Tramp dövrü nə vəd edir? Barış və müəyyənlik, yoxsa…(təhlil)

14.01.2017 - 19:55
Seçki ilə bağlı ən son akkordlar…
Əslində biz hər bir ilə yekun vurarkən özümüzdən də asılı olmadan növbəti il üçün də proqnoz xarakterli fikirlər səsləndiririk. Amma bəzən bunları daha ətraflı etmək lazım gəlir, çünki il ildən fərqlənir, üstəlik elə siyasi proseslər baş verir ki, onlar nəinki bir il üçün, axtarsan, bütöv bir dövr üçün də əlamətdar olmağı vəd edir…
Bu baxımdan yanaşanda biz istəsək də, istəməsək də, qlobal miqyasda bütün dünya proseslərinə ciddi şəkildə təsir edə biləcək bir məsələ vardır. O da təbii ki, ABŞ-ın yeni hakimiyyətinin siyasi kursunun nəhayət ki, bəlli konturlar almasıdır…
D.Trampın andiçmə mərasiminə çox az, sayılı günlər qalıb. Artıq B.Obamanın vida müraciəti də olub. Amma nə qədər qəribə olsa da prezident seçkisilə bağlı qalmaqallı bəyanatlar hələ bitib-tükənmir.
Rusiyanın bu ölkədəki seçkilərə müdaxiləsi, “kiber-hücumlar” haqqında söhbətlər, hətta bu yönümlü araşdırmalar səngimək bilmir. Hətta D.Trampın gələcəkdə də Rusiyadan aslı olacağı və V.Putinin onu şantaj edəcəyi haqda söhbətlər gəzir…
Üstəlik, elə bil hakimiyyətdən getmək ərəfəsində B.Obama D.Trampa daha ağır bir miras qoyub getmək, Amerika siyasətini maksimum dərəcədə özünün bu vaxta qədər apardığı siyasi kursa proyeksiya etmək istəyir. Sanki Obama bununla Trampdan həm öz partiyasının seçkidəki məğlubiyyətinin əvəzini çıxmağa çalışır, həm də ki, ABŞ siyasətini elə bir vəziyyətə gətirmək istəyir ki, Trampın onun kursunu dəyişmək imkanları tamam məhdud olsun…
Axtaranda məntiq tapmaq olur…
D.Tramp haqqında isə o qədər deyilir, o qədər yazılır ki, bunların sayını bir az da artırmaq səmərəsiz məşğuliyyət olardı. Amma nə deyirsiniz -deyin, mən onun bəyanatlarında aşkar bir məntiq sezməyə başlamışam. Bəli, o məntiqi sadəcə, görmək istəmək lazımdır…
Ona görə də düşünürəm ki, 2017-ci ilin barış və müəyyənlik ili olmasının ehtimalı daha böyükdür, nəinki qarşıdurma və xaos ili olması ehtimalı…
Məsələn, D.Tramp ilk ABŞ  prezidentidir ki, ardıcıl olaraq BMT-ni tənqid edir və onu səmərəsiz quruma çevrilməkdə suçlayır. Məgər haqlı deyilmi? Məgər illərlə digər dövlətlər də imkan düşəndə bunu demirdimi? Məgər biz azərbaycanlılar özümüz də artıq 25 ildir bunları dilə gətirmirikmi?…
Картинки по запросу Donald Trump criticizes UN
Və yaxud da bu adam NATO-nu, xüsusən də Qərbi Avropa ölkələrini tənqid edir. Haqlı deyilmi? İndi Avropa ölkələri İkinci Dünya Savaşından sonrakı ölkələr deyillər və onlar da razılaşmalıdırlar ki, təhlükəsiz həyat üçün də yaxşı pul xərcləmək lazımdır. Avropa ölkələrinin bəzisi isə hətta “iki faizlik tələb”ə əməl etmək istəmirlər…
Üstəlik, NATO ilə Rusiya arasında son bir-iki ildə formalaşmış kəskin konfrontasiya dünyanı yeni soyuq müharibəyə sürükləmirmi? Mən hələ deyə bilmərəm ki, Tramp Rusiyaya yönəlik necə siyasət yürüdəcək…
Gəl ki, böyük ümid var ki, konfrontasiya aradan qalxacaq. Bu isə Suriyada siyasətin dəyişməsi və hətta ola bilsin, neft böhranının sonu olacaqdır… D.Tramp siyasət adamından daha çox biznes və iş adamıdır. Ona görə də siyasi şablonlara elə də bağlı deyildir.
