Türkiyə niyə rus təyyarəsini vurdu? – “Təyyarə olayı”nın arxa planı

25.11.2015 - 00:09

rrTürk F-16-larının vurduğu rus təyyarəsinin pilotlarından biri Bayır-bucaq türklərinin əlinə keçib. Strateq.az-ın məlumatına görə, Rusiya tərəfi hələ bu məlumatı təsdiqləməsə də, S-24 təyyarəsinin iki pilotunun heç birindən xəbər alınmadığını etiraf edib. Ankaranın iddialarına əsasən, Türkiyə sərhədlərini dəfələrlə pozan rus təyyarəsinə 5 dəqiqə ərzində 10 dəfə xəbərdarlıq edilsə də, pilotların buna əhəmiyyət verməməsi bu cür ağır sonluqla nəticələnib. Qeyd edək ki, ruslar bundan əvvəl də Türkiyə hava sərhədlərini pozmuş və Ankara NATO-nu müzakirəyə çağırmışdı. Moskva həmin vaxt sərhəd pozulmasının “texniki xəta” olduğunu bildirmişdi. Bu ilk insidentdən sonra döyüşə hazır vəziyyətə gətirilən Türk hərbi qüvvələri eyni hadisənin təkrarlanacağı təqdirdə, təyyarələrə atəş açacağına eyham vurmuşdu. Görünür, Türkiyənin xəbərdarlıqları qulaq ardına vuran Rusiya təyyarələrinə bu cür “qulaqburması” verməkdən başqa çarəsi qalmayıb.

Sözsüz ki, Türkiyənin bu addımı olduqca risklidir. Qardaş ölkənin özü də zaman-zaman nəzarətsiz qalan Suriya torpaqlarına girmək məcburiyyətində qalır. Mümkündür ki, Rusiya da müttəfiqinin hava sərhədlərinin pozulmasını əsas gətirib, türk təyyarələrini vursun. Bu isə adı qoyulmamış yeni rus-türk müharibəsinin başlanması deməkdir

Əlbəttə, Ankaranın bu qədər riskli addım atmasının səbəbləri var və bu, təkcə rus təyyarəsinin onun hava sahəsini pozmasıyla da bağlı deyil. Suriya-Rusiya-İran koalisiyasının Türkmən dağında apardığı hərbi əməliyyatlar qardaş ölkəni istənilən risklərə getməyə vadar edir.

Türkiyə sərhədlərinin 5 km-liyində yerləşən Türkmən dağının alınması Suriyada yaşanacaq hadisələrin Ankaranın tam nəzarətindən çıxması deməkdir. İstər Rusiya, istərsə də Suriya bu bölgəni ələ keçirdikdən sonra tamamilə kürd separatçılarına ötürə bilərlər. Nəticədə Türkiyənin sərhədlərində onun torpaq bütünlüyünü təhdid edən kürd dövləti yaranar.

Sual ortaya çıxır: Suriya niyə öz torpaqlarında başqa bir dövlətin qurulmasında və dolayısıyla özünün parçalanmasında bu qədər maraqlıdır? Niyə Rusiya və İran da bunu istəyir?

Bəşər Əsədin bu yaxınlarda bir Çin televiziyasına verdiyi müsahibə yuxarıdakı suala ən dolğun cavabı verir. Müsahibəsində Suriya diktatoru İŞİD və bənzər terror təşkilatlarının əsasən Türkiyədən qidalandıqlarını etiraf etmişdi. Onun sözlərinə görə, maliyyəsi Qətər və Səudiyyə Ərəbistanı tərəfindən verilən İŞİD-in əsas təchizatı Türkiyə vasitəsilə həyata keçirilir. Ankara həm İŞİD legionerlərinin Suriyaya transferində, həm də onların silahla təmin olunmasında mühüm rol oynayır.

İŞİD-in həm canlı qüvvə, həm də silahla təchizat marşrutu isə məhz bu gün döyüşlərin getdiyi ərazilərdir. Rusiyanın rəhbərliyi altında Əsəd koalisiyasının hərbi əməliyyatlara məhz bu ərazilərdən başlanmasının altında yatan hikmət də sözügedən müsahibədə vurğulanan bəzi məqamlarla bağlıdır. Görünür, Əsəd koalisiyası İŞİD-lə mübarizəyə başlamazdan əvvəl onun təchizat marşrutunu bağlamaq istəyir.

Əslində İŞİD-ə qarşı effektli mübarizənin başqa yolu da yoxdur. Bu marşrut bağlanmasa, nə qədər itki verməsinə baxmayaraq, “xilafət”çilərin kökünü kəsmək mümkün olmayacaq. Nəzərə alsaq ki, “xilafət” silahlılarına ən azı 100 ölkədən qoşulan radikal müsəlmanlar var, öldürülən hər İŞİD-çinin yerini doldurmaq anti-Bəşər qüvvələr üçün o qədər də çətin olmaz.

