Mark Zukerberqin “Twitter”i sındırılıb
Facebook sosial şəbəkəsinin yaradıcısı Mark Zukerberqin Twitter və Pinterest hesabları haker hücumuna məruz qalıb. ANS PRESS-in məlumatına görə, hücuma görə məsuliyyəti “Ourmine” haker qrupu öz üzərinə götürüb. Hakerlər bəyan ediblər ki, onlar həmçinin Zukerberqin İnstagram və Linkedİn səhifələrini də sındırıblar.
Hakerlərin sözlərinə görə, onlar Zukerberqin təhlükəsizlik sistemini yoxlayıblar və Facebook banisini onlarla əlaqə yaratmağa çağırıblar.
2012-ci ildən bəri yenilənməyən Zukerberqin Twitter səhifəsində olan 1-2 status da silinib.
Zukerberqin Pinterest səhifəsində isə “Ourmine qrupu tərəfindən sındırılıb” sözləri yazılıb.
Eyni zamanda Zukerberqin İnstagram səhifəsində sındırılma izləri yoxdur. İnstagram Facebook-a məxsusdur. Burada Zukerberq 30 şəkil dərc edib.
Ekspertlərin zənnincə, Zukerberqin hesablarının sındırılması 2012-ci ildə Linkedİn şəbəkəsindən parolların sızması ilə bağlıdır.
Short URL: http://www.cumhuriyyet.net/?p=66196