Bu gün dünya üzrə ümumdaxili məhsulun 22.8 faizi ABŞ-ın, 13.6 faizi Çinin, yalnız 1.74 faizi isə Rusiyanın payına düşür! Belə bir detal Trampın diqqətinin Rusiyadan daha çox Çinə yönəlməsində belə bəlli məntiqin olması qənaətinə gətirmirmi? Təsadüfi deyil ki, nəinki D.Trampın özünün, hətta dövlət katibi vəzifəsinə namizəd R.Tillersonun Çinlə bağlı çıxışları Pekini artıq əməlli-başlı narahat etməyə başlayıb.
Bütün hallarda xarici analitiklər bu fikirdədir ki, ən azı dörd istiqamətdə siyasət dəyişməz qalacaq.
Birincisi, Trampın dövründə də beynəlxalq azad ticarət dəstəklənəcək. İkincisi, Amerika qoşunları yenə də ölkədən xaricdə qalacaq və alyanslar sistemi dəyişməz qalacaq.
Üçüncüsü, 1991-ci ildən sonra bərqərar olmuş geosiyasi status-kvonu heç kim dəyişmək fikrinə düşməyəcəkdir. Və nəhayət, hamı belə hesab edir ki, Rusiya yenə də ABŞ-ın əsas rəqibi kimi qalacaq…
Amma tamamilə mümkündür ki, D.Trampın gəlişilə geosiyasi orientirlər qismən də olsa dəyişmiş olsun. Bu isə böyük boşalma və mülayimləşmə vəd edir. Əsas istiqamətləri dedik. Bunlardan biri bizim üçün xüsusi önəm kəsb etdiyi üçün onu bir daha qeyd edirik. Bu da neft böhranıdır…
Hətta neft məsələsi də həll oluna bilər…
Aydındır ki, bu, stimullaşdırılmış məsələdir. Böyük dövlətlər razılığa gəlsə, onu çözmək mümkün olacaq. İndi dünya dövlətləri arasında bəlli bir iqtisadi differensasiyaya yaranıb. Ölkələr var ki, yüksək texnologiyalara və intensiv iqtisadiyyata malikdirlər. Ölkələr də var ki, yalnız və yalnız təbii resurslarına, əlverişli coğrafiyalarına arxayındırlar.
Sonuncuların da marağı nəzərə alınmalıdır. Belə bir anlaşma isə neftlə bağlı baş verə bilər. Hazırda neft ölkələri böhranlı anlar yaşayırlar və iki böyük dövlət arasındakı konfrontasiya bunun demək olar ki, yeganə bir səbəbidir.
Ona görə də ümidlər böyükdür. Bu aspektdən yanaşanda bu il həqiqətən böyük anlaşma və barış ili ola bilər. Düzdür, bu anlaşmanın başqa tərəfləri də var. Hər şey ondan asılı deyil ki, Tramp Rusiyaya qarşı nə qədər addım atacaqdır, həm də ondan asılıdır ki, Kreml ona tərəf nə qədər irəliləyə biləcəkdir…
Tək Tramp deyil, Putin də geri çəkilməlidir…
V.Putin B.Obamanın bir neçə rus diplomatını ölkədən çıxarmaq qərarının qarşlığını verməyə heç də tələsmədi. Amma bu, hələ hər şey demək deyil. Əsas odur ki, Rusiya öz Ukrayna siyasətində nə qədər geri çəkilə biləcək?..
