Ermənistan böyük iflas ərəfəsində
Zəif iqtisadiyyata malik Ermənistan böyük problemlərlə üzləşməkdədir. Bunun bir səbəbi isə son dövrlərdə dünya iqtisadiyyatında yaranan qeyri-müəyyənlik və çətinliklərin digər ölkələrlə müqayisədə Ermənistana daha çox dağıdıcı təsir göstərməsidir. Xüsusən də, Rusiyada rublun kursunun aşağı düşməsi Ermənistan iqtisadiyyatı üçün böyük fəlakət sayılır.
Nüfuzlu iqtisadi agentliklərdən biri sayılan “Bloomberg” bildirir ki, keçmiş Sovet İttifaqı ölkələri arasında Ermənistan rublun kursunun aşağı düşməsinə görə təhlükədə qalır. Hazırda erməni milli valyuta dəyərini yenidən sürətlə itirməyə başlayıb. Erməni dramı dollara nisbətdə 1,2 faiz, avroya nisbətdə isə 3,1 faiz ucuzlaşıb. Ermənistan Mərkəzi Bankının məlumatına görə, dolların məzənnəsi 5,73 dram qalxaraq 483,43 dram təşkil edib, avronun məzənnəsi isə 16,56 dram qalxaraq 554,83 drama çatıb. Lakin bu da son hədd sayılmır. Erməni valyutasının devalvasiyasının daha sürətlə davam edəcəyi gözlənilir. Bu həm ölkəni idxaldan daha çox asılı hala salır, həm də Ermənistanda inflyasiya göstəricilərini yüksəldir.
Ekspertlərin fikrincə, indiki vəziyyət tamamilə iflasa uğrayan Ermənistan üçün daha faciəvidir. Heç bir istehsalı olmayan, iqtisadiyyatı çökən işğalçı ölkədə ümumi daxili məhsulun (ÜDM) artımı bu durumda mümkün olmayacaq. Əksinə, sözügedən sahədə tənəzzül olması və böyük geriləmənin yaşanması tamamilə gözləniləndir. Hazırda əsas proqnozlar ondan ibarətdir ki, Ermənistanda dolların və digər xarici valyutaların qiyməti bundan sonra da artacaq. Elə bu səbəbdən ölkədə zəruri ərzaq mallarının qiyməti getdikcə qalxır. Hökumət dramın möhkəmlənməsi üçün imkanların mövcud olmadığını bildirir. Çünki valyuta ehtiyatları çox azdır. Xaricdən, xüsusən də Rusiyadan köçürülən pulların miqdarının azalması isə daha böyük iqtisadi problemlərə yol açır.
Görünür, bütün bunların nəticəsidir ki, ölkədə ictimai gərginlik azalmır. Hökumətə qarşı yaradılan “Ayağa qalx, Ermənistan” vətəndaş hərəkatına dəstək verənlərin sayının artması isə iqtidar üçün təhlükə yaradır. “Ayağa qalx, Ermənistan” vətəndaş hərəkatının fəalları iki aydan çoxdur ki, ölkə rəhbərliyinin yarıtmaz siyasətinin əleyhinə nümayişlər keçirirlər. Sosial problemlər fonunda təşkil edilən aksiyalarda siyasi tələblər irəli sürülür, hakimiyyət istefaya çağırılır. Ümidini üzənlər isə çıxış yolunu ölkəni tərk etməkdə görürlər.
Ümumiyyətlə, son aylar Ermənistanda baş verən hadisələr əhalinin ölkəni tərk etməsini bir qədər də sürətləndirib. Ermənistan Miqrasiya Xidmətinin məlumatına görə, 2015-ci ilin əvvəlindən ölkəni 12 min nəfər tərk edib. Erməni mətbuatı isə bu rəqəmin ən azı 3 dəfə çox olduğunu bildirir.
Ağır sosial-iqtisadi problemlərlə yanaşı, korrupsiya, insan haqlarının tapdanması da miqrasiyanı sürətləndirən əsas faktorlardan biridir. Yeri gəlmişkən qeyd edək ki, insan haqlarının pozulması get-gedə daha geniş miqyas alır. Bunun daha bir sübutu isə Ermənistan Futbol Federasiyasının prezidenti Ruben Ayrapetyanın “Air Armenia” aviaşirkətinin rəhbəri Arsen Avetisyanı döyərək xəstəxanalıq etməsidir. Ermənistan Baş Prokurorluğunun yaydığı məlumatda deyilir ki, Avetisyan futbol akademiyasında olarkən federasiyanın prezidenti tərəfindən döyülüb. Burun sümüyü sınan Arsen Avetisyan güclü qanaxma və ağır kəllə-beyin zədəsi ilə xəstəxanaya yerləşdirilib.
“Air Armenia” şirkətinin rəhbəri akademiyada olarkən Ayrapetyan və onun cangüdənləri tərəfindən döyüldüyünü bildirib. Federasiyanın prezidenti isə Avetisyanı tək döydüyünü və qarşıdurma zamanı cangüdənlərinin orada olmadığını bəyan edib. Erməni mediasının yazdığına görə, son vaxtlar Ermənistanda məmur özbaşınalığı dözülməz həddə çatıb. İndi ölkədə sıravi vətəndaşların deyil, ayrı-ayrı şirkət rəhbərlərinin, məmurların da tez-tez döyülməsi adi hal alıb. Belə vəziyyət qeyd olunduğu kimi, Ermənistanı daha çox sayda insanın tərk etməsinə gətirib çıxarır.
İndiki durumda kiçik bir dövlətdə demoqrafik vəziyyətin ağırlaşması sözün əsl mənasında, Ermənistanın gələcəyinin sual altında olduğunu göstərir. Erməni ekspertlərinin qənaətinə görə, ölkənin inkişaf etməsi üçün iqtisadiyyatda hər il ən azı 10 faiz artım olmalıdır. Bu isə indiki şərtlər daxilində mümkün deyil. Digər tərəfdən, Ermənistanda iqtisadi rıçaqlar bir qrup oliqarxın əlindədir. Korrupsiya o dərəcədə yayılıb ki, situasiyanın dəyişməsi sadəcə mümkün deyil.
Məhz bütün bunlar Ermənistanı qarşıdakı günlərdə daha böyük problemin gözləməsi deməkdir.(“Azərbaycan” qəzeti)
Short URL: http://www.cumhuriyyet.net/?p=30797