İranda səssiz inqilab
İranda səssiz inqilab böyük ölçüdə tamamlandı. Ölkədə keçirilən son seçkilərin bu gün açıqlanan nəticələri belə düşünməyə əsas verir. Seçkilərin nəticələrinə görə, islahatçılar mühafizəkarları xeyli üstələyiblər.
Onların ən ciddi qələbəsi isə bu zamana qədər ən mühafizəkar mövqeyi ilə seçilən Üləmalar Məclisi seçkilərində qeydə alınıb. Məlumata görə, 88 məclis üzvündən 52-si bundan sonra islahatçıları təmsil edəcək. Yeni üləmalar arasında ölkənin ən ciddi islahatçı siyasi xadimləri yer alacaq. İndiki və sabiq prezidentlər – Ruhani, Rəfsancani və Xatəmi də bunlar arasındadır.
Üləmalar Məclisində əldə edilən bu qələbənin çox mühüm əhəmiyyəti var. Üzvləri 8 ildən bir seçilən bu qurumun ölkənin siyasi idarəetməsində çəkisi həm parlamentdən daha üstündür, həm də İranın əsas siyasi iradəsi hesab olunan ali dini lideri seçmək səlahiyyəti bu quruma aiddir. İndiki ali dini liderin səhhətində yaranan problemlər yaxın dövrlərdə İranın öz yeni dini liderini müəyyənləşdirmək məcburiyyətində qalacağı ehtimalından xəbər verir. Üləmalar Məclisinin indiki tərkibində islahatçıların üstünlük təşkil etməsi yeni liderin də kimliyini müəyyənləşdirəcək. Bu isə İranda 3 ilə yaxındır ki, prezident kürsüsündə əyləşən, amma heç bir mühüm qərarlara imza ata bilməyən Ruhaninin timsalında islahatçı qanadın əlinin güclənməsi deməkdir.
İndiki prezidentin hakimiyyətə gələrkən verdiyi vədləri həyata keçirə bilməməsinin əsas səbəbi dini liderin səlahiyyətləri ilə bağlıdır. İran qanunvericiliyinə görə, istər prezidentin, istərsə də parlamentin qəbul etdiyi qərarlara dini liderin veto qoymaq hüququ var. Rəhbərin islami ehkamlara zidd olduğuna dair fitva verəcəyi təqdirdə, çıxarılan qərarlar qanuni qüvvəyə minmirlər. Mühafizəkar rəhbər Seyid Əli Xamenei isə bu hüququndan tez-tez istifadə edərək, bütün islahatların yolunu kəsirdi. Görünən budur ki, yaxın gələcəkdə islahatçıların qarşısında bu problem də qalmayacaq, həyatla vidalaşması gözlənilən Xameneinin yerinə seçiləcək təzə rəhbər ən böyük maneələri aradan qaldıracaq.
Son seçkilərdə parlamentin tərkibi tam müəyyənləşməsə də, ortaya çıxan ilkin məlumatlarda islahatçılarla mühafizəkarlar say etibarilə, hələ ki, bir-birinə yaxın görünürlər. 220 millət vəkili müəyyənləşən parlamentin tam tərkibi isə seçkilərin ikinci turundan sonra bəlli olacaq. 70 yer uğrunda 140 namizədin yarışacağı ikinci tur aprel ayında keçiriləcək.
Ekspertlərin təxminlərinə görə, prezidenti islahatçı olan İranın Üləmalar Məclisində də bu qanadın qazandığı qələbə ikinci turun nəticələrinə ciddi təsir göstərə bilər. Belə ki, bu qələbə sevinci həm mühafizəkar seçicilərin yarış həvəsini öldürəcək, qarşı tərəfi isə seçkilərdə daha aktiv rol almağa həvəsləndirəcək, həm də bitərəflərin islahatçı qanada meyllənməsinin önünü açacaq.
Beləcə, iki aydan sonra İran ali hakimiyyət orqanının 3 qanadının islahatçıların əlinə keçməsi ehtimalı çox yüksəkdir. Dolayısıyla, islahatlara başlamamaq üçün heç bir səbəb qalmayacaq. İranda son akkordları çalınan səssiz inqilabın qlobal siyasətə də mühüm təsirlərinin olacağı gözlənilir. Böyük ehtimalla, Rusiya ən güclü müttəfiqlərindən birini də itirmiş olacaq… (Strateq.az)
Short URL: http://www.cumhuriyyet.net/?p=56121