İŞİD-ə qarşı genişmiqyaslı əməliyyat başladı
İraq kürd muxtariyyətinin Peşmərgə gücü Mosul vilayətinin Sincar mahalını İŞİD-dən azad etmək üçün genişmiqyaslı əməliyyata başlayıb.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, əməliyyata 7500 peşmərgə qatılıb.
Koalisiya güclərinə aid döyüş təyyarələri də havadan əməliyyata dəstək verir. Əməliyyat çərçivəsində İŞİD döyüşçülərinin olduğu mahal mərkəzi havadan və qurudan bombalanır.
Kürd muxtariyyətinin lideri Məsud Bərzaninin xarici əlaqələr üzrə müşaviri Hemin Havrami əməliyyatın birbaşa Bərzaninin rəhbərliyi ilə aparıldığını açıqlayıb.
Mosul şəhərindən 120 kilometr qərbdə yerləşən Sincar mahalı 3 avqust 2014-cü ildə İŞİD-in əlinə keçib. Mahaldakı minlərlə yezidi kürdü evlərini tərk edərək Sincar dağına sığınıb. Daha sonra kürd güclərinin açdığı təhlükəsizlik dəhlizi ilə onlar azad edilib. Sincar dağı İŞİD-dən azad edilsə də, mahalın mərkəzi hələ də İŞİD-in nəzarətindədir.
Short URL: http://www.cumhuriyyet.net/?p=38863