Dünyanın böhrandan çıxış yolu: ABŞ-Rusiya anlaşması?
22.11.2016 - 00:05
Amerika Birləşmiş Ştatlarının (ABŞ) yeni seçilən prezidentindən neftlə bağlı da gözləntilər var. Ekspertlər Donald Trampın prezidentliyi dövründə ABŞ-Rusiya münasibətlərinin yaxşılaşacağı halda, neftin qiymətlərinin hansı həddə olacağını müzakirə edirlər. Yəni ABŞ Rusiya ilə anlaşsa, dünya iqtisadi böhrandan xilas ola bilərmi? Ən əsası, dünya bazarında neftin qiyməti bahalaşa bilərmi? Rəyini öyrəndiyimiz ekspertlər bu məsələdə elə də nikbin deyillər.
Ekspert Natiq Cəfərli məsələ ilə bağlı musavat.com-a açıqlamasında bildirib ki, Rusiya və Amerika arasında problemlər qısa müddətdə həll oluna bilməz: “Bu iki ölkə arasında problemlər o qədər dərindir ki, bunların qısa müddətdə düzələcəyini gözləmək sadəlövhlük olardı. Söhbət tək iqtisadi, siyasi problemlərdən yox, həm də ciddi rəqabətdən gedir. Çox qısa zamanda bütün problemlərlə bağlı uzlaşma əldə olunması və münasibətlərin tamamilə yeni mərhələyə, daha yaxşı mərhələyə keçməsini gözləmək lazım deyil. Təbii ki, həm Trampın komandası tərəfindən, həm də Rusiya prezidenti tərəfindən ilkin pozitiv mesajlar verilib. Bildirilib ki, münasibətlərin düzəlməsi üçün müəyyən addımlar atılacaq. Amma bununla da paralel olaraq, həm Avropa Birliyi ölkələri, həm də Amerika Rusiyaya tətbiq olunmuş sanksiyaları uzatması haqqında artıq qərar da verib. Barak Obama ilə Avropa Birliyi ölkələrinin liderlərinin son görüşündə bununla bağlı qərar verildi. Çox güman ki, Trampın andiçmə mərasiminə qədər olan müddətdə sanksiyalar yenə də artırılacaq. Ən azı, sanksiyalar bir il uzadılacaq . Ona görə çox qısa zamanda müəyyən effekt verəcəyinə inanmıram. Neftin qiymətlərinə gəldiksə isə, tam əksini düşünürəm. Çünki Trampın iqtisadi proqramına diqqətlə nəzər salsaq, orada neft sənayesi ilə bağlı çox ciddi güzəştlər və neft istehsalının kəskin şəkildə artırılmasını nəzərdə tutan maddələr, müddəalar var. Neft sənayesinə vergi güzəştlərini tətbiq etməyi düşünür. Neftin hasilatı üçün demokratların hakimiyyəti dövründə qoyulmuş bəzi məhdudiyyətlər və qadağaları aradan qaldırmağı düşünür. Konqresdə də, Senatda respublikaçıların üstünlüyünü nəzərə alsaq, belə də olacaq. Çünki tək prezident Amerikada heç nəyi həll etmir. Bütün qaydalar və qanunlar Konqresdən və Senatdan keçməlidir. Burada respublikaçıların çoxluq təşkil etdiyini nəzərə alsaq, düşünürəm ki, çox yaxın zamanlarda neft hasilatına qoyulan məhdudiyyətlər aradan qaldırılacaq. Çünki Trampın iqtisadi proqramının əsas müddəalarından biri Amerikanın neft idxalından asılılığını tamamilə aradan qaldırmaq müddəasıdır”.
Ekspertin sözlərinə görə, Amerikanın gündəlik neftə olan tələbatı təqribən 15 milyon barelə qədərdir: “Bu gün Amerika 9 milyon barelə qədər gündəlik neft hasil edir. Deməli təqribən 4-5 milyon barel hasilatın yaxın gələcəkdə artırılması nəzərdə tutulub. Təbii olaraq, neft hasilatı artdıqca, neftin ən böyük alıcılarından biri olan Amerikanın dünya bazarından çəkilməsi, öz daxili resursları hesabına bu tələbini təmin etməsi neftin qiymətini daha da ucuzlaşdıra bilər. Ona görə də Rusiya ilə Amerika arasında görünən qədər sadə deyil vəziyyət. Çünki Konqresdə və Senatda da çoxluq təşkil edən respublikaçıların bir çoxu Rusiya ilə daha kəskin münasibətlərin olması haqqında dəfələrlə çıxış ediblər. Bu Trampın yeni komandasından da çox şey asılı olacaq. İlkin açıqlanan adların hamısında Rusiyaya qarşı daha sərt mövqedə olan insanların adı hallanır. Ona görə də çox tezliklə münasibətlərin kəskin yaxşılaşmasını gözləmək sadəlövhlükdür, bu, olmayacaq. Amma neftin qiymətlərinə gəldikdə, mənim gözləntim ucuzlaşmadır. Trampın hakimiyyəti dövründə və verdiyi qərarlar nəticəsində neftin qiymətinin daha da ucuzlaşması prosesinin şahidi ola bilərik”.
Ekspert Natiq Miri isə musavat.com-a deyib ki, neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi siyasi bir alət olaraq ortalığa atılıb: “Təbii ki, həm də avtoritar rejimlərə, Rusiya kimi rejimlərə qarşı tətbiq olunmaq üçün ortalığa atılıb. Məsələnin nə qədər iqtisadi-maliyyə tərəfi varsa, bir o qədər də siyasi tərəfi var. Ona görə də düşünürəm ki, əgər Rusiya ilə ABŞ gələcəkdə bir çox məsələlərdə, geosiyasi məsələlərdə anlaşa bilsələr, təbii ki, bu, siyasi alətlərin tətbiq olunması ilə bağlı olacaq. Bu kontekstdə neft siyasəti üzərində qurulan Rusiya iqtisadiyyatı yenidən dirçəlməyə başlayacaq və Rusiyanın əli-qolu açılacaq. Bu kontekstdə təbii ki, bir çox neft ölkələri də yenidən iqtisadiyyatını inkişaf etdirmək imkanı əldə edəcək. Ona görə düşünürəm ki, Rusiya-ABŞ yaxınlaşması bir çox regional savaşların aradan qaldırılmasına və yeni məzmunlu iqtisadi inkişafa gətirə bilər. Ona görə düşünürəm ki, ABŞ-Rusiya yaxınlaşmasını o qədər də xəfif qəbul etmək lazım deyil. Bu, qlobal səviyyədə bir anlaşma və razılaşma olar ki, həm iqtisadi krizisin, həm də bir çox savaşların aradan qaldırılmasına xidmət edə bilər. Ona görə düşünürəm ki, bu anlaşma çox strateji bir anlaşma kimi dəyərləndirilməlidir”.
Röya RƏFİYEVA
Short URL: http://www.cumhuriyyet.net/?p=82553