Rusiyanın üç Qafqaz ölkəsini Çinlə “bölüşmək” planı
Müharibə və sanksiyalar Pekinin Azərbaycan, Gürcüstan və Ermənistanla ticarət dövriyyəsini artırıb və bu nəhəng dövlət regiona yerləşir; lakin Moskva müttəfiqinin bölgədə təsirlərinin artmasından narahat deyil, onunla məcburi şərikdir
Ukraynadakı müharibə planetin müxtəlif regionlarında siyasi qüvvələrin balansına ciddi təsir göstərir. Odur ki, Rusiyanı sanksiyalarla zəiflətmək niyyəti onun geosiyasi rəqiblərini hərəkətə gətirməkdədir. Kremlə birbaşa bitişik olan regionlara gəlincə, söhbət Moskvanın çəkisi və təsirinin digər güc mərkəzlərini əvəz etməyə çalışdığı regional münasibətlər sisteminin tamamilə yenidən formatlaşdırılmasından gedir.
Bəziləri, məsələn, Fransa kimi açıq müdaxilə cəhdləri edir, bəziləri isə varlığını addım-addım gücləndirir. Sonuncular arasında Çin fərqlənir…
1990-cı illərin ortalarında “Bir kəmər, bir yol” qlobal layihəsinin işə salınmasından sonra Çinin regional siyasətdəki rolu daha da artdı. Orta dəhlizə inteqrasiya olunmuş Transxəzər beynəlxalq nəqliyyat marşrutu layihəsi Çin və Cənubi Qafqaz dövlətləri arasında münasibətlərinin hazırkı mərhələsində əsas hərəkətverici amildir. Azərbaycanla gözlənilən sülh müqaviləsi Pekin Ermənistanı da regional logistika sxemlərinə daxil etmək imkanı verir. Çinlə Cənubi Qafqaz ölkələri arasında ticarət ilbəil artır. Təsadüfi deyil ki, bu ilin birinci rübündə Çin Azərbaycana idxalda lider olub. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-fevral aylarında Azərbaycanın hüquqi və fiziki şəxsləri 134 ölkədən idxal həyata keçiriblər. Xarici ticarət dövriyyəsi 6 milyard 428.2 milyon ABŞ dolları olub. Onun 2 milyard 651 milyon dollarını (31.7 faiz) idxal təşkil edib.
Çinin Cənubi Qafqazdan idxalında xammal, ixracında isə maşın və avadanlıqlar üstünlük təşkil edir. Cənubi Qafqazdan Çin əsasən filiz və neft idxal edir. Çinin Ermənistandan idxalının 97%-dən çoxu mis və molibden filizləri/konsentratları (əslində Ermənistan ixracının demək olar ki, üçdə biri) təşkil edir. Eyni zamanda Çin Gürcüstanla da ən yaxın münasibətlərə malikdir. Hələ 2017-ci ildə Çin və Gürcüstan arasında azad ticarət sazişi imzalanıb. Ənənəvi olaraq, Çinin Cənubi Qafqaza yatırdığı investisiyaların əsas hissəsi Gürcüstana yönəldilib.
Belə ki, 2019-cu ildə Gürcüstan iqtisadiyyatına yatırılan Çin sərmayəsinin həcmi 671 milyon dollar təşkil edib, 2022-ci ildə isə Gürcüstana yatırılan birbaşa xarici investisiyaların ümumi həcmi 2 milyard dollar təşkil edib. Çinin son illərdə Gürcüstanda həyata keçirdiyi ən böyük layihə Tiflis yaxınlığında “Hualing Tbilisi Sea New City” adlı xüsusi iqtisadi zonanın tikintisi olub, bunun üçün Çinin “Exim Bank”ı 195 milyon ABŞ dolları məbləğində kredit ayırıb. Çin Hadori su elektrik stansiyasının tikintisini maliyyələşdirib. Digər layihə AIIB-nin xətti ilə maliyyələşdirilən 100 milyon dollar dəyərində olan Nenskra su elektrik stansiyasıdır. Beləliklə, dünyada baş verən geosiyasi transformasiyalar fonunda Rusiya üçün postsovet məkanının əhəmiyyəti dəfələrlə artır.
Bu barədə siyasi ekspert və məsləhətçi, Milli Müdafiə jurnalının baş redaktoru İqor Korotçenko qeyd edir ki, Rusiyaya düşmən olan dövlətlərin burada təsirinin güclənməsinin qarşısını almaq üçün bu sahəyə diqqətin artırılması təbii reaksiyadır. Onun fikrincə, Cənubi Qafqaz və Mərkəzi Asiyaya gəldikdə isə Qərb alyansı ölkələrinin (ABŞ, Böyük Britaniya, Fransa) burada öz mövqelərini gücləndirilməsinə qarşı çıxmaq üçün Moskva və Pekin koordinasiyalı iş görməlidir: “Bu cür Rusiya-Çin qarşılıqlı əlaqəsi üçün praktiki formatları axtarmaq, təklif etmək və həyata keçirmək lazımdır”. Bu bir tərəfdən Çinin Cənubi Qafqazda artan rolunun Rusiyada narahatlıq yaratdığını göstərir, digər tərəfdən isə indi Çinə Rusiyanın ən ciddi müttəfiqi kimi baxılır və o səbəbdən Moskva Pekinlə nüfuz savaşı aparmır, “bölüşmək” təklif edir…
Short URL: http://www.cumhuriyyet.net/?p=200780