisi Hüseyn əl Husinin adından götürüb.

Rəsmi adı Ənsar Allah (“Allahın Tərəfdarları”) adlanan qruplaşma 1990-cı illərdə Yəmənin o vaxtki prezidenti Əli Abdullah Salehin korrupsiya əməllərinə qarşı döyüşmək məqsədilə formalaşıb.

Prezident Saleh 2003-cü ildə Səudiyyə Ərəbistanının hərbi dəstəyi ilə Husi qruplaşmasını yox etməyə cəhd göstərsə də, məğlub olub.

Husilər 2014-cü ildən bəri Yəmən hökumətinə qarşı vətəndaş müharibəsi aparır. Yəmən hökuməti husilərə qarşı koalisiya qurmuş Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri olmaqla digər ərəb ölkələri tərəfindən dəstəklənir.

BMT-nin 2022-ci ilin əvvəlinə olan statistikasına görə, Yəməndəki vətəndaş müharibəsi 370 mindən çox insanın ölümünə, eləcə də 4 milyon insanın qaçqın düşməsinə səbəb olub.

Husilər Həmas və Hizbullahla birlikdə özlərini İranın İsrail, ABŞ və Qərb əleyhinə rəhbərlik etdiyi “müqavimət oxlarının” bir hissəsi elan ediblər.

7. Husiləri kim dəstəkləyir?

Husi Yəmən
 

Husi hərəkatı Livandakı Hizbullah şiə silahlı qrupunu özünə nümunə kimi götürür.

ABŞ-da mənzillənən Terrorizmlə Mübarizə Mərkəzinin bildirdiyinə görə, Hizbullah 2014-cü ildən etibarən, qruplaşmaya böyük hərbi texniki və təlim dəstəyi göstərir.

Husi İranı müttəfiq hesab edir, çünki Səudiyyə Ərəbistanı onların ümumi düşmənidir.

İran Husi qruplaşmasını silahla təchiz etməkdə şübhəli bilinir və ABŞ bildirir ki, İranın kəşfiyyat xidməti gəmilərin hədəf alınmasında husilərə ciddi köməklik göstərir.

“Bilirik ki, İran Qırmızı dənizdə ticarət gəmilərinə qarşı silahlı əməliyyatların planlaşdırılmasında dərindən iştirak edir”, – Ağ Evin milli təhlükəsizlik üzrə sözçüsü Adrienne Watson deyib.

İran Husi qruplaşmasının Qırmızı dənizdəki hücumları ilə heç bir əlaqəsinin olmadığını bildirib.

ABŞ və Səudiyyə Ərəbistanı İranın husilərə ballistik raket verdiyini və məhz həmin raketlərlə 2017-ci ildə qruplaşmanın Səudiyyənin paytaxtı Ər-Riyada raket atdığını, lakin həmin raketin məhv edildiyini bildirib.

İranın belə bir dəstək verməsi BMT-nin silah embarqosu qaydasının pozulması deməkdir, lakin İran bu iddiaları rədd edir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=197666

XƏBƏR LENTİ

virtual_roadi

19.02.2024
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2024
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
26272829