ABŞ kəşfiyyatçısının müəmmalı İrəvan səfəri
Devid Koen niyə Bakıya da gəlmədi; MKİ rəhbərinin müavini nümayəndə heyəti ilə birgə Paşinyana təlimatlar verib, eyni vaxtda dövlət katibi Blinken Ermənistana dəstəyin gücləndirilməsindən danışıb – faktlar
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) rəhbərinin müavini Devid Koenin başçılıq etdiyi nümayəndə heyəti mayın 21-də İrəvanda səfərdə olub. “Yeni Müsavat” bildirir ki, Koen öncə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşüb.
Nümayəndə heyətini Ermənistanın baş naziri Nikol Paşinyan da qəbul edib. Ermənistan Nazirlər Kabinetinin yaydığı məlumata görə, görüşdə Ermənistan-ABŞ ikitərəfli və beynəlxalq gündəliyə aid məsələlər müzakirə edilib. Eyni vaxtda ABŞ dövlət katibi Entoni Blinken deyib ki, Ermənistana dəstəyimizi və bu ölkə ilə əməkdaşlığımızı gücləndirmək üçün daha nə edə biləcəyimizi müəyyən etmək məqsədilə İrəvandan gələn bir sıra sorğuları nəzərdən keçiririk. Bununla yanaşı, o, apreldə həm Ermənistanın baş naziri Nikol Paşinyan, həm də Avropa Komissiyasının Prezidenti Ursula von der Leyenlə görüşünü xatırladıb: “Avropa İttifaqı rəsmiləri ilə bu istiqamətdə aparılan məsləhətləşmələr Ermənistan hökumətinə hansı istiqamətlər üzrə dəstəyin verilməli olduğunu müəyyənləşdirmək məqsədi daşıyıb. Biz belə qərara gəlmişik ki, həyata keçiriləcək tədbirlər bütün istiqamətləri əhatə etməlidir”, – deyə A.Blinken fikirlərini tamamlayıb. O həmçinin əlavə edib ki, ölkəsi Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanacağına inanır.
Bu səfər və ABŞ xarici işlər nazirinin açıqlaması göstərir ki, Vaşinqton İrəvanda mövqelərini gücləndirməyə çalışır. ABŞ Rusiyanın forpostu olmuş ölkədə strateji olaraq möhkəmlənir və Paşinyan administrasiyasına da bu məqsədlə güclü dəstək verilir. Bəs niyə məhz indi? Devid Koen İrəvana konkret nə üçün gəlmişdi? Səfərin İran prezidentinin qəzada həlak olmasından bir gün sonra reallaşması təsadüfdürmü? Ümumiyyətlə, ABŞ 6 ildir ki, Paşinyan hakimiyyətini müdafiə edir. Avropa İttifaqı da eynilə dəstəyi davam etdirir. Xarici işlər naziri Ararat Mirzoyan mayın 22-də parlamentdə deyib ki, Ermənistanla Avropa İttifaqı arasındakı münasibətlər hərtərəfli birgə tərəfdaşlıq haqqında razılaşmadan daha geniş sahələri əhatə edir. O bildirib ki, tərəflər bu münasibətlərin daha da dərinləşməsi üçün möhkəm siyasi iradəyə malikdir: “Biz bu fəaliyyəti birgə tərəfdaşlıq müqaviləsi əsasında həyata keçiririk. İndi isə avropalı tərəfdaşlarımızla əlaqələrimizin bu sənədin (SEPA) hüdudlarından kənar səviyyədə genişləndirilməsini müzakirə edirik”. Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrel də bildirmişdi ki, Aİ Ermənistanın suverenliyinə, demokratiya və möhkəmliyinə güclü sadiqliyini nümayiş etdirmək üçün amerikalı dostları ilə səyləri birləşdirməyə çalışır.
Short URL: http://www.cumhuriyyet.net/?p=200500