ÜST-dən yeni SOS – Yeni epidemiya GƏLİR

12.06.2024 - 11:08

Həkimlər bildirir ki, yeni epidemiyanın ortaya çıxması zaman məsələsidir, çünki…

Koronavirus pandemiyasından sonra yeni “X xəstəliyi” yalnız zaman məsələsidir, dünya buna hazırlaşmalıdır. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatında deyilir. 

ÜST nümayəndəsinin sözlərinə görə, dünyada öz xassələrini dəyişmək və mutasiya etmək qabiliyyətinə malik çox sayda virus və bakteriya mövcuddur. “İlk yoluxmanın nə vaxt və harada baş verəcəyini proqnozlaşdırmaq çox çətindir, demək olar qeyri-mümkündür. Lakin bütün dünya alimləri, epidemioloqlar və ekspertlər bunun çox real təhlükə, zaman məsələsi olması ilə razılaşırlar. Ona görə də belə bir vəziyyətə, ”X” xəstəliyinə hazır olmaq mühüm vəzifədir”, – xəbərdarlıqda deyilir.

ÜST nümayəndəsi həmçinin qeyd edib ki, “X” xəstəliyi mövzusu həm mediada, həm də mütəxəssislər – səhiyyə təşkilatçıları, epidemioloqlar arasında geniş müzakirə olunur və bu da təəccüblü deyil: “Çünki bəşəriyyət təzəlikcə kifayət qədər dəhşətli, çox sayda insanın həyatına son qoymuş ağır COVID-19 pandemiyasından qurtulub. Pandemiya ölkələrin iqtisadiyyatının və bütövlükdə cəmiyyətin inkişafına mənfi təsir göstərib”.

Bəs hazırlaşmaq deyərkən ÜST nəyi nəzərdə tutur? Ölkələrin səhiyyə sistemləri hələ mənşəyi bəlli olmayan mikroorqanizmlə bağlı hansı öntədbirlər görə bilər? İndidən universal peyvənd mümkündürmü?

London İmperial Kollecinin Jameel İnstitutunun Epidemiologiya üzrə tədqiqatçısı Tomas Rouson bildirib ki, gələcəkdə baş verəcək epidemiyanın şiddəti məlum deyil, lakin o, COVID-19-dan daha ölümcül ola bilər. Onun sözlərinə görə, pandemiyalar getdikcə daha çox yayılır. “Əhalinin sayı artdıqca və bununla da heyvan xəstəlikləri mənbələri ilə qarşılıqlı əlaqə çoxaldıqca, yeni patogenin ortaya çıxma riski də çox olur. Güman ki, bir çoxumuz həyatımız boyu başqa bir qlobal pandemiyadan şəxsən təsirlənəcəyik. Dünya təkcə müalicələr, peyvəndlərlə deyil, həm də çevik reaksiya ilə yeni pandemiyaya hazır olmalıdır”.

Yada salaq ki, dünyada yeni bir pandemiyanın risklərinin müzakirə edilməsi ilk dəfə deyil. 2021-ci ildə elm adamları artıq ölümcül “X xəstəliyinin” mümkün ortaya çıxmasından danışırdılar. Daha sonra Konqoda hemorragik qızdırma xəstəliyinin erkən əlamətləri olan xəstə müəyyən edilib. O zaman mütəxəssislər xəstəliyin COVID-19 kimi yoluxucu olduğunu və Ebola ilə müqayisədə ölüm nisbətinin 50-90 faizə çata biləcəyini güman edirdilər. Konqoda ölümcül “X xəstəliyi” ilə bağlı məlumatlar artıq şərh edilib. Rusiyanın keçmiş baş sanitar həkimi Gennadi Onişenko qeyd edib ki, peşəkar ictimaiyyət, xüsusən də ÜST bu hadisəyə ciddi diqqət yetirməlidir. O, həmçinin bildirib ki, yeni infeksiyaların yaranması qaçılmazdır, çünki bu, təkamül prosesinin bir hissəsidir. 2023-cü il martın əvvəlində ÜST-nin epidemioloqu Riçard Pibodi dünyanı quş qripi pandemiyasının ilə bürüyə biləcəyini söyləyib. İnfeksiyanın insanlar arasında yayılma qabiliyyəti qazanacağına inanırdı. Peabodi xüsusilə quşçuluq fabrikinin işçilərini qorumaqda davamlı sayıq olmağı tövsiyə edib, həmçinin insanları ölü quşları və heyvanları götürməməyə çağırıb. 

