Obama Ərdoğandan üz çevirir

23.09.2015 - 10:26

obamaABŞ prezidentinin türkiyəli həmkarını deyil, baş nazir Davudoğlunu Vaşinqtona dəvət etməsinin səbəbi; Ağ Ev rəhbəri Ərdoğandan Putinlə yaxınlığa görə qisas alır?

ABŞ prezidenti Barak Obama Türkiyənin baş naziri Əhməd Davudoğlunu Vaşinqtona səfərə dəvət edib. Bu barədə Türkiyə KİV-i məlumat yayıb. Xəbərə görə, Türkiyə baş naziri dəvəti qəbul edib və sentyabrın 29-da ABŞ-a səfər edəcək. 
Barak Obama ilə Əhməd Davudoğlu arasında keçiriləcək görüşdə terrorçuluğa qarşı birgə mübarizənin müzakirə ediləcəyi gözlənilir. Bu yerdə diqqəti dərhal çəkən məqam əlbəttə ki, ondan ibarətdir ki, nədən terrorla mübarizə kimi həyati məna daşıyan məsələnin müzakirəsi üçün Ağ Ev rəhbəri qardaş ölkənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanı yox, məhz baş nazir Davudoğlunu Vaşinqtona səfərə dəvət edir? Halbuki sentyabrın 28-də BMT Baş Məclisinin 70-ci, yubiley sessiyası açılır və sessiyanın işində Ərdoğanın iştirak və çıxış edəcəyi gözlənilir.
Deyilə bilər ki, Obama ona görə belə qərar verib ki, Türkiyə Konstitusiyasına əsasən, parlamentli respublikadır və burada baş nazir ən önəmli fiqurdur.
 
Lakin o da faktdır ki, Ərdoğan prezident seçildikdən sonra bu, yalnız kağız üzərində qalıb və üstəlik, hökumətin müvəqqəti mahiyyət daşıması hazırkı prezidenti dövlətin yeganə legitim şəxsinə çevirib. 
Üçüncü yandan, Əhməd Davudoğlu müvəqqəti deyil, daimi baş nazir olanda da Türkiyədə əsas söz sahibliyi məlum obyektiv səbəblərdən Ərdoğana məxsus olub. İndi də belədir. Bütün bu məqamları və həqiqətləri isə təbii ki, Vaşinqtonda da yaxşı bilirlər. O zaman Ərdoğanın deyil, Davudoğlunun Ağ Evə görüşə dəvət eləməsi nə ilə bağlı ola bilərdi?
Yeri gəlmişkən, sentyabrın sonlarında Türkiyə və ABŞ prezidentləri arasında görüş olacağı barədə az öncə intensiv xəbərlər yayılmaqda idi. İndi belə çıxır, Obama onunla yox, hər halda, Türkiyənin ikinci faktiki şəxsi ilə görüşmək istəyir – özü də qardaş ölkə üçün ən mühüm məsələ ilə bağlı.
Odur ki, yenə ortaya sual çıxır: Amerika prezidenti Ərdoğandan üz çevirir, yoxsa? Suala cavab verməyə çalışaq. 
İş ondadır ki, Amerikanın qəlizə düşən Yaxın və Orta Şərq projesi, həmçinin də rəsmi Ankaranın Rusiyaya isti münasibətindən dolayı iki prezident arasında xeyli müddətdir müəyyən soyuqluq yaşanır. Şübhə yox ki, Ərdoğanın bu dar macalda və qəliz münasibətlər fonunda, üstəlik, Rusiya prezidenti Vladimir Putinin dəvətini qəbul edərək, sentyabrın 23-də Moskvaya, Cümə məscidinin açılış mərasiminə qatılmasına razılıq verməsi Ağ Evi məmnun etməyib.
Çünki aydındır ki, bu, sadəcə olaraq, hansısa məscidin açılış mərasimi olmayacaq, Türkiyə və Rusiya dövlət başçıları beynəlxalq gündəlikdəki kəskin mövzuları, o sırada regional və qlobal əhəmiyyət daşıyan bir sıra məsələləri (Suriya və s.), habelə Birləşmiş Ştatların açıqca əleyhinə olduğu “Türk axını” qaz kəməri layihəsini müzakirə edəcəklər.
Obamanın Ərdoğanı Davudoğlu ilə əvəzləməsi, nəhayət, 1 noyabr erkən seçkilər ərəfəsi Türkiyə seçicilərinə bir mesaj da ola bilər ki, ABŞ daha ona stavka eləmək niyyətində deyil və onun alternativləri ilə işləməyi üstün tutur. Görünür, Amerika siyasi isteblişmentində 1 noyabr erkən seçkiləri zamanı Rəcəb Tayyib Ərdoğanın partiyasının təzədən təkbaşına hökumət qurmaq və prezidentli respublikaya keçid üçün yetərli sayda mandat almayacağına əminlik var.

 

Short URL: http://www.cumhuriyyet.net/?p=32984

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728