Dünyada 3 milyard insan su qıtlığı çəkir – Azərbaycan Cənubi Qafqazın ən kasıb ölkəsidir

29.08.2015 - 15:07

suDünyanın əksər ölkələrini içməli su problemi narahat edir. Yer kürəsinin içməli su çatışmazlığı ilə üzləşə bilmə ehtimalı problemin həlli istiqamətində daha ciddi düşünməyə sövq edir.
Nəzərə almaq lazımdır ki, içməli suyun həcmi eyni qalsa da, suya olan tələbat ildən-ilə artır. Statistikaya görə, Yer kürəsindəki su ehtiyatının 97,5 faizi şor, yalnız 2,5 faizi içməli sudan ibarətdir.

Yer kürəsi ərazisinin 71 faizini təşkil edən 1,46 milyard kubkilometr su ehtiyatının cəmi 31 milyon kubkilometri şirin sudur ki, bunun da 96 faizi bərk haldadır. Maye vəziyyətində olan su ümumi şirin su həcminin təxminən 0,8-1 faizini təşkil edir.

Ümumi su balansı sabit saxlanıldığı halda, son 50 ildə məişətdə su sərfi 31, sənayedə 39, kənd təsərrüfatında isə 28 dəfə artıb. Hazırda dünyada hər 6 insandan birinin içməli suya olan ehtiyacı tam təmin olunmur. Beynəlxalq təşkilatların hesablamalarına görə, su ilə bağlı xəstəliklər hər səkkiz saniyədə 1, bir saatda 450, bir gündə 10 min 800, bir ayda 2 milyon 592 min, bir ildə isə 3 milyon 888 min uşağın ölümünə səbəb olur.
İnkişaf etməkdə olan ölkələrdə 80 faiz xəstəliklər və ölüm hadisələri məhz içməli su ilə bağlıdır. İnsanlar arasında yayılan xəstəliklərin 80-85 faizi çirkli sulardan istifadə ilə bağlıdır.
Ümumdünya Səhiyyə Təşkilatının açıqlamasına görə, hazırda dünya əhalisinin 80 faizi keyfiyyətsiz, 40 faizi isə çirkli, ziyanlı sudan istifadə edir. Ona görə də dünyanın hər yerində təmiz su ilə təmin olunmaq kəskin problem sayılır.

Son illər dünyada eybəcər, qüsurlu, müxtəlif fəsadlarla doğulan körpələrin sayının 12-14 faiz, bir yaşa qədər ölənlərin isə 18-20 faiz çoxalmasının əsas səbəblərindən biri də çirkli sudan istifadə edilməsi ilə bağlıdır. Hazırda dünyada içməli sudan istifadə edə bilməyən insanların sayı 2 milyardı ötüb. Təsadüfi deyil ki, ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi 2020-ci ilə qədər hazırladığı proqnozlarda üçüncü minilliyin ilk 20 ili ərzində inkişaf etmiş ölkələrin bir-biri ilə yanacaq resursları üstündə deyil, məhz içməli su üstündə savaşacaqlarını bildirir.
Hazırda dünyanın ən çox əziyyət çəkən bölgələri sırasında birinci yeri Afrika tutur. Bu qitə beynəlxalq su hövzəsinin üçdə birinə malikdir. Amma bu qitənin əhalisi bu qədər suyun cəmi 6% -dən istifadə edir. Bu gün Afrikada 300 milyon insan susuzluqdan əziyyət çəkir. Su əsas həyat amilidir. Həyatı insanlarsız heç cür təsəvvür etmək olmaz. Bu gün susuzluqdan əziyyət çəkən insanları canlı görməsək də, kütləvi informasiya vasitələrində, qəzet və jurnallarda onların necə çətin vəziyyətdə yaşadıqlarını, susuzluğun onları nə vəziyyətə qoyduğunun şahidi oluruq.

Belə bir vəziyyətdə mövcud su ehtiyatlarından səmərəli istifadə, onun bərabər bölgüsü, su mənbələrinin çirklənmədən etibarlı mühafizəsi ciddi əhəmiyyət kəsb edir. Bu gün planetin bütün regionları demək olar ki, şirin su ilə imtahana çəkilir. Dəqiq hesablamalara görə, dünyada 3 milyard insan su qıtlığındən əziyyət çəkir. Təbiətin şıltaqlıqları daim insanlar üçün təhlükə yaratmışdır. Dünya qlobal təzad içərisində yaşayır. Bir yandan bu gün dünya ərazisinin bir hissəsini su basır, bir tərəfdən insanlar susuzluqdan əziyyət çəkir. Su qıtlığı insanlar arasında mübahisələrə səbəb olmaqla yanaşı, dövlətlər arasında da mübahisəyə səbəb olur. Mübahisələr münaqişələrə səbəb olur və müharibə təhlükəsi yaradır. Tələbatını öz suyu ilə ödəyən ölkələrlə yanaşı, dünyanın qırxa yaxın ölkəsi – Liviya, Slovakiya, Özbəkistan və başqaları öz tələbatını ödəmir. Təəssüf ki, bu ölkələr arasında Azərbaycan da var.
Azərbaycan su ehtiyatlarının məhdudluğuna və şirin su ehtiyatlarının həcminə görə, Cənubi Qafqazın ən “kasıb” ölkəsidir. Azərbaycanda su ehtiyatı, dünyadakı su ehtiyatının orta göstəricisindən də aşağıdır. Məsələn, Gürcüstan və Ermənistanın içməli su ehtiyatları Azərbaycandakından müvafiq olaraq, 7 və 5 dəfə çoxdur. Ancaq bu o demək deyil ki, hazırda Azərbaycan içməli su problemi ilə üz-üzədir.
Sadəcə olaraq, ölkə ərazisində içməyə yararlı sular qeyri-bərabər paylanıb. Abşeron yarımadası və Mərkəzi Aran rayonları su ehtiyatları ən az olan bölgədir. Lakin Respublikamızda su qıtlığını aradan qaldırmaq üçün dövlət proqramları işlənib hazırlanır. Ümid edirik ki, biz gələcəkdə də su qıtlığı ilə üzləşməyəcəyik.