ÜST-ün Rusiyadakı ofisinin rəhbəri doktor Batır Berdıklıçev isə bir neçə gün öncə deyib ki, yeni bir epidemiyanın ortaya çıxması zaman məsələsidir. Belə ki, o, Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri Tedros Adhanom Qebreyesusun yeni təhlükəli pandemiyanın – “X xəstəliyi” adlandırılan pandemiyanın mümkünlüyü ilə bağlı bəyanatını şərh edib: “Biz tez-tez ”X xəstəliyi” adlanan xəstəliklə bağlı narahatlıqları eşidirik. Bu ad isə hazırda mövcud olmayan mümkün yeni infeksiyaya işarə etmək üçün belə adlandırılıb”, – deyə Berdıklıçev izah edib. O, nümunə olaraq 2019-cu ilin dekabrına qədər heç kimin bilmədiyi koronovirusdan danışıb: “İndi çox sayda virus və bakteriya var ki, onların xüsusiyyətlərini dəyişdirə və böyük epidemiyalara səbəb ola bilər”. “ÜST-nin baş direktoru öz bəyanatlarından birində vurğuladı ki, yeni epidemiyanın ortaya çıxması onun yaranıb-yaramayacağı məsələsi deyil”, – Berdıklıçev deyib. Onun sözlərinə görə, bu gün yeni xəstəliyin harada və nə vaxt yaranacağını dəqiq söyləmək mümkün deyil; Berdıklıçev izah etdi ki, potensial pandemiyaya hazırlıq prosesi bir neçə mərhələdən ibarətdir: dövriyyədə olan virus və bakteriyaların monitorinqi, onların xassələrinin təhlili, bu virusların bizə necə yoluxduğunu və immunitet sisteminin ona necə reaksiya verdiyini anlamaq üçün araşdırmalar aparmaq, peyvənd və müalicə üsullarının işlənib hazırlanması və məlumat mübadiləsi üçün beynəlxalq səviyyə də daxil olmaqla, kollektiv səylər. Bütün bunlar hökumətlərin lazımi tədbirlər görməyə hazır olması üçün lazımdır, deyə ekspert fikrini yekunlaşdırıb.

Tibb elmləri doktoru, professor Adil Qeybullanın fikrincə, əslində “X” deyilən xəstəlik yoxdur: “Burada naməlum xəstəlikdən söhbət gedir. Ya identifikasiya olunmayıb hələ, ya da hələ məlum olmayan infeksiyadan söhbət gedir. Bu gün biz koronavirus pandemiyasından sonra gördük ki, istənilən bir infeksiya şiddət göstərərək qlobal pandemiyaya çevrilə bilər. Ona görə hər an hər şeyə hazır olmalıyıq. Onsuz da bu pandemiya  xaric, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) insan sağlamlığını təhdid edən on amildən biri kimi qarşıda bizi gözləyən qrip pandemiyasını göstərir. Hələ o qarşıdadır.  Ona görə istənilən an sürprizlər ola bilər.  Ona görə biz hər şeyə hazır olmalıyıq. COVİD-19 pandemiyası göstərdi ki, ÜST bu cür hadisələrin qarşısını almaq, onu  koordinasiya etmək imkanlarına malik deyil.  Pandemiya qısa müddət ərzində Yer kürəsinə yayıldı. Bu baxımdan, hər bir dövlət ilk olaraq özünü qoruyur. Biz də dövlət olaraq öz genefondumuzu qorumalıyıq”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=201283

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyul 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031