“Kremlin oyuncağı” və ya Ramzan Kadırovun ilginc həyat hekayəsi…
02.03.2016 - 20:27

“Çeçenistanın rəhbəri vəzifəsində mənim vaxtım başa çatıb. Ölkə rəhbərliyi bu vəzifəyə başqa adam tapmalıdır”. Bunu bir neçə gün öncə Çeçenistanın rəhbəri Ramzan Kadırov özü bildirib. Əslində R.Kadırov dünya miqyasında belə təvazökar açıqlama verən azsaylı ölkə başçılarındandır. Amma onun bu “təvazökarlığı” nə ölkəsində, nə də dünyada səmimi qəbul olunur. Buna səbəb isə onun keçdiyi həyat və siyasət yoludur. Dünya siyasət arenasında daim tənqid olunan, “atasının qatilinə itaət edən” şəxs kimi tanınan R.Kadırovun son açıqlaması isə kifayət qədər diqqət çəkirdi.
O, etiraf edib ki, bu günə qədər onda hər şey alınırdı: “İstəmirəm ki, adımı xalqıma qarşı istifadə etsinlər. Buna görə dövlət mənim yerimə başqasını tapmalıdır. Mənim vaxtım keçdi. Bizim komandamızda məni əvəzləyə biləcək kifayət qədər istedadlı adam var. Hər şeyin bir həddi var. Bu, Kadırov üçün bir həddir”.
RAMZAN DEYİB KEÇMƏYİN, ELMLƏR DOKTORUDUR
Maraqlıdır, “bu həddə” çatana qədər Kadırov hansı yolu keçib? Siyasət dünyasında addımlarını necə atıb, hansı qurbanlar verib? Öncə tərcümeyi halı barədə. Ramzan Əhməd oğlu Kadırov 1976-cı il oktyabrın 5-də keçmiş SSRİ-nin Çeçen-İnquş Muxtar Respublikasının Kurçaloy rayonunun Çentaroy kəndində anadan olub. R. Kadırov “Vahid Rusiya” Partiyasının Ali Şurasının üzvü və 2004-cü ildən Rusiya Federasiyasının Milli Qəhrəmanıdır.
Onun atası, keçmiş müfti Əhməd Əbdülhəmid oğlu Kadırov 2000-ci ildən Çeçenistana rəhbərlik edib. Lakin 2004-cü il mayın 9-da paytaxt Qroznı şəhərində Qələbə Günü münasibətilə keçirilən tədbir zamanı törədilən terror aktı nəticəsində dünyasını dəyişib. 2007-ci ilin oktyabrında keçirilən seçkilərdə oğul-Kadırov 80,84 % səslə prezident seçilib.
R.Kadırov 2004-cü ildə Mahaçqala Hüquq və Biznes Universitetinin hüquqşünaslıq fakültəsini bitirib. Həm də Rusiya Dövlət Qulluğu Akademiyasında mühazirələrdə iştirak edib. Bundan əlavə o, iqtisad elmləri doktorudur.
“KREMLİN OYUNCAĞI”NDAN XALQI İNCİTMƏ TAKTİKASI…
R.Kadırov Çeçenistan Respublikasının ikinci dövlət başçısı Alu Alkhanovun ölümündən sonra Vladimir Putinin dəstəyi ilə Çeçenistan Respublikası dövlət başçısı olub. Tarixi faktlar göstərir ki, onun atası Əhməd Kadırov ilə ruslara qarşı göstərdiyi ciddi müqavimətlə tanınıb. Daha doğrusu, birinci rus-çeçen müharibəsində ruslara ciddi müqavimət göstərdiyi halda, ikinci müharibədə onların yanında iştirak edib.
Kadırovu dünya mediası hər zaman “Rusiyanın kuklası” olaraq təqdim edib. Onun siyasi hakimiyyəti tək-partiya diktatorluğu adı ilə təqdim olunur. Çeçenistanın abadlığı üçün çalışacağı vədini versə də, mediada onun tez-tez çeçen müqaviətçilər və ailələrinə qarşı işgəncə hekayələri yer alıb.