Lap tutaq ki, D.Tramp Krımın ilhaqı ilə barışdı. Bəs Şərqi Ukrayna? Bəs post-sovet məkanında on illərlə davam edən münaqişələr?.. Rusiya bu istiqamətlərdə geri çəkilməyə hazırdırmı?.. Hiss olunan budur ki, Rusiya dünyada ədalətdən daha çox maraqlar balansına ümid edir, ABŞ-la yeni bölgü yarada biləcəyini, dünyanı bölə biləcəyini zənn edir…
Bütün bunlar isə narahatlıq yaradır. Diqqət çəkən odur ki, D.Trampın çıxış və bəyanatlarında “yırtıcı imperializm”in çalarları duyulmur, daha çox harmonik və balanlaşdırılmış dünya nizamına çağırış duyulur. Amma bunu Rusiya tərəfdən də görməliyik. Görəcəyikmi? Görsək, o halda, ABŞ üçün də addım atmaq asan olacaq…
Demokratiyada geriləmə baş verə bilər…
Təbii ki, çabaların bir predmeti də qlobal demokratiya ilə bağlıdır. ABŞ azad ölkədir və azad ölkə olaraq da qalacaqdır. Amma bu azad ölkənin digər ölkələrdəki azadlıq proseslərinə dəstəyi heç də az əhəmiyyət kəsb etmir.
Bəli, bu istiqamətdə müəyyən problemlər yaşana bilər. Problemi də daha çox qismən azad və yaxud qeyri-azad ölkələrin vətəndaşları yaşaya bilər. Dövlətlərin “maraq”larının nəzərə alınması, onların “daxili işlərinə” qarışmamaq bir çox regionlardakı avtoritar rejimlərin daha çox “çiçəklənmə”sinə səbəb ola bilər.
Bu isə demokratik proseslərin bir az da səngiməsi və hətta arxa plana keçməsinə səbəb ola bilər. Amma nə etmək olar? Görünür, qlobal barış üçün də qurban vermək lazım gəlir…
Tək məchul bir məsələ – Terror…
Ən çətin məsələ isə, bilirsiniz, nədir? Tək bir məsələ ilə bağlı – terrorizmlə bağlı konkret söz demək olmur. Demək olmur ki, bu məsələ necə çözüləcək? Onu heç olmasa, cilovlamaq mümkün olacaqmı? Hələ 11 Sentyabr hadisələri baş verərkən bəlli oldu ki, terror əsas beynəlxalq təhdidlərdən biri kimi gündəmə gəlir və gəldi də…
Amma ötən illər ərzində ona qarşı ciddi beynəlxalq immunitet formalaşmadı və məlum deyil ki, heç olmasa, bundan sonra formalaşa biləcəkmi?..
Məsələ bundadır ki, terror dünyada bir çox neqativ şeylərin təzahürüdür. Bura dünayadakı qlobal sosial-iqtisadi problemlər, bir çox ölkələrdəki kasıblıq və gerilik, ideoloji ixtilaflar, dünyagörüşü və mental fərqlər, siyasi sistem və mənəvi institutlar problemləri aiddir. Ona görə də onu nəzarətə və hədəfə götürmək çətindir…
Məsələ həm də psixoloji bir məsələdir. Terror sanki həm də bir qisas məsələsidir – bu yolla geridə olanlar irəlidəkilərdən acıqlarnı çıxırlar və ən dəhşətlisi odur ki, geridə olanlar geriliklərinin səbəblərini özlərində deyil, daha irəlidəcə olanların, daha firavan həyat yaşayanların məkrli planlarında və “gizli sövdələşmə”lərində görürlər. Bu, bir növ inkişafdan qalan dünyanın inkişaf etmiş dünya ilə müharibəsidir. Ona görə də onun həlli inkişafdan qalan bölgələri də inkişaf etmişlərin səviyyəsinə qaldırmaqdır. Bu isə heç də bir ayın, bir ilin və hətta dörd ilin işi deyildir.
Elə bu səbəbdən dünyanın bir nömrəli dövlət adamının iş başına keçməsilə dünyanın bir nömrəli problemində – terrorla mübarizədə nələrin baş verə biləcəyini deməyə çətinlik çəkirik, çünki çox, olduqca qəliz bir məsələdir…

Short URL: http://www.cumhuriyyet.net/?p=85401

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728