Paşinyan son həmləyə hazırlaşır – Üsyankar keşişə türmə yolu göründü

31.05.2024 - 15:19

Ermənistan Baş naziri Nikol Paşinyan özünü “Vətən naminə” hərəkatının lideri sayan və hakimiyyəti zorla devirmək niyyətini gizlətməyən arxiyepiskop Baqrat Qalstanyanla məzələnib. Baş nazir deyib ki, əgər keşiş onunla görüşmək istəyirsə, hamı kimi qəbula yazılmalıdır.

Bu, əlbəttə, ölkə rəhbərinin radikal müxalifəti nümayişkaranə şəkildə aşağılamasının və onu ciddiyə almamasının təzahürüdür.

“Bilirəm ki, Paşinyanla görüş proseduru var. Amma mən ona həbsxanada baş çəkəcəyəm”.

Bunu da keşiş Baqrat öz aləmində Nikola cavab olaraq söyləyib.

Maraqlı gəlişmədir. Hərgah “söz dueli”ndə Paşinyan qat-qat inamlı təsir bağışlayır…

Əvvəla, Nikol Paşinyanın həbsi kiməsə asan gəlməsin. Bunun üçün keçmiş xunta rejiminin bərpası və ya ona bənzər idarəçiliyin qurulması gərəkdir ki, buna erməni toplumu imkan verməz. Baqratın arxasında da yüzdə yüz elə həmin xuntaçılar dayanıb. Bunu bilməyən erməni yoxdur.

WhatsApp Image 2024-05-31 at 14.49.06.jpeg (87 KB)

Məsələ ondadır ki, Ermənistandakı əhalinin əksəri cinayətkar Köçəryan-Sərkisyan tandeminin meydan suladığı əyyamın (1998-2018) qayıdışını istəmir. Bunu vaxtaşırı keçirilən rəy sorğuları da təsdiqləyir. Həmin sorğulara görə, hakim qüvvənin reytinqi nə qədər azalsa da, radikal müxalifətlə müqayisədə xeyli yüksək olaraq qalır.

Paşinyanı zərərsizləşdirməyin ikincisi yolu terror aktı ola bilər ki, bu da asan iş sayılmaz. Çünki o, həmişəkindən daha güclü mühafizə olunmaqdadır. Komandası, güc strukturları monolitdir, siyasi elitada “çat”-zad yoxdur. Qərbin “kart-blanşı” da öz yerində…

Hətta sui-qəsd ssenarisi reallaşsa belə, bunun radikal müxalifətə baha oturacağı, əks-effekt yaradacağı ehtimalı böyükdür. Nədən ki, müharibə arzulamayan çoxluq o halda indiki hakim qüvvənin başqa bir tanınmış simasına üstünlük verə bilər – ya seçkilər olsun, ya da meydan.

Bunu Moskvada da bilməmiş deyillər. İctimai rəyi qulaqardı eləmək xarici güclərə də ucuz oturmaz…

“Qarşımızdakı (Baqrat Qalstanyan – red.) adi bir mənsəbpərəstdir. Ondan ötrü məqsədə çatmaq üçün hansı paltar geyinməyin önəmi yoxdur. O, baş nazir postunu tutmaq üçün Allaha inancından belə əl çəkməyə hazırdır, – əgər bu inanc onda varsa təbii ki, reallıqda isə yoxdur. Təkcə bu fakt kifayətdir ki, ölkənin keçmiş rəhbərlərinin keşişi başçı kimi qabağa verdikləri hərəkat fiaskoya uğrasın”.

Siyasi şərhçi və yazar Qalust Qriqoryanın arxiyepiskop Baqrat haqda yuxarıdakı fikrini erməni cəmiyyətində daşlamış rəy hesab etmək olar.

Odur ki, “hərb partiyası”nın bütün kartları hazırda vurulmuş kimidir. Üstəgəl, radikal müxalifətin ciddi xarici dəstəyi gözə dəymir. Rusiya sarıdan da yetərli himayə yoxdur. Yeri gəlmişkən, dünən Rusiya XİN rəsmisi Mariya Zaxarova keşişin önündə getdiyi etirazları sadəcə, “Ermənistanın daxili işi” adlandırıb…

Nəhayət, Baqrat Srbazanın özünün ziddiyyətli zat olması və qaranlıq keçmişi onu ictimai fikirdə bir az da “urvatsız” edir. Bu və digər səbəbdən Nikol üçün deyil, məhz xalq arasında populyarlıq qazana bilməyən üsyankar keşiş üçün türmə qapıları tezliklə görünə bilər. Həm də baş nazirə qarşı zorakı mübarizə üsullarına permanent çağırışlar etdiyi üçün.

Hələ ki, Paşinyan dözüm göstərir. Ancaq yəqin ki, həlledici zərbə çox gecikdirilmədən vurulacaq. Özü də Baqrat Qalstanyanın timsalında bütövlükdə erməni kilsəsinə, katolikos II Qareginə və hakimiyyətə can atan Qarabağ klanına.

Böyük sülhə doğru yolda əl-ayağa dolaşanların əl-ayaqlarını yığmağın zamanı çatıb…(musavat.com)

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=200837

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyun 2024
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930