Azərbaycan Türkiyəni necə xilas edə bilər? – Böyük qaz PLANI
Türkiyə və Rusiya arasındakı siyasi gərginlik hər gün başqa yön alır. Məlum olduğu kimi, Rusiya hökuməti Türkiyəyə qarşı iqtisadi sanksiyaları artıq rəsmiləşdirib. Rəsmi Ankara da cavabsız qalmayaraq Rusiya ilə iqtisadi əlaqələrə yönəlik bir sıra qərarlar verib.
Onu da bildirək ki, Türkiyə ilə Rusiyanın qarşılıqlı ticarət dövriyyəsinin əsas hissəsini enerjidaşıyıcıları təşkil edir. 2014-cü ildə Rusiya Türkiyəyə 24,8 mlrd. dollarlıq mal və xammal ixrac edib, Türkiyədən 6,6 mlrd. dollarlıq mal alıb. Rusiya ixracının 64,2%-ni və ya 15,9 mlrd. dollarlıq hissəsini ENERJİDAŞIYICILARI – xam neft, neft məhsulları və təbii qaz təşkil edib. Təkcə qazın payı 10 mlrd. dollara yaxındır. İndi isə sual doğuran əsas məsələ Rusiyanın öz qazını Türkiyə bazarına ixracını məhdudlaşdırıb-məhdudlaşdırmayacağıdır.
Neft Araşdırmaları Mərkəzinin Publika.az-a vəziyyəti şərh edən rəhbəri İlham Şaban bildirib ki, Rusiya qazının payı 2014-cü ildə Türkiyə bazarında 56% çıvarında olub: “Ötən il “Gazprom Export” şirkəti Türkiyəyə 2 istiqamət üzrə 27,3 mlrd. kubmetr qaz ixrac edib. Ancaq bu ilin 9 ayında bu rəqəm bir qədər azalaraq 54% ətrafında qərarlaşıb”.
O ki qaldı Rusiyanın öz qazının Türkiyə bazarına ixracını məhdudlaşdırıb-məhdudlaşdırmayacağına, İ.Şaban deyir ki, belə bir addım gəliri əsasən xammaldan formalaşan Rusiya üçün daha ağır fəsadlara gətirib çıxarar: “İkincisi, “Gazprom Export” şirkətinin gəlirlərinin hazırda 20%-ə yaxını Türkiyə bazarı hesabına formalaşır. Bundan imtina etmək və ya belə gəlirləri məhdudlaşdırmaq yaxın gələcəkdə Rusiya qaz monopoliyasının özü üçün böyük maliyyə riskləri ilə üzləşmək deməkdir. Ancaq Türkiyə hökuməti artıq Rusiyadan enerji asılılığını azaltmaq haqda bəyanatlar səsləndirir və bunları heç də siyasi xarakterli saymaq olmaz. Ona görə ki, həmin bəyanatlar, əslində, bu gün yaranmış siyasi vəziyyətlə həmahəng səslənsə də, yaxın və orta perspektivə hesablanmış bir mesajlardır. Onlar heç də populist xarakterli çıxışlar deyil, reallığa əsaslanan fikirlərdir”.