İranın da Suriyada maraqları anlaşılandır. Əvvəla, İran Suriyaya özünün cəbhə xətti kimi baxır və bunu heç gizlətmir də. Dəfələrlə rəsmi Tehran tərəfindən dilə gətirilən bu etiraf Suriyadan sonra növbənin özünə çata biləcəyi əndişəsindən doğur. Öz ərazisində təkbaşına böyük qüvvələrə qarşı vuruşmaqdansa, rəqibləriylə Suriyada hesablaşmaq daha rasional bir addımdır. Ən azı ona görə ki, bu zaman İranın arxasında həm də güclü müttəfiqləri dayanacaq.

İkinicisi, İran öz rəsmi ideologiyasını dünyaya yaymaq missiyasını qarşısına məqsəd kimi qoyan bir dövlətdir. Şiə dünyasının liderliyinə iddia edən bir dövlətin əlini daş altına qoymaqdan başqa çarəsi yoxdur. Əks halda liderlik iddialarından geri çəkilməlidir ki, bu da rəsmi Tehranın mövcudluq nəzəriyyəsinin çökməsi mənasına gəlir.

Ən başlıcası isə, İran Yaxın Şərqdə güclənməklə özünə qarşı 30 ildən artıqdır tətbiq edilən sanksiyaları aradan qaldırmağa çalışır ki, buna da böyük ölçüdə nail olub. O, indi də sanksiyalar nəticəsində əldən çıxartdığı bazarları geri qaytarmalıdır. Həmin bazarları isə Səudiyyə Ərəbistanı çoxdan əlinə keçirib. Rəsmi Riyadla hər baxımdan düşmən vəziyyətdə olan İranın onunla hesablaşması şərtə çevrilib. Üstəlik, Suriyada və İraqda əldə edilən nailiyyətlər onun körfəz ölkələrinə də nəzarətini təmin edə bilər ki, bu da İranın regional və hətta böyük dövlətə çevrilməsi deməkdir.

Döyüşlərin gərginləşdiyi Suriyanın qərb əraziləri Rusiya üçün də olduqca strateji əhəmiyyət daşıyır. Dünya hegemoniyasında öz sözünü deməyə çalışan Rusiyanın Aralıq dənizindəki yeganə hərbi bazası bu coğrafiyada yerləşir. Tartus limanının beş addımlığında yerləşən həmin ərazilərdə məskunlaşan əl-Nusra cəbhəsinin silahlıları zaman-zaman Lazkiyə vilayətini mühasirəyə alır, az qala, onu ələ keçirəcək qədər irəliyə gedirlər. Lazkiyənin əldən çıxması isə Tartus limanının da itirilməsi deməkdir.

Digər tərəfdən, dünyanın ən böyük neft və qaz istehsalçısı olan Rusiyaya qarşı həyata keçirilən embarqoları önləməyin ən gözəl yolu da Suriyaya nəzarət etmək imkanıyla bağlıdır. Avropaya qaz nəqlində inhisarı əlində saxlamaq istəyən Moskvanın bu niyyətinin qarşısını ancaq körfəz ölkələrinin qaz potensialıyla almaq mümkündür. Prinsipcə, ABŞ rəsmiləri də elə bir niyyətdə olduqlarını gizlətmirlər. Dünyanın ən böyük qaz yataqlarına sahib olan Qətər qazını Aralıq dənizinə, yaxud Türkiyəyə, dolayısıyla Avropaya çıxaran ən qısa yol isə Suriyadan keçir. Bu marşruta gələcəkdə Səudiyyə Ərəbistanının da qazının əlavə edilə biləcəyini düşünsək, bu iki dövlətin və Türkiyənin Suriyada nə axtardıqlarını anlamaq çətin deyil.

Təbii ki, bütün hadisələrin özünə qarşı cərəyan etdiyini görən rus siyasi iradəsi də ABŞ və bəzi regional dövlətlər tərəfindən oynanan bu oyunu pozmağa çalışır.

Görünən budur ki, iqtisadi və geopolitik maraqların çarpışdığı Yaxın Şərqdə artıq böyük güclər ön plana çıxır və aralarındakı münasibətlərə aydınıq gətirirlər. Türkiyənin rus təyyarəsini vurması bu mənada mübarizənin yeni mərhələsinə keçiddir.

Heydər Oğuz, Strateq.az

Short URL: http://www.cumhuriyyet.net/?p=40896

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31