ABŞ-Rusiya savaşında dürüstlük və cığallıq düsturu

21.04.2015 - 11:34

absrusABŞ-ın Avropadakı quru qoşunlarının komandanı general Ben Hodjesin “Daily Telegraph” qəzetinə verdiyi müsahibənin rezümesini az qala bütün mətbuat vasitələri tirajladı. Ancaq nə işdirsə, oradakı əsas cümlələri ixtisar etdi. Çətin ki, bu, təsadüfdür.

Ben Hodjes isə müsahibəsində açıq mətnlə bunları söyləmişdi: “Birləşmiş Ştatlar hər hansı dövlətlə açıq, dürüst mübarizədə maraqlı deyil”.

Əlbəttə, ilk növbədə Rusiyanı nəzərdə tutur.

Siyasətçilərdən fərqli olaraq hərbçilər diplomat deyillər. Onlara öz istəklərinin ifaçıları rolunu yazan siyasətçilər də hərbçilərdən intellektual səylər tələb etmirlər. Yəni qoy düzünü danışsınlar, sonra gərək olsa kamuflyaj edərik.

General da düzünü danışır – heç nəyi gizlətmədən, bir hərbçi açıqlığı ilə dünyaya mesajını yollayır ki, ABŞ-la qarşıdurmada heç bir dürüstlük gözləməyin. Bizim üçün əsas nəticədir və istənilən taktika məqbuldur…

Generalı heç o da narahat etmir ki, bəlkə qarşı tərəf ümumiyyətlə savaş istəmir. Eyib etməz, Səddam da, Qəzzafi də hərb istəmirdi, heç onların ayağına yazılan günahların sahibi də deyildilər. Hegemon üçün onun düşmən elan etdiyinin istəkləri də, günahsızlığı da, təhlükə mənbəyi olmaması da əhəmiyyətsizdir.

Yaxud həmin müsahibəsində Ben Hodces deyir: “Biz bütün sahələrdə üstünlüyə malik olmaq istəyirik. Fikirləşmirəm ki, biz geriləmişik, ancaq Rusiya müəyyən sahələrdəki geriliyini aradan qaldırıb. Biz istəmirik ki, Rusiya geriliyini yox etsin”.

Beləliklə, qarşımızda tipik imperialist ritorika ilə danışan “qırğı” dayanıb. Onun üçün yeganə prioritet hansı yolla olur-olsun, bütün vasitələrlə öz dövlətinin mütləq hegemonluğudur. Başqa heç bir dövlətin güclənməyə ixtiyarı yoxdur. Çox demokratik diskursdur, elə deyilmi?

Ancaq söylənən absurdu faktlarla möhkəmlətmək şansı çox azdır. Belə ki, təhlükə obyektini seçən ABŞ bu obyektin heç də açıq qarşıdurmaya meylli olmadığının da fərqindədir, odur ki, ehtimallara güc verir. Və generalın dili ilə söyləyir: “Ümid edirik ki, Rusiya risk etməyəcək və NATO üzvü olan hansısa dövlətə açıq hücuma keçməyəcək”.

Koqnitiv dissonans alınır. Bir tərəfdən, Çexiya, Ukrayna, Estoniya, hətta Danimarkaya NATO hərbçiləri toplanır, digər tərəfdən isə Rusiyanın hücum etməyəcəyi ehtimalı söylənilir. Əgər o dövlətlər üçün təhlükə yoxdursa, onda bütün bu həngamə nəyədir? Hədəf bəllidir, taktika isə “beyinləri yumaq”, hamını qorxudaraq inandırmaq taktikasından xəbər verir.

Dünya heç vaxt olmadığı qədər məsuliyyətsiz çıxışlar və yalan epidemiyasının rəsmi doktrinaya çevrildildiyi dövrü yaşayır. Dünya xəritəsində iki imperialist qüvvənin (Qərb və Rusiya) birgə yaşamaq ehtimalına birincisi razı deyil.

Deməli, müharibə? Elə görünür ki, ABŞ məhz bu versiyada israrlıdır. Fərqinə varmadan da ki, bu müharibə onun özünün sonu ola bilər.

Bu müharibənin bir dövlət kimi Azərbaycanın da sonu olacağının isə bizdəki liberallar və “ura-patriotlar” qətiyyən fərqində deyillər. Onlar üçün əsas odur ki, “Rusiya dağılsın” və “İran parçalansın”.

Bu dağıntıların altında Azərbaycanın da dəfn olunacağını isə anlamaq istəmirlər. Bir dövlət kimi Azərbaycanın mövcudluğu bu iki qonşuda sabitlikdən asılıdır. Oraları qarışdır – Azərbaycan da qarışacaq. Üstəlik, bu hərbdə udmağa iddialı Qərbin indiyədək heç yerə xeyir gətirmədiyini də anlamaq istəmirlər. Yəni doğrudanmı həqiqəti başa düşmək üçün o, ən ifrat formada, dağıntılar şəklində, reallıqda başımıza gəlməlidir?

Hazırda köhnə Qərb imperializmi ilə güclənməyə çalışan Rusiya üz-üzədir. Rusiyada diktaturadır, yırtıcı kapitalizmdir? Olsun – bu ki, onların daxili problemidir. Və bir gün onların qapısına gəlib dirənən NATO Rusiyanı məhv etməklə orada demokratiya bərqərar edəcəyini söyləyirsə, bu nağılı əfqanlara, liviyalılara, suriyalılara, iraqlılara… danışın, onların cavablarını dinləyin. Yox, yenə heç nə başa düşmədinizsə, deməli, öz cəhənnəminizə gülə-gülə gedənlərdənsiniz.

Əgər xalqlar 2001-ci ilin 11 sentyabrından başlamış yeni eradan heç bir nəticələrini çıxarmayıbsa, bundan sonra anlayacaqlarına da ümid sıfıra yaxındır.

***

İstənilən dövlət üçün onu düşmən, rəqib elan edənlərin gəlib qapıya dirənməsi həm xoşagəlməz, həm də təhlükəlidir. Hazırda NATO-nun Rusiyaya qarşı yürüşü məhz bu formadadır.

Nə vaxtsa Qorbaçov Almaniyanın birləşməsinə (məhz birləşməsinə – sosialist Almaniyasının kapitalist Almaniyası tərəfindən ilhaqına yox) razılaşanda ata-Buşla şərt kəsmişdi: NATO şərqə doğru bir addım da irəliləməyəcək.

Ancaq NATO Şərqi Almaniyaya daxil oldu və qəzəblənmiş Qorbaçov ata-Buşdan izah tələb etdi. Ata-Buş isə ona cavab verdi: bizim müqaviləmiz yazılı yox, şifahi idi. Yəni Qorbaçova söylədi: “Əgər sənin kimi kütbeyin birisi bizimlə centlmen müqaviləsi imzalamısansa, bu, artıq sənin problemindir”.

Sonra Klinton gəldi və NATO-nu Rusiya sərhədlərinə qədər genişləndirdi. İndi isə söhbət Ukraynadan – Rusiyanın geosiyasi maraqlarının mərkəzindən gedir (Nədənsə hamı normal qəbul edir ki, okeanın o biri tayındakı ABŞ-ın İraq və Ukraynada maraqları olmalıdır, ancaq Rusiyanın Ukraynada maraqları ola bilməz və olmamalıdır). Bu isə ciddi məsələdir.

Məşhur sol intellektual Noam Xomski “Jacobin” jurnalına (ABŞ) ötən həftə verdiyi müsahibəsində deyir: “Hərbi çevrilişdən sonra formalaşmış Ukrayna hökuməti və parlamenti yekdilliklə NATO-ya üzvlüyə nail olmaq qərarını qəbul etdi. Rusiya isə bununla razılaşa bilməz. Bu, ona oxşayardı ki, Meksika və Kanada Varşava Müqaviləsi Təşkilatına qoşulsunlar… ABŞ-da bu barədə ya danışmırlar, ya da boş-boş yalan danışırlar. Yazırlar ki, Putin qeyri-normaldır, onda Asperger sindromu var, beyni zədələnib… O, sizin xoşunuza gəlməyə bilər, ancaq onun mövqeyi tamamilə aydın və anlaşılandır…”

Məmməd Süleymanov, Virtualaz.org

Short URL: http://www.cumhuriyyet.net/?p=23149

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031