“Suriyada kürd muxtariyyətinin yaradılmasına qarşıyıq” – Dövlət Departamenti
Dövlət Departamentinin mətbuat katibi Mark Toner bəyan edib ki, Vaşinqton Türkiyənin narahatçılığını başa düşür və Suriya ərazisində kürd muxtariyyətinin yaradılmasını dəstəkləmir.
Avropa.info xəbər verir ki, Toner gündəlik brifinqdə verdiyi açıqlamada general Cozef Votelin Suriyaya səfərinin nəticələrini şərh edərkən bu sözləri deyib. O, qeyd edib ki, ABŞ Türkiyə ilə əməkdaşlığı nəzərə alaraq, məsələ ilə bağlı mövqeyini kürdlərə aydın şəkildə çatdırıb.
Toner deyib ki, PYG İŞİD-dən aldığı torpaqları yerli hakimiyyət orqanlarına verməli və vətəndaşların evlərinə qayıtmasını təmin etməlidir.
PKK-nın Suriyadakı siyasi qolu PYD haqda münasibət bildirən Toner bildirib ki, ABŞ bu təşkilatla rabitə saxlasa da, bu o demək deyil ki, onların tələblərinə müsbət yanaşır.
Rusiyanın Suriyadakı fəaliyyəti barədə suala cavab verən Departament rəsmisi deyib ki, ABŞ-ın Rusiya ilə Suriyada birgə hava əməliyyatları keçirmək kimi razılaşması yoxdur.
Short URL: http://www.cumhuriyyet.net/?p=64928