İranın prezidenti azərbaycanlı ola bilər – yarış başladı, maraqlı adlar…
Bu gündən erkən seçkiyə qatılacaq namizədlərin qeydiyyatına start verilir; analitiklərin fikrincə, mühafizəkar qanaddan biri seçiləcək və ultra-sağçılar möhkəmlənəcəklər
Bu gün – mayın 28-dən İranda keçiriləcək erkən prezident seçkisinə qatılacaq namizədlərin ilkin qeydiyyatı başlanır. “Yeni Müsavat” yada salır ki, seçki bir ay sonra – iyunun 28-nə təyin edilib. Yerli KİV növbədənkənar prezident seçkisinə namizədliyi irəli sürülməsi ehtimal olunan şəxslərin adlarını açıqlayıb.
Onların arasında Təbrizin İran parlamentindəki millət vəkili Məsud Pezeşkian, Həmədandan olan İran Mərkəzi Bankının keçmiş rəhbəri Əbdülnasir Hümməti və bir çox əhəmiyyətli vəzifələrdə işləmiş marağalı Möhsün Mehrəlizadənin də adları var. Belə desək, İranın prezidenti azərbaycanlı ola bilər. Siyasi şərhçilərə görə, adıçəkilən azərbaycanlıların, xüsusən Məsud Pezeşkianın prezident olmaq şansı yüksəkdir. Lakin azərbaycanlıların islahatçı mövqelərinə görə ali dini rəhbər Seyid Əli Xameneyi və ətrafının buna imkan verəcəyi gözlənilmir. Bundan əvvəlki prezident seçkisində həmədanlı Əbdülnasir Hümməti İbrahim Rəisinin ən ciddi rəqibi hesab edilirdi.
Lakin onlarla yanaşı, İshaq Cahangiri, Məhəmməd Cavad Zərif, Mahmud Əhmədinejad, Məhəmməd Bagir Qalibaf, Məhəmməd Müxbir, Məhcəmmədrza Arif, Məhəmməd Bagir Nobəxt, Səid Cəlili, Hüseyn Dehqan, Həddad Adil, Pərviz Fəttah, Əlirza Zakani, Möhsün Haşiməli Laricaninin də növbəti prezident seçkisində iştirakı gözlənilir. İran mediasında hazırda prezident vəzifələrini icra edən Məhəmməd Müxbirin, eləcə də Məhəmməd Bagir Qalibafın adı çəkilir. Maraqlıdır ki, İranın 6-cı prezidenti Mahmud Əhmədinejadı onun evində ziyarət edənlərdən biri “ölkənin vəziyyətini yaxşılaşdırmaq və seçkilərdə görünməsinə zəmin hazırlamaq” üçün ondan qeydiyyatdan keçməsini xahiş edib. Əhmədinejadın cavabı belə olub: “Araşdıracam və uyğun olarsa, mütləq iştirak edəcəm, çünki İranda və dünyada baş verən proseslər kəskin şəkildə dəyişir, ölkənin vəziyyəti çox həssas və təhlükəlidir”.
Mahmud Əhmədinejadın etnik mənsubiyyəti barədə məlumatlar fərqlənir. Onun azərbaycanlı, talış, hətta yəhudi əsilli olması barədə iddialar səsləndirilir. 2005-ci il iyul ayının 24-də keçirilmiş prezident seçkisinin ikinci turunda o, qələbə qazanıb, həmin ilin avqust ayının 3-də bu vəzifədə Məhəmməd Hatəmini əvəz edib. Bundan əlavə, İbrahim Rəisinin xanımı Cəmilə Ələməlhudanın öz namizədəliyini irəli sürəcəyi istisna edilmir. Xameneyinin oğlu Müctəba Xameneyinin adı da iddiaçılar arasında hallanmaqdadır.
Short URL: http://www.cumhuriyyet.net/?p=200676