Jirinovskidən şok etiraf: “Öcalanla görüşdə…” – Video
Su-24 təyyarəsinin Türkiyə tərəfindən vurulmasından sonra Moskva ilə Ankaranın münasibətləri gərginləşib. Rusiya liderləri ilə yanaşı, politoloqlar, jurnalistlər və müxalif siyasətçilər də Ankara əleyhinə fəaliyyətə başlayıblar. Ankaraya qarşı son günlər ən sərt çıxışları hər zamankı kimi Vladimir Jirinovski edir. Jirinovski artıq qırmızı xətti də keçərək, Moskvadan Türkiyəni ermənilər və kürdlər arasında bölməsini istəyib.
Axar.az bu mövzunun aktuallığını nəzərə alaraq Jirinovskinin 13 il öncə verdiyi müsahibədə səsləndirdiyi fikirləri yenidən ictimaiyyətə təqdim edir. Siyasətçi müsahibədə Öcalanla görüşdüyünü və onun Moskvaya gəlməsinə yardım etdiyini bildirib:
“Öcalan Moskvaya gəldiyinə görə mənə yaxındır. Biz çox danışdıq və müəyyən məsələlərlə bağlı müzakirələr apardıq. Onun bizim ölkəyə qarşı münasibəti çox yaxşıdır. O, türk dilində danışırdı. Mən türkoloq olduğuma və Türkiyəni öyrəndiyimə görə, buradakı kürdlər mənə daha yaxındır. İkinci yerdə isə İraq kürdləri dayanır. Mən dəfələrlə İraqda olub, kürd problemi ilə bağlı məsələlərdə iştirak etmişəm. İraq hamıdan yaxşı bu problemi həll edib. Kürdlərin ən güclü hərbi qanadı Türkiyə istiqamətindədir. PKK-nın Türkiyədə hərbi bölmələri var və onlar artıq uzun illərdir ki, müstəqillik uğrunda mübarizə aparırlar. İran, İraq və Suriya kürdləri isə mübarizəni daha çox mənəvi-psixoloji formada davam etdirirlər. Türkiyə kürdlərinin təşkilatları və liderləri kifayət qədər güclüdür. Onlar uğurlar əldə edirlər. Kürdlər bizə də kömək edə bilərdilər. Öcalan mənə demişdi ki, Moskva heç olmasa ona sığınacaq versəydi, o, Bakı-Ceyhanın Türkiyə ərazisindən keçməyinə maneə yaradacaqdı. Bu isə bizim üçün böyük pullar demək idi. O zaman Primakov təəssüf ki, Öcalanın ölkədən çıxarılması ilə bağlı qərar qəbul etdi. Sonra da o, Türkiyə xüsusi xidmət orqanları tərəfindən yaxalandı və məhkəməyə verildi. SSRİ-nin kürdlərə yatırımı tamamilə doğru idi. Çünki Türkiyə həmişə bizim Yaxın Şərq və Qafqazda düşmənimiz olmuşdu”.
Çılğın siyasətçinin sözlərinə görə, Moskva Öcalanı satmaqla ABŞ və İsrailə böyük köməklik edib:
“Öcalan Suriyanın şimalında yaşayırdı. Türklər isə Suriyanı Öcalanı təhvil verməyəcəkləri təqdirdə bombardman etməklə hədələyirdilər. Öcalan daha sonra Yunanıstana gəlir və burada bizim səfirliyə Rusiyaya gəlmək üçün müraciət edir. Onun həmyerliləri olan kürdlər mənə kömək üçün müraciət etdilər. Biz Afinadakı Rusiya səfirliyinin ona viza verməsi üçün yardım etdik. O, Moskvaya gələndən sonra biz bir neçə dəfə görüşdük. Öcalan əvvəlcə bir neçə gün Moskvada, daha sonra Podmoskovyada yaşadı. Bundan sonra isə xüsusi xidmət orqanları ondan ölkəni tərk etməsini tələb etdilər. O, Rusiya üçün təhlükəli deyildi. O vaxtlar Primakov Öcalana münasibətdə ABŞ-ın mövqeyini müdafiə etməsəydi, Öcalan bizə də kömək edə bilərdi. Həmin dövrdə Bağdadla problem yaranmamışdı. ABŞ-a Türkiyənin şərqində sabit şərait sərfəli idi. Bununla da Türkiyənin ABŞ və İsrail üçün loyal müttəfiq kimi qalmasına şərait yaranırdı. Belə çıxır ki, biz Türkiyə, ABŞ və İsrailə kömək elədik, amma özümüz uduzduq”.
Qeyd edək ki, Abdullah Öcalan 1978-ci ildə PKK terror təşkilatını yaradıb. O indiyə qədər on minlərlə insanın ölümündə təqsirkar bilinir. Öcalanın yaratdığı təşkilat SSRİ ilə yanaşı müəyyən dövrlərdə Suriya, Yunanıstan, İsrail və İrandan da dəstək alıb. PKK lideri 1999-cu ildə Keniyada həbs edilib. O, əvvəlcə edam cəzasına məhkum edilsə də, sonradan bundan imtina edilib.
Short URL: http://www.cumhuriyyet.net/?p=42014