Bir neçə ay öncə Kadırov hakimiyyətinə qarşı çıxan bir çeçen qadının “sındırılma” əməliyyatı ilə bağlı canlı yayımdakı süjet heç kimin yadından çıxmayıb. 2015-ci ilin dekabrında bir çeçen kəndində sosial işçi kimi çalışan Ayşat İnayeva elektrik, su və qaza olan borclarını ödəyərkən qəzəblənib (maaşdan çıxılır) və müdirəsinin onun maaşından “gələcək kommunal xərclər üçün” 3000 rubl tutması barədə Whatsaap-da danışmışdı. Whatsaap vasitəsilə yayılmış iki dəqiqəlik audioyazıda o, 39 yaşlı çeçen lideri Ramzan Kadırovu ittiham etmişdi.
“Siz bizdən nə istəyirsiniz? Axı siz bizə imkan vermirsiniz maaşımızı adam kimi evə aparıb çıxaraq. Təkcə siz yemək yeyə bilərsiniz? Təkcə siz içə bilərsiniz? Təkcə sizin yaşamaq haqqınız var?” – deyə o, çeçen dilində Kadırova müraciət etmişdi.
İkicə gündən sonra qaraqabaq İnayevanı dövlət televiziyası göstərirdi. Ona, guya “padşaha” birbaşa müraciət etmək imkanı verilmişdi. Çeçenlər “açıq dialoq” formatında Kadlrovun yanında bu sözü tez-tez işlədirmişlər.
Kadrlarda açıq-aşkar pərt görünən həyat yoldaşı ilə yanaşı oturmuş İnayeva parlamentin spikeri, prezident admiistrasiyasının rəhbəri və özünün müdirəsinin yanında öz sözlərini geri götürür.
Ayşat İnayevanın həyat yoldaşı Maqomed İdiqov da kamera qarşısında üzr istəyərək deyib ki, arvadına göz qoymadığına və ona belə bir yalanı yaymağa imkan verdiyinə görə özünü qınayır.
“Mən bilmirəm bu nə şeytandır onun içinə girib. Bizim insanlarımız xaricdə olanlara qulaq asıb bizim Çeçenistanımıza və padşaha belə qara yaxırlar”, – deyə o, əlavə edib.
200 MİN AVROLUQ SAAT, 500 MİN AVROLUQ ƏRƏB ATI…
Kadırovun fəaliyyəti sırasında onun Qroznı şəhərində 20, 30 və 40 mərtəbəli binaların tikintisinə başlaması xüsusi yer alır. Üstəgəl, bu, onun hakimiyyətə gəlişinin ikinci ilində baş verib. 2008-ci ildə Çeçenistanın paytaxtı Qroznıya Türkiyədən gələn ustalara Qafqazın ən böyük məscidi olan və Sultanəhməd Məscidinin bir kopiyası olan Kadırov məscidində inşa etdirib.
Kadırov barədə dünya mediasında ən çox müzakirəyə çıxarılan məsələ isə heç şübhəsiz ki, onun lüksə olan düşkünlüyüdür. Çeçenistan başçısının qolunda 200 min avro dəyərində «Bovet Fleurier» markalı saatının olması ciddi fakt kimi qeyd olunur. Bundan başqa, maşın kolleksiyası, 500 min avroluq ərəb atı da bu lükslərin sırasında yer alır.
“PUTİNİ O QƏDƏR ÇOX SEVİRƏM Kİ…” DEMƏKDƏN DƏ UTANMAYIB
Kadırov hər zaman Rusiya prezidenti Vladimir Putin haqda yüksək fikirdə olub və bunu müsahibələrində israrla bildirib: “İstərdim ki, Putin ömrünün sonuna qədər prezident olsun. Onu o qədər güclü şəkildə çox sevirəm ki, ancaq kişi kişini bu qədər çox istəyə bilər. O, sözünün sahibidir, Çeçenistana sülh gətirib və Çeçenistanın xilaskarıdır, Çeçenistanda müharibəni qızışdırmış Yeltsin isə alkoqolik idi”.
