NATO hərəkətə keçdi: Türkiyə üçün təyyarə və hərbi gəmilər göndərdi – VİDEO
Şimali Atlantika İttifaqı (NATO) Türkiyənin təhlükəsizliyinin qorunması üçün Aralıq dənizinə təyyarələr və döyüş gəmiləri göndəriləcək.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq deyib.
Hərbi alyansın rəhbəri həmçinin Aralıq dənizinə göndəriləcək təyyarələr və döyüş gəmilərinin Türkiyə tərəfindən vurulan rus təyyarəsi ilə bağlı olmadığını bildirib. Baş katib NATO-nun Türkiyəyə dəstək verdiyini və Türkiyənin müdafiə ilə bağlı planlarının olduğunu söyləyib.
Ötən illərdə Türkiyədə “Patriot” hava hücumundan müdafiə sistemlərinin yerləşdirildiyini xatırladan Yens Stoltenberq dəstəyin bundan sonra da davam etdiriləcəyini vurğulayıb. O, Türkiyədə hələ də İspaniyaya aid “Patriot”lar və Amerika döyüş təyyarələrinin olduğunu qeyd edib.
Stoltenberq Rusiya-Türkiyə gərginliyinin azaldılması çağırışını təkrarlayıb.
Rusiyanın Suriyaya S-400 zenit-raket sistemlərini göndərməsinə toxunan NATO-nun baş katibinin sözlərinə görə, Rusiyanın Şərqi Aralıq dənizində hərbi hərəkətləri başqa hərbi güclərin yaxınlaşmasına mane olmaq məqsədi daşıyır.
“NATO-nu hərəkətə gətirən səbəblərdən biri də budur. İttifaqın Şərq sərhədlərində hərbi gücümüzü buna görə artırırıq. Rusiyaya qarşı hərbi gücümüzü gücləndirməkdə davam edirik”, – Yens Stoltenberq deyib.
Short URL: http://www.cumhuriyyet.net/?p=42466