Ərdoğanın hesabı düz cıxacaqmı? – Təhlil
Türkiyədə noyabrın 1-ə təyin olunan növbədənkənar parlament seçkilərinin mümkün nəticələri bütün dünyada ciddi müzakirə olunur. Xüsusən AKP-nin hansı nəticələr əldə edəcəyi, təkbaşına hökumət qurmaq üçün yetərli səs toplamaq imkanlarının araşdırılması diqqət mərkəzindədir.
“Amerikanın səsi” bu məsələlərlə bağlı Avropa və Türkiyə ekspertlərinin fikirini öyrənib.
Brüsseldə yerləşən Karnegi Avropa təşkilatından Sinan Ülgen deyib ki, AKP PKK ilə yenidən başlayan mübarizəni HDP-dən səsləri almaq üçün davam etdirə bilər: “AKP tərəfdə belə bir ümid var ki, yaranan gərginlik davam etdikcə HDP parlamentə girmək üçün lazım olan 10 faiz səsi toplaya bilməyəcək.Bu AKP-yə parlamentdə səs çoxluğunu təmin edəcək və Ərdoğana prezident sisteminə keçid üçün yeni konstitutsiya tərtib etməyə icazə verəcək.”
İstanbul Kadir Has Universitetindən Soli Özel bildirib ki, PKK ilə yenidən döyüşlərin başlaması AKP partiyasının siyasətinin nəticəsidir: “HDP-yə qarşı müharibə başladılıb. Əlbəttə ki, siz kimdə silah var ona qarşı vuruşacaqsız.”
“Cümhuriyyət” qəzetinin köşə yazarı Semih İdiz hesab edir ki, prezident Ərdoğanın səhv hesablama apardığı istisna deyil: “AKP əvvəllər Türkiyənin kürdlər yaşayan ərazisindən dəstək alırdı. Əgər Ərdoğanın müşavirləri kürd seçicilərin hazırkı vəziyyətdən qorxub AKP-yə geri dönəcəklərini gözləyirlərsə, bu səhv hesablamadır və əks-nəticə verəcək. Yəni, HDP 10 faizlik yetərsayı keçəcək və parlamentə daxil olacaq, nəticədə heç bir şey dəyişməyəcək”.
“Amerikanın səsi” xatırladır ki, “cənab Erdoğan HDP ilə PKK arasında əlaqə olduğunu sübut etməyə çalışır. O, HDP-ni terrorçu partiyası adlandırıb və millət vəkillərinin cinayət məsuliyyətinə cəlb olunmasını tələb edir”.
HDP-nin lideri Səlahəddin Dəmirtas isə “PKK-nı dərhal silahları yerə qoymağa çağırıb. Ancaq üsyançılar bunu qəbul etməyərək bildiriblər ki, onlar birtərəfli atəşkəsə tabe olmayacaqlar. Bütün hallarda müşahidəçilər Dəmirtaşın çağırışını özünü mötədil və sülhə vasitəçi olacaq qüvvə kimi göstərmək istəyən partiya üçün uğurlu taktika sayırlar”.
Short URL: http://www.cumhuriyyet.net/?p=30565