Kadırov hesab edir ki, Putini tənqid edənlər adam deyil: “Onlar mənim şəxsi düşmənlərtimdir. Nə qədər ki, Putinin kölgəsi mənim üstümdədir, mən hər şey edə bilərəm. Allahu Əkbər!”
Kadırov Çeçenistan üçün müstəqillik sorağında olmadığını da bildirib:“Moskvadan yeganə xahişim budur ki, banditlərə qarşı mübarizə aparmağa imkan versin. Onlar İslamın və insanın düşmənidirlər. Onlara qalib gəlib müharibəni bitirmək istəyirəm”.
Maraqlı budur ki, Kadırov da bütpərəst president kimi tanınır. Çünki ölkənin demək olar ki, hər yerində onun və atasının portretləri yer alır. Qərb mediası Çeçenistanda Kadırovun səltənətinin qurulduğunu yazır və bunu Quzey Koreyadakı idarəçiliklə müqayisə edir.
5 UŞAQ ATASI, NÜMUNƏVİ ƏR, YOXSA…?
Kadırovun özəl həyatına gəlincə… Evlidir və beş övladı var. Həyat yoldaşı Mədinə Musa qızı Aydəmirova 1978-ci ildə anadan olub. Sentroy şəhər sakini olan birinci xanım evdar qadındır. M.Aydəmirova Ramzan Kadırovla orta məktəbdə birgə oxuyub. Orta məktəbdən Mədinəni sevən Ramzan sonradan onunla ailə həyatı qurub.
Onların nikahından 6 uşaq dünyaya gəlib. Qızları Ayşat, Karina, Xedi, Təbərik, oğulları Əhməd və Adəm. Babası Əhməd Kadırovun adını daşıyan nəvə 2005-ci ildə anadan olub. Onun dünyaya gəlişi Çeçenistanda böük atəşfəşanlıqa qeyd edilib. O zaman körpənin doğluduğu çərşənbə axşamı qeyri-iş günü elan edilmişdi.
Ramazan Kadırovun həyat yoldaşı bütün prezidentlərin həyat yoldaşı kimi xeyriyyəçiliklə məşğul olur, xəstəxanalar və sığınacaqlara baş çəkir.
Amma onun şəxsi həyatında da qalmaqallar az olmayıb. Məsələn, 2007-ci ildə Ramzan Kadırov Afrikanın ekzotik ölkəsi – Keniyanın gözəllik kraliçasına onun həyat yoldaşlarından biri olmasını təklif edib.
O, təklifini hədiyyə ilə – şəxsi həyətindən iki at, iki çolpa və keçi ilə qüvvətləndirib. Bu haqda Böyük Britaniyanın « Daily Telegraph» qəzeti zamanında yazmışdı. Keniyalı namizəd Kerolayn Verkeyk təklifdən təəccüblənsə də, o, bunu büruzə verməyib. Azacıq heyrətlənən gözəl Kadırovu qucaqlayıb və bir ildən sonra cavab verməyi vəd edib.
R.Kadırov özü isə mediaya açıqlamasında zaman-zaman bildirib ki, müsəlman adətlərinə görə, dörd arvad ala bilər, amma bunu etmir. Bununla belə, mediaya açıqlamalarından birində həyat yoldaşını zarafatla da olsa, hədələyib.
“Əgər bizim süfrəmizə yerli məhsullardan başqa bir şey qoysa, onu boşayacam”. Təbii ki, bu, bir zarafat olub.
Sevinc TELMANQIZI, Musavat.com
Short URL: http://www.cumhuriyyet.net/?p=56308