İŞİD-ə sarsıdıcı zərbə: Bağdadi ağır yaralandı
İŞİD terror təşkilatının lideri Əbu Bəkr əl-Bağdadinin avtomobil karvanına havadan zərbələr endirilib. Bu barədə məlumatı İraqın Daxili İşlər Nazirliyi yayıb. Məlumata görə hava hücumu İraqın Ənbar vilayətinə bağlı Karabilə bölgəsində həyata keçirilib. “İraqın kəşfiyyat qurumları, ortaq əməliyyatlar komandiri və İraq hava qüvvələrinin əməkdaşlığı nəticəsində Əbubəkr əl-Bağdadinin də içərisində olduğu avtomobil karvanına hava hücumu həyata keçirilib”, – məlumatda deyilir. Hücum nəticəsində çox sayda terrorçunun öldürüldüyü bildirilir. Ancaq öldürülənlər arasında Bağdadinin olub-olmaması barədə dəqiq məlumat yoxdur.
İraqın əl-Qaim qəsəbəsi və Suriyanın Əlbukəmal şəhərində olan kəşfiyyat qurumlarından verilən məlumatlara görə, Bağdadi hadisə yerindən təcili yardımla Suriyadakı bir xəstəxanaya aparılıb. Aşur əl-Mıhelavi deyib ki, Bağdadi İraq sərhədinə çox yaxın, İŞİD-in nəzarətində olan Əlbukəmal şəhərindəki bir xəstəxanada yüksək təhlükəsizlik tədbirləri altında müalicə olunur: “Biz Bağdadinin ölümcül yaralandığı qənaətindəyik”.
İŞİD-in böyük bir çaxnaşma içərisində olduğunu söyləyən Mıhelavi, həmçinin bildirib ki, ikinci hava hücumundan yayınmaq üçün qruplaşma üzvləri xəstəxana ətrafından kənarlaşdırılaraq, ayrı-ayrı bölgələrə göndəriliblər.
Short URL: http://www.cumhuriyyet.net/?p=34503