Ərdoğan: “Rusiya bunu necə izah edəcək?”
Rusiyanın hər dəvətə “hə” demək məcburiyyəti yoxdur. Əgər razılıq vermisinizsə, deməli, siz də dəvət edənlə eyni düşüncəyə sahibsiniz.
Axar.az xəbər verir ki, bu sözləri Afrika səfərindən qayıdan zaman jurnalistlərə açıqlamasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O, Rusiyanın “Türkiyə sərhədlərindən Suriyaya silah keçirilir”, iddiasına cavab verib:
“Bu, doğru deyil. Rusiya bu iddialar yerinə, Suriyaya göndərdiyi silahların hesabını versin. Özü də bunlar uzaq mənzilli və müasir silahlardır. Rusiya hazırda Tartus limanındakı mövqeyini gücləndirir. Latakiyanın şimalında isə hava limanı qurdular və orada 50 rus qırıcısı yerləşdirilib. Xüsusilə dördü son dərəcə müasir qırıcıdır. Rusiya bunu necə izah edəcək? Bəşər Əsədin dəvəti ilə? Rusiyanın hər dəvətə “hə” demək məcburiyyəti yoxdur. Əgər razılıq vermisinizsə, deməli, siz də dəvət edənlə eyni düşüncəyə sahibsiniz. İnsanların öldürülməsi sizin də işinizə yarayır! Bu gün Suriyada atəşkəs adlı bir şey yoxdur. Ölkənin üçdə birində atəşkəs havası var, lakin ölümlər artaraq davam edir”.
Qeyd edək ki, Rusiya rəsmiləri bir neçə gün öncə Suriyadakı terror təşkilatlarına Türkiyə sərhədindən humanitar yardım adı ilə silahların göndərildiyini açıqlayıblar.
Short URL: http://www.cumhuriyyet.net/?p=56567