“Türkiyə qaza olan tələbatını Azərbaycanın hesabına hansı səviyyədə ödəyə bilər” sualına cavab verən ekspert deyir ki, hazırda “Şahdəniz-1” layihəsi çərçivəsində Türkiyənin daxili bazarına təqribən 5,7-5,8 mlrd. kubmetr Azərbaycan qazı daxil olur: “Gömrük statistikasında bu rəqəmlərdə müəyyən fərqlər ola bilər, çünki Bakı-Tbilisi-Ceyhan boru kəmərinin nasos stansiyaları üçün də ildə təqribən 250-300 mln. kubmetr təbii qaz alınır, ancaq bu qaz sərhədi keçsə də, yerli bazara daxil olmur, “BTC Co.”-nun sərəncamında qalır. Gələn ildən başlayaraq “Şahdəniz-1” layihəsi çərçivəsində Türkiyəyə verilən qazı 6,5 mlrd. kubmetrə qədər artırmaq olar. Bunun üçün konsorsiumun imkanları var. Azərbaycanın əsas ixrac qaz TANAP kəməri qrafikə uyğun olaraq Türkiyə ərazisində 2018-ci ilin iyununda istismara hazır olmalıdır. Ancaq TANAP Gürcüstan-Türkiyə sərhədindən Türkiyə-Yunanıstan sərhədinə qədər inşa edilməyəcək. Onun ilk etapı Türkiyənin qərbində olan Əskişəhər yaşayış məntəqəsində dayancaq. TANAP-ın ümumi uzunluğu 1800 kilometrdir, Əskişəhərə qədər olan hissə isə 1350 km-dir. Bunun səbəbi odur ki, Azərbaycan qazını Avropaya daşıyacaq TAP kəməri rəsmi Bakıdan asılı olmayan səbəblərdən 2020-ci ilin IV rübündə istifadəyə verilməlidir. Ona görə də TANAP-ın son hissəsinin vaxtından əvvəl tikilməsinə də ehtiyac duyulmur.
“Şahdəniz-2” müqaviləsinin şərtlərinə görə, Türkiyə bu layihədən ildə 6 mlrd. kubmetr qaz ala bilər öz ehtiyacları üçün. Ancaq “Şahdəniz-2” layihəsi çərçivəsində hasilat infrastrukturu elə 2018-ci ilin ortasında tam hazır vəziyyətdə olmalıdır və ilk hasilat vaxtı dəyişməyib. Yəni, Türkiyə TANAP vasitəsilə 2018-ci ilin ikinci yarısından başlayaraq həm özü üçün nəzərdə tutulmuş həcmləri, həm də əlavə həcmləri qəbul edə bilər. Bu, konsorsium iştirakçıları üçün də əlverişli olardı. Çünki onlar nə qədər tez və nə qədər çox qaz satışına başlasalar, bir o qədər də tez öz kapitallarının geri qayıtmasını (çəkdikləri xərcin ödənməsini) təmin etmiş olarlar”.
O ki qaldı TAP işə düşdükdən sonra Türkiyənin vəziyyətinin necə olacağına, mütəxəssis deyir ki, burada artıq elə bir ciddi problem yaşanmayacaq: “Çünki Türkiyə tərəfinin özünün də proqnoz etdiyi kimi, 2019-2020-ci illərə Şimali İraqdan təbii qaz idxalı məsələsi həllini tapmalıdır. Bu məsələdə İraq Kürdüstanı Muxtariyyatı rəhbərliyi də maraqlı olduğunu bəyan edib və indiyə qədər işlənilməyən qaz ehtiyatlarının ilk olaraq məhz Türkiyə bazarına çıxarılmasının iqtisadi səmərəsindən danışıb. Əvvəla, buradakı qaz yataqlarının işlənməsi üçün böyük kapital qoyuluşu tələb edilmir, bir çoxu səmt qazıdır və neft quyuları üzərində sadəcə, yandırılır. İkincisi, Türkiyəyə çəkiləcək qaz kəməri də kapitalyönümlü layihələr sırasında deyil və ildə 10 milyard kubmetr qazın ixracı real məsələdir. Məhz bu həcm qaz da “Şahdəniz-2” layihəsindən 2021-ci ildən Türkiyə bazarından çıxarılıb Avropaya yönəldilərdi və onun yerini İraq qazı tuta bilərdi.
Nəticə etibarilə Türkiyə 4-5 il sonra özünün qaz bazarının asılılığını kifayət qədər Rusiyadan azaltmağa nail olmaq imkanı əldə edər və onun indiki 55% səviyyəsini 33%-dən çox etməzdi. Bu isə Türkiyənin enerji təhlükəsizliyi yönümündə atmış olduğu böyük bir addım olardı”.
Short URL: http://www.cumhuriyyet.net/?p=42817