Azərbaycanın su təminatı əsasən xaricdən daxil olan çaylar vasitəsilə ödənilir. Transsərhəd çaylar ölkə ərazisinə çirkli vəziyyətdə daxil olur. Çaylar Türkiyə ərazisində göz yaşı kimi olduğu halda, Gürcüstan və Ermənistan ərazisinə daxil olduqdan sonra həddindən artıq çirklənir. Araz çaylarına Ermənistan tərəfindən atılan sənaye tullantıları əhali üçün çox təhlükəlidir. Çünki su qıtlığından əhalinin 80% texniki sudan həm içməli su kimi, həm də kənd təsərrüfatında istifadə edilir. Ağır metallar, çirkab maddələr məhsullara daxil olur və ondan da istifadə edirik. Təbiidir ki, bu da əhalinin sağlamlağına mənfi təsir göstərir.
Su problemi çağdaş dünyada o qədər ciddidir ki, su qıtlığının gələcək müharibələrə yol aça biləcəyi labüddür. Dünyanı bu labüd hadisədən xilas etmək üçün hər kəs, o cümlədən biz gənclər var qüvvəmizlə çalışmalıyıq.

Ərzağa artmaqda olan tələbat, sürətli urbanizasiya və iqlim dəyişmələri dünyanın su təchizatı sisteminin həddindən artıq yüksəlməsinə gətirib çıxarıb. İqlim dəyişmələri yaxın illərdə su ehtiyatlarına böyük təsir göstərəcək. O, yağıntının paylanmasında, torpağın rütubətində, buzlaqların əriməsində, çay axınında, habelə yeraltı suların vəziyyətində əks olunacaq. Artıq indinin özündə də daşqın və quraqlıq kimi su ilə bağlı olan təhlükəli təbiət hadisələrinin tezliyi və sürəti artır.

Su İstehsalçıları Birliyinin sədri Dövlət Məmmədov da yaxın gələcəkdə içməli suyun problemə çevriləcəyini təsdiqləyir.
Ekspertin sözlərinə görə, Azərbaycanda meşə təsərrüfatı sənəd üzərində inkişaf etdiyindən və yeni meşə massivləri salınmadığından təbiətdə bu kimi dəyişkənliklər baş verir: “Dağ rayonlarında qazın olmaması bütün meşə massivinin kəsilməsinə səbəb olub. Bu səbəbdən də bulaqlar quruyur. Həmçinin son illər kənd təsərrüfatı sahəsində suvarma işləri gözlənilməz həddə çatıb. Su qıtlığının yaranmasının ilkin səbəbi suya nəzarət edən vahid bir qurumun olmamasıdır. Bu gün suya 4 qurum – Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Azərsu ASC, Meliorasiya və Su Təsərrüfatı ASC nəzarət edir. Onların hərəsi ayrı-ayrı su sahələrinə cavabdehlik daşıyırlar. Əgər vaxtında su anbarları yaransaydı, heç bir problem yaşanmazdı. Bu qurumlardan heç biri ehtiyat su anbarları yaratmadığından hər il yay aylarında içməli su qıtlığı yaranır”.

Problemin həllini rayonlarda süni göllərin yaradılmasında görən müsahib deyib ki, su ehtiyatını qış aylarından yığmaq lazımdır: “Qış aylarında su boş yerə axıb gedir. Süni göllər yaradılsa, yayda su çatışmazlığı aradan qalxar. Hər bir məsələni 5-10 il qabaqcadan planlaşdırmaq lazımdır. Hamı gözləyir ki, yuxarıdan göstəriş verilsin və işləməyə başlasınlar. Amma dünya praktikasında belə bir şey yoxdur. Hər şey planlaşdırılır”.

Əhalini sudan düzgün istifadə etməməkdə suçlayan D.Məmmədov məhz bu səbəbdən Azərbaycanda su qıtlığının yaranacağını deyir. Amma mütəxəssis problemin həlli variantlarını da gizlətmir: “Təbii ki, problemin qarşısını almaq olar. Bunun üçünsə ilk növbədə rayonlarda süni su anbarları yaradılmalıdır. Daha sonra kənd təsərrüfatı sahəsində suvarma işində damcı üsuluna keçilməlidir. Belə olan halda suyun böyük bir hissəsinə qənaət etmiş olacağıq”.
/bizimyol.info/

Short URL: http://www.cumhuriyyet.net/?p=30775

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728