Putinin hərbi blokunda aprel döyüşləri müzakirə olundu
Qarabağ münaqişəsi ətrafında vəziyyətin sabitləşməsində Rusiya əhəmiyyətli rol oynadı. Ermənistan Təhlükəsizlik Şurasının sədri belə deyib. ANS PRESS-in məlumatına görə, şuranın rəhbəri Armen Qevorkyan İrəvanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Təhlükəsizlik Şurasının rəhbərlərinin iclasında çıxış edərkən deyib ki, aprel ayında Qarabağ münaqişəsi zonasında vəziyyət əhəmiyyətli dərəcədə kəskinləşmişdi.
“Amma vəziyyət nəzarət altına alındı. Burada Rusiyanın səyləri əhəmiyyətlidir”.
ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri İqor Popov da ötən gün verdiyi açıqlamasında Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycana və Ermənistana yardım etmək Rusiyanın xarici siyasətinin əsas prioritetləri sırasına daxil olduğunu deyib. O deyib ki, Rusiya ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi bu sahədə fəal işlər görməyə çalışır.
Bundan əvvəl Ermənistan prezidenti Serj Sarkisyan da apreldə həyata keçirilən əməliyyatların dayandırılmasında Rusiyanın əhəmiyyətli rol oynadığını demişdi. Ermənistan prezidenti Avrasiya İttifaqının Astana iclasında Dağlıq Qarabağdan danışarkən bildirmişdi ki, Ermənistan Dağlıq Qarabağ münaqişəsi ətrafında baş verənləri sakit izləyə bilmir.
“Əlbəttə ki, döyüşlərdən sonra Qarabağın “özünümüdafiə” dəstələri öz sıralarını bərpa etdi. Burada Rusiyanın rolu çox əhəmiyyətli oldu”, – deyə Ermənistan prezidenti bildirib.
Sarkisyan deyib ki, rəsmi İrəvan münaqişənin sülh yolu ilə həlli üçün variantlar axtarışındadır. ”
Amma aprel ayında baş verən hadisələr Avrasiya İttifaqının sərhədlərinin təhlükəsizliyi üçün bir çağırış idi. Avrasiya İttifaqının gələcəyə iki yolu var: ya iqtisadi sabitlik, təhlükəsiz zonaya çevrilmək, ya da gərginliyin və düşmənçilin daimi mərkəzinə çevrilmək”.
Short URL: http://www.cumhuriyyet.net/?p=66576