Tehranın İrəvan savaşı: Kremldən sərt reaksiya…
İran son zamanlar özünü xüsusilə Ermənistanla münasibətlərdə daha aydın göstərir.
Bu sözləri Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib. Sabiq dövlət müşaviri Tehranın çox riskli oyunlar oynadğını bildirib:
“Ermənistan var qüvvəsi ilə çalışır ki, İran qazı bu ölkənin ərazisindən keçməklə Gürcüstana, ola bilsin, oradan da başqa ölkələrə getsin. Üstəlik, İranla Ermənistan arasında çox ciddi ticarət əlaqələri var və bu əlaqələr hazırda genişlənməkdədir. Tehran hətta İrəvana xam neft göndərilməsi və onun emalı ilə bağlı tədbirlər görməyə hazırlaşır. İranın hazırda üzərində işlədiyi çox mühüm planları var. Buraya təbii ki, Ermənistan vasitəsilə Gürcüstanı təsir altına almaq da daxildir. Moskva hələ ki, prosesləri cilovlaya bilir. Lavrovun İrəvana səfərində gündəlikdə duran məsələrdən biri də İran qazının Ermənistana göndərilməsinin qarşısının alınması idi”.
Politolqun sözlərinə görə, planın ikinci hissəsində Azərbaycanla münasibətlərdə daha çox dini amillərin qızışdırılması yer alır:
“Son zamanlar bunun müəyyən təzahürləri özünü büruzə verir. Bəzi islam təşkilatları iğtişaşlar törətməyə belə cəhd göstərdilər. Hətta ayətullardan biri islam təşkilatının nümayəndəsini Tehranda qəbul etdi. Düzdür, Tehranla Bakı arasında da ticarət əlaqələri var, ancaq İran Azərbaycanda dini baxışların yayılmasında israrlıdır. Bu isə çox təhlükəli bir tendensiyadır. Tehran çox riskli oyunlar oynamaqda davam edir”.
Q. Hüseynli bidirib ki, İran üzərindən sanksiyaların qalxması fonunda Cənubi Qafqaz uğrunda rəqabət kəskinləşəcək:
“İran heç vaxt Rusiyanı üstələyə bilməyəcək. Bu rəqabət fonunda, əksinə, Rusiyanın təsiri güclənəcək və Rusiya meyilli qüvvələrin sayı artacaq. Üstəlik, ola bilsin, Rusiyanın Cənubi Qafqazda baza xarakterli yeni istinad nöqtələri də yaransın”.
Short URL: http://www.cumhuriyyet.net/?p=38769