Dünyanı gözləyən “iqtisadi qiyamət”in 12 əlaməti – Araşdırma
Bütün dünya şahid oldu ki, qlobal miqyasda ikinci güclü iqtisadiyyata malik olan ölkənin, Çinin milli valyutasının devalvasiyası digər ölkələrinin valyutalarının dollara nisbətdə necə ucuzlaşmasına, son 6 ildə neftin qiymətinin rekord səviyyədə düşməsinə, əsas fond indekslərinin çökməsinə səbəb oldu.
İqtisadçılar istisna etmirlər ki, dünya iqtisadiyyatı və maliyyə sistemi üçün çox kritik aylar sentyabr və oktyabr olacaq. Hər keçən gün isə dünyanın yeni qlobal iqtisadi və maliyyə böhranına necə yaxınlaşdığını göstərir. Bütün istiqamətlər üzə “qara xəbərlər” gəlir.
Vesti.ru saytı dünyanın aparıcı iqtisadçılarının rəyi əsasında növbəti “iqtisadi qiyamət”in 12 əlamətini müəyyənləşdirib.
Aşağıda son günlərin hadislərindən sonra qlobal iqtisadi böhranın baş verməsi ehtimalının daha gerçək olmasını sübut edən əlamətlər göstərilib:
1-ci əlamət
Çinin milli valyutası yuanın devalvasiyası hamını qəfil yaxaladı. Bununla yanaşı dolların kursu digər valyutalarla müqayisədə daha da artdı, fond bazarları və digər aktivlər bazarları gerilədilər. Bütün bunlar “valyuta müharibələri”yeni dalğasının başlayacağı və Çin iqtisadiyyatının zəifləməsinin davam edəcəyi ilə bağlı narahatlıq yaradıb.
2-ci əlamət
Yuanın devalvasiyasının əsas səbəblərindən biri də, Çinin ixracı artırmaq niyyətidir. İyul ayında Çinin ixracı 8,3 faiz azaldı, dünya ticarəti isə son böhrandan sonra görünməmiş templərlə azalır.
3-cü əlamət
Çinin ardından digər ölkələr də ixracdan asılı olan ölkələr devalvasiya məsələsində daha da irəli gedə bilərlər. “Valyutalar müharibəsi” getdikcə daha populyar terminə çevrilir və bu qlobal dəyişikliklərin siqnalı ola bilər.
4-cü əlamət
Son 4 ildə 50 günlük Dow əyrisinin orta sürüşmə göstəricisi 200 günlük orta sürüşmədən aşağı olub. Bu fiqur “ölüm xaçı” kimi tanınır. Bu əyri ilə bağlı məlumatlar bazar iştirakçılarını çox qorxudur. Ekspertlər qeyd edirlər ki, dünya iqtisadiyyatı elə bir mərhələyə çatıb ki, bazar iştirakçılarının investisiyalar üçün qərar qəbul edilən zaman əsas götürdüyü bütün texniki siqnallar “Satın” mesajını verirlər.
5-ci əlamət
Neftin qiymətləri son 6 ildə minumuma düşüb. 2014-cü ildə neftin qiyməti azalmağa başlayanda bir çox ekspertlər qeyd edirdilər ki, bu ABŞ iqtisadiyyatı üçün çox müsbət amildir. İndi biz görə bilirik ki, onlar necə yanılıblar. İndiki halda neftin qiymətinin aşağı düşməsi dünya iqtisadiyyatı üçün çox ciddi problemə çevrilib. ABŞ-ın özündə də iş yerləri ixtisara düşür. Eyni zamanda neftin hasilatının azalması o səviyyəyə çata bilər ki, sonradan ABŞ neftin qiyməti qalxdıqda çox müdafiəsiz vəziyyətdə qala bilər.
6-cı əlamət
Ötən həftə biz öyrəndik ki, OPEK hamının fikirləşdiyindən də çox neft hasil etməyə başlayıb. Bu isə neftin 1 barrelinin qiymətinin 30 dollara düşməsinə səbəb ola bilər. Çində iqtisadi geriləmə isə neftin qiymətinə daha çox təzyiq göstərməyə başlayıb.
7-ci əlamət
Xammal qiymətlərinin çox aşağı düşməsi 2008-ci ildəki böhrandan əvvəlki vəziyyəti xatırladır. Artıq dəmir filizinin qiyməti son 6 ildə ən aşağı səviyyəyə düşüb.
8-ci əlamət
Cənubi Amerikada borc böhranı daha da dərinləşir. Hazırda Brazilyanın suveren istiqrazlarının reytinqi spekulyativ göstəricidən cəmi 1 punkt yuxarıdı. Ölkə iqtisadiyyatı isə çökmək ərəfəsindədir.
9-cu əlamət
2008-ci il böhranına qədər dəyəri artan ABŞ dolları inkişaf etməkdə olan bazarlara çox böyük təzyiq göstərirdi. İndi bu yenidən baş verir. Ötən çərşənbə inkişaf etməkdə olan ölkələrin fond bazarları son 4 ildə ən aşağı göstəricilər nümayiş etdiriblər.
10-cu əlamət
Dünyanın ən böyük iqtisadiyyatında hər şey göründüyü kimi yaxşı deyil. Statistik məlumatlar pis xəbərlər verirlər. ABŞ-da topdansatış ehtiyatlarının satışlara nisbəti 2008-ci ildən bəri maksimuma çatıb. Bu o deməkdir ki, çox böyük miqdarda mallar anbarlarda qalır və iqtisadiyyatın zəif inkişaf etməsi və alıcılıq qabiliyyətinin aşağı düşməsi nəticəsində bu malları satmaq mümkün olmur.
11-ci əlamət
ABŞ-da istehlakçı xərcləri son illərin minumumuna çatıb.
12-ci əlamət
Gallap sorğu şirkətinin məlumatına görə, iqtisadi vəziyyətin pisləşməsini düşünən amerikalıların sayı 50 faizdən yüksəkdir.
Bütün bunlar göstərir ki, 2015-ci ilin payız, yaxud qış aylarında dünyanı yeni “iqtisadi qiyamət” gözləyir. Amma bu hələ də ehtimal olaraq qalır. Çünki yaxın zamanda elə hadisələr baş verə, qərarlar qəbul oluna bilər ki, vəziyyət müsbətə doğru dəyişə bilər.
Strateq.az
Short URL: http://www.cumhuriyyet.net/?p=30242