ABŞ prezidentliyinə namizəd Donald Tramp Emin Ağalarovun klipinə çəkilibmiş – VİDEO
Bugünkü praymerizdəki qələbəsi ilə Respublikaçılar Partiyasından prezidentliyə əsas namizədə çevrilən Donald Tramp hələ 2013-cü ildə azərbaycanlı iş adamı və müğənni Emin Ağalarovun klipində çəkilibmiş.
Modern.az xəbər verir ki, həmin il müəlliflik hüquqları Donald Trampa məxsus olan Dünya Gözəllik yarışması (Miss Universe 2013) Moskva yaxınlığındakı Krasnoqorsk şəhərində baş tutmuşdu.
Yarışmanın keçirildiyi məkan kimi isə Emin Ağalaraovun atası Araz Ağalarova məxsus “Krokus Siti Holl” seçilmişdi.
Gözəllik yarışmasının keçirilməsində təşkilati dəstək göstərməklə yanaşı, Emin Ağalarov öz “İn Another Life” (“Başqa həyatda”) klipinin çəkilişlərində yarışmaya qatılmış dünya gözəllərini və hətta milyarder Donald Trampın şəxsən iştirakını təmin edə bilmişdi.
“İn Another Life” klipində ssenariyə uyğun olaraq şirkətin iclasında xəyallar aləminə dalmış müğənni dünya gözəllərinin çevrəsində təsvir edilir.
Klipin sonunda isə xəyallar aləmindən ayılan Emin iclasda olduğunu anlayır və məhz bu məqamda Donald Tramp meydana çıxır. Ssenariyə görə, şirkətin prezidenti olan Tramp “Emin ayıl, sənə nə olub?!” deyə onun iclas vaxtı fikrinin başqa yerdə olmasına acıqlanır və öz məşhur “Sən qovuldun!” (“You are fired!”) ifadəsini işlədərək, müğənnini “cəzalandırır”.
Məhz bu məqamda klip sona çatır.
Short URL: http://www.cumhuriyyet.net/?p=57917