Supergüc uğrunda iki qocanın savaşı…
ABŞ-da bu il 5 noyabrda keçiriləcək sayca 60-cı prezident seçkisinə uzun müddət qalmasına baxmayaraq, indidən ciddi rəqabət başlayıb. Hazırkı Ağ Evin sahibi, demokrat Co Baydenlə keçmiş prezident, respublikaçı Donald Tramp arasındakı söz dueli durmadan artır. Hələ ki tam rəsmiləşməsə də, bu iki siyasətçi arasında seçki mübarizəsinin gedəcəyi gözlənilir. Çoxları Trampı daha şanslı görür. 88 yaşlı Baydenlə 84 yaşlı Tramp arasındakı seçimdə yaş faktoruna görə həm də ikinciyə səs veriləcəyi proqnozlaşdırılır. Amma onun üzərində də qara buludlar dolaşmağa başlayıb.
Tramp Manhettendə bir mağazada ona cinsi təcavüz etdiyini iddia edən qadın jurnalistə sosial şəbəkədə “hücum etdiyi” üçün daha 83,3 milyon dollar ödəməyə məhkum edilib.
Musavat.com “Euronews”a istinadən xəbər verir ki, Nyu-York məhkəməsinin verdiyi qərar o deməkdir ki, Tramp jurnalist və yazar E. Jean Kerrolla ümumilikdə 88,3 milyon dollar ödəməli olacaq. Kerroll iddia edir ki, Tramp cinsi zorakılıq iddiasının qaralama olduğunu deyərək onun jurnalist kimi etibarını zədələyib. ABŞ-ın keçmiş prezidenti isə bu qərara etiraz edib və Nyu-York məhkəməsinin qərarından apelyasiya şikayəti verəcəyini bildirib.
Qeyd edək ki, daha əvvəl Trampın ona qarşı cinsi zorakılıq göstərdiyini iddia edən Kerrol məhkəmədə qalib gəlib. Qadın jurnalist mətbuat katibi vasitəsilə verdiyi açıqlamada deyib: “Bu, yıxılanda ayağa qalxan hər qadın üçün böyük bir qələbədir və buna cəhd edən hər zorba üçün böyük bir məğlubiyyətdir”. Tramp isə günün əvvəlində dinləmələrdə iştirak edib, lakin Kerrolun vəkilinin yekun arqumentləri zamanı məhkəmə zalını tərk edib. O, öz vəkilinin yekun çıxışı və bəzi müşavirələr üçün qayıdıb, lakin hökmün oxunmasına yarım saat qalmış məhkəmə binasını tərk edib.
“Mütləq cəfəngiyyatdır! Hüquq sistemimiz nəzarətdən çıxıb və siyasi silah kimi istifadə olunur”, – o, qısa müddət sonra açıqlamasında deyib. Bu açıqlamadan sonra Kerrol yenidən məhkəməyə müraciət edərək, Trampın onun haqqında qaralama kampaniyası apardığını bildirib və məhkəmədə qalib gəlib. Hazırda Tramp 2020-ci il prezident seçkilərini ləğv etməyə cəhddə, məxfi sənədlərlə səhv davranmaqda və pornoulduza rüşvət verməkdə ittiham olunur, ümumilikdə isə 91 ittihamla üz-üzədir. Göründüyü kimi, ittihamların sayı kifayət qədər çoxdur. Bütün bunlar isə Trampın namizəd kimi yolunu kəsə də bilər. Hazırda əsas yaranan suallardan biri də budur ki, bu ittihamlar Trampın namizədliyə doğru gedən yolunu kəsə bilərmi?
Ekspertlər Trampın şanslarının çox olmasına səbəb kimi onun verdiyi vədləri də önə çəkirlər. Xüsusilə Trampın qalib gələrsə, dünyadakı münaqişələri həll edəcəyi barədə verdiyi vədin insanlara daha cəlbedici gəldiyi qeyd olunur.
Tramp seçilərsə, III Dünya müharibəsinin qarşısını ala biləcəyinə əmin olduğunu bildirib. “Cebhe.info” xəbər verir ki, yanvarın 23-də Respublikaçıların ilkin seçkilərinin keçiriləcəyi Nyu-Hempşirdə tərəfdarlarına müraciət edən Tramp “III Dünya müharibəsinin qarşısını alacağam” deyib.
Rusiya ilə Ukrayna arasında dəhşətli münaqişənin həllini təmin edəcəyini deyən Tramp əgər 2022-ci ilin əvvəlində ABŞ prezidenti olsaydı, silahlı münaqişə heç başlamazdı deyə bildirib.
Trampın sözlərinə görə, ABŞ-da “zəif adamın prezident olması” Ukrayna və Qəzza zolağında münaqişələrdən qaçmaq imkanını aradan qaldırıb.
Xatırladaq ki, Tramp bundan əvvəl Baydeni Amerika tarixinin ən pis prezidenti adlandırmışdı.
“Bayden ölkəyə qeyri-qanuni yolla gələn mühacirləri dayandırmır, amma Ukraynaya milyardlarla dollar göndərir”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri Tramp deyib. O, Co Baydenin rəhbərlik etdiyi hazırkı ABŞ administrasiyasını qeyri-qanuni mühacirlərin axınını dayandırmağa kömək etmədiyinə görə qınayıb: “Bayden tərəfindən irəli sürülən sərhəd təhlükəsizliyi razılaşması çərçivəsində Ukraynaya və digər ölkələrə göndərilən milyardlarla dollar qeyri-qanuni miqrasiyanın qarşısını almaq məqsədi yox, əksinə, Amerikanın işğalını davam etdirmək məqsədi daşıyır”.(musavat.com)
Short URL: http://www.cumhuriyyet.net/?p=198160