Bülən Arınc yenə də Ərdoğanı vurdu və cavab aldı
Türkiyə baş nazirinin müavini Bülənt Arınç növbəti dəfə qalmaqallı açıqlama verib. «BBC Türkiyə»yə müsahibəsində bir daha mübahisəli baş nazirlik sisteminə toxunan Arınç bu sistemin təməl baza olmadan qurulmayacağını bildirib. Və «montaj üsullu baş nazirlik sistemi qurmaq olmaz» deyərək mövqeyində israrlı olduğunu göstərib: «Üçüncü- dördüncü dərəcəli ölkələrdəki başqanlıq sistemini Türkiyədə tətbiq etmək fikrimiz yoxdur. Montaj edilmiş başqanlıq sistemi yolverilməzdir».
Bu məsələdə prezident Rəcəb Tayyib Ərdoğanla fikirlərinin fərqli ola biləcəyini deyən Arınç «Biz bütün bu tənqidlərimizdə «Kral lütdür» demədik ki?! Bəlkə elə gün gələcək bu da deyiləcək. Amma biz münasibətlərimizi dostcasına, qardaşcasına davam etdiririk. Partiyamızın zərər görməsini istəmərik».
B.Arınç bu sistemin mübahisələndirilməsi üçün AKP-nin seçkidə ortaya 367 və ya ən azı 330 millət vəkili çıxarmasını doğru sayır: «Biriləri deyir ki, belə sistem Meksikada, Argentinada, Boliviyada var və biz bunların hamısından özümüzə pay götürüb başqanlıq sistemi quraq. Axı, bu doğru deyil».
Qeyd edək ki, bir müddətdir Arınçla Ərdoğan arasında «soyuq savaş» gedir. Arınç az qala, hər açıqlamasında Ərdoğanı tənqid edən fikirlər səsləndirir. Buna сavab olaraq hökumətin ayrı-ayrı şəxsləri Arınçı Türkiyədə «paralel dövlət» qurmaqda günahlandırılan Fətullah Gülən tərəfdarı olmaqda ittiham edib. B.Arınç bu ittihamı rədd etsə də, «Gülən camaatı» içində qabiliyyətli adamların yer aldığını da vurğulayıb. Prezident Ərdoğan isə tənqidlərə cavab verərkən Arınçın adını çəkməsə də «Biriləri ortaya mövzu atmaq üçün kukla axtarır, o, mən olmayacam» deyə bildirib.
Short URL: http://www.cumhuriyyet.net/?p=21010