Putinin ətrafında varis əməliyyatı başlayıb
Bir müddət əvvəl ABŞ-ın nüfuzlu “Forbes” jurnalı Kremldə prezident Vladimir Putini hakimiyyətdən uzaqlaşdırmaq istəyən “Politbüro 2.0” adlı qrup barədə sensasion təhlil dərc etmişdi.
Orada deyilir ki, Kreml elitasının nüfuzlu nümayəndələrindən ibarət bu qrup “vəziyyətin daha da pisləşməsinin qarşısını almaq üçün” Putini əvəzləməyə çalışır.
Təhlildə Putinin çevriliş yolu ilə əvəzlənə biləcəyinə dair variantın da nəzərdən keçirildiyi bildirilirdi.
Virtualaz.org saytı xəbər verir ki, Rusiyanın “Mincnenko Consulting Group” konsaltinq şirkəti “Politbüro 2.0” hesabatının yeni versiyasını təqdim edib. Orada Putinin yaxın ətrafında qərarları qəbul edən qeyri-formal strukturun “varis əməliyyatına” başlamasından bəhs edilir.
Araşdırmada deyilir ki, Putinin yaxın ətrafında yer alan bəzi fiqurların mövqeləri zəifləyib. Bildirilir ki, “Politbüro 2.0” baş nazir Dmitri Medvedyevi sıradan çıxarmağa çalışır və “Varis-2024” planı üçün namizəd axtarışındadır.
Şirkətin analitikləri Rusiya elitasına təsir edən mühüm amillər sırasında sanksiyaların iqtisadiyyata təzyiqini, resursların azalmasını, “mühasirəyə alınmış qala” ideologiyasını qeyd edirlər. Bu amillərin təsiri ilə Putinin ətrafında “qırğıların” mövqeyi güclənir, ancaq liberallar da asanlıqla geri çəkilmək istəmir.
Şirkət bildirir ki, Qərbin tətbiq etdiyi sanksiyalardan sonra Rusiya üzünü Şərqə tutub və llk növbədə Çinlə yaxınlaşmağa başlayıb. Lakin bu taktika tezliklə nəticə verə bilməzdi, ona görə də Putin və komandası üzləşdikləri çətin vəziyyətdən öz xarici siyasət opponentləri ilə geosiyasi müstəvidə fəal oyuna başlamaqla çıxmağa çalışır.
Nəticədə Rusiyanın Suriyada əməliyyatlara başlaması haqda qərar qəbul edilib və bu da Putini Yaxın Şərqdə daha mühüm oyunçuya çevirib.
Analitiklər hesab edir ki, Putinin 2018-ci ildə yenidən prezident seçiləcəyinə heç bir şübhə yoxdur. Ancaq Rusiya ABŞ-a qarşı ortamüddətli perspektivdə “Komintern” tipli alyans yarada bilməyəcək və 2018-ci ildən sonra iqtisadi problemlər yenidən ön plana çıxacaq.
Ona görə də “Politbüro 2.0” Rusiyada ciddi iqtisadi islahatlar apara biləcək menecerlər komandası hazırlayır.
Təhlildə deyilir ki, hazırda Prezident Administrasiyasının rəhbəri, peşəkar kəşfiyyatçı Sergey İvanovun mövqeləri çox güclənib.
Baş nazir Dmitri Medvedyev isə Putinə yaxınlığı sayəsində öz mövqelərini qoruyub saxlaya bilir. Lakin Medvedyev liberal obrazını dəyişərək hakim elitanın mühafizəkar qanadı ilə yaxınlaşır, çünki liberal obrazın indi işə yaramadığını başa düşür. Nəticədə Medvedyev Qərb üçün məqbul partnyor olmaqdan uzaqlaşıb.
Müdafiə naziri Sergey Şoyqu isə “Politbüro 2.0”ı hələlik qane edir, onun işindən narazılıq yoxdur.
Ancaq Suriyadakı əməliyyatların və Yaxın Şərqdəki proseslərin gələcək inkişafı Şoyqunun mövqelərinə həm müsbət, həm mənfi təsir edə bilər.
Administrasiya rəhbərinin müavini Vyaçeslav Volodin isə “Politbüro 2.0”-da mövqelərini xeyli möhkəmləndirə bilib və administrasiyada mühüm postlara öz adamlarını yerləşdirib.
İndiyədək Kremlin “boz kardinalı” hesab edilən “Rosneft” prezidenti İqor Seçinin isə mövqeləri zəifləyib.
Hazırda hakimiyyətə yaxın biznesmenlərin mövqelərində baş verən yerdəyişmə nəticəsində Rotenberq qardaşları birinci plana çıxıb.
Analitiklər hesab edir ki, FTX direktoru Aleksandr Bortnikovun, baş nazirin müavini İqor Şuvalovun, habelə milyarderlər Əlişir Osmanovun və Vahid Ələkbərovun da mövqeləri güclənib. Onlar “Politbüro 2.0”a üzvlüyə namizədlər hesab olunurlar.
Short URL: http://www.cumhuriyyet.net/?p=37368