Rusiya-Türkiyə barışığı Qarabağı azad edə bilər?
Rusiyanın “Su-24” qırıcısının vurulmasından yeddi ay sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyadan baş verənlərə görə üzrxahlıq etdi. ANS PRESS-in məlumatına görə, Rusiya prezidenti Vladimir Putinə göndərilən məkubun mətni yayıldıqdan sonra açıqlama verən Türkiyənin baş naziri Binali Yıldırım isə əvvəlcə Rusiya təzminat ödənilə biləcəyini də istisna etmədi, sonra isə təzminatdan söhbət getmədiyini dedi.
Bununla da Türkiyə Rusiyanın tələb etdiyi şərtləri yerinə yetirmiş olur. Əlbəttə ki, Avrasiyanın ən qədim tarixə malik olan iki dövlətinin soyuq münasibətləri regionun digər ölkələrinə də təsirsiz ötüşmürdü.
İki lider dövlətin münasibətlərini yenidən bərpası nə vəd edir?
Adıçəkilən dövlətlərin rolunu nəzərə alsaq, onların soyuq münasibətinin regiona mənfi təsirlərinin olduğunu da görmək elə də çətin deyil. Məhz bu səbəbdən bir çox ölkələr Rusiya-Türkiyə münasibətlərinin nomallaşması üçün səylərini əsirgəməyiblər. Xüsusilə onların strateji tərəfdaşı və müttəfiqi olan Azərbaycan. Hər iki ölkə ilə geniş siyasi və iqtisadi bağlarımız var. Ona görə də Azərbaycanda münasibətlərin yaxşılaşdırılması üçün vasitəçilik təklif etmişdi.
Bunu Türkiyənin baş naziri Binali Yıldırım özü də bu gün etiraf etdi. O, yaxınlaşmada əməyi keçənlərə, o cümlədən Azərbaycana xüsusi təşəkkürünü çatdırdı.
Rusiya və Türkiyə arasında münasibətlərin korlanması təmas xəttində baş verən hadisələr zamanı da özünü açıq aşkar biruzə verdi. Çünki aprel ayında təmas xəttində baş verən toqquşmalara görə Rusiya və Türkiyə bir-birini günahlandırmağa üstünlük verdi.
Rusiya Türkiyəni Azərbaycanı müharibəyə təhrik etməkdə, Türkiyə isə Rusiyanı Ermənistan dəstək verməkdə günahlandırırdı.
Hazırda isə Azərbaycan üçün əsas sual budur – iki böyük dövlətin yenidən dostlaşması Dağlıq Qarabağ münaqişəsinin həllinə təsir edə bilərmi?
Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli ANS PRESS-ə açıqlamasında bildirib ki, Rusiya və Türkiyə arasında münasibətlərin yaxşılaşması bölgədəki gərginliyi azaldacaq.
“Gərginliyin azalması Dağlıq Qarabağ münaqişəsinə də prinsipial olmasada müəyyən təsirini göstərəcək. Danışıqlar zamanı qarşıdurma və qərəzli yanaşmalar müəyyən qədər səngiyəcək. Münaqişənin həllində Rusiyanın mövqeyini biraz da olsa yumşaltmaq mümkün olacaq”.
Amma politoloq deyir ki, Rusiyanın münaqişənin həllində Azərbaycana konkret güzəştlər etməsi real görünmür.
“Rusiya Türkiyə ilə münasibətləri yaxşılaşdırsa belə Dağlıq Qarabağ münaqişəsi ətrafında “status-kvo”nu saxlamaqda maraqlıdır. Amma hazırda münaqişənin həlli ilə bağlı prosesə Almaniya qoşulur. Türkiyə daxil olmaqla digər aparıcı dövlətlər də Dağlıq Qarabağ münaqişəsinin həllində əsas rolu Rusiyaya vermək niyətində deyillər”, – deyə siyasi şərhçi bildirib.
Keçmiş səfir, politoloq Fikrət Sadıqov da ANS PRESS-ə açıqlamasında ermənilərin Rusiya və Türkiyə arasında baş verən gərginliklərdə öz xeyirləri üçün istifadə etməsindən danışıb.
O bildirib ki, ermənilər Rusiya və digər ölkələrdə Türkiyənin əleyhinə kampaniyalar həyata keçirməyə çalışdılar.
“İki ölkə arasında münasibətlərin yaxşılaşması ermənilərin Türkiyə əleyhinə kampaniyalarını azalda bilər. Türkiyəyə qarşı atılan hər hansı mənfi addım Azərbaycan üçün də xoşagələn deyil. Əlbəttə ki, Ankara və Moskvanın dostlaşması erməniləri məyus edir”.
Türkiyə bir gün ərzində iki uğura imza atdı. Çünki həm İsraillə, həm də Rusiya ilə arasındakı buzları əritdi.
Yəqin ki, bu uğurların arxası gələcək. Türkiyənin sabiq baş naziri Əhməd Davudoğlu postuna seçildiyi vaxt “qonşularla sıfır problem” siyasəti həyata keçirəcəyini bəyan etmişdi.
Amma Türkiyənin hələ Misir, Suriya, İraq, İran, Almaniya kimi dövlətlərlə və həmçinin Avropa Birliyi ilə həll edilməmiş problemləri qalmaqdadır.
Short URL: http://www.cumhuriyyet.net/